2025-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü təkcə üç ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirmək deyil, eyni zamanda regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyırdı.
Zirvə görüşünün əsas mövzuları təhlükəsizlik, enerji əməkdaşlığı, regional nəqliyyat layihələri və humanitar sahədə birgə təşəbbüslər oldu. Prezident İlham Əliyev çıxışında Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğuladı.
Laçında Zirvə görüşü: Müstəqillik günü və qardaşlıq mesajı
Prezident İlham Əliyev Zirvə görüşünün erməni işğalından azad edilmiş Laçında Azərbaycanın Müstəqillik Günündə keçirilməsini xüsusi vurğuladı: “Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunub sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, 28 May - Müstəqillik Günündə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın suverenliyinin təntənəsi və regionda yeni geosiyasi reallığın rəsmi təsdiqi kimi strateji əhəmiyyət daşıyır.
O, bildirİb ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin 28 May - Müstəqillik Günü münasibətilə Laçında bir araya gəlməsi təkcə simvolik jest deyil, həm də dərin siyasi və geostrateji məna daşıyan hadisədir: “Bu görüşün məhz Laçın şəhərində keçirilməsi bölgənin yeni statusunu və Azərbaycanın tam bərpa olunmuş suverenliyini dünyaya nümayiş etdirmək məqsədi daşıyır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, xüsusilə Laçın dəhlizi ətrafında çağırışlar davam edirdi. 30 illik işğal dövründə və ondan əvvəlki sovet mərhələsində Laçın bölgəsi Ermənistanın separatçı planlarının əsas logistik xəttinə çevrilmişdi. Vətən müharibəsindən sonra - 2021-2023-cü illərdə bu yol hələ də separatçılar üçün gizli dəstək kanalı kimi istifadə olunurdu. Lakin Azərbaycan dövlətinin prinsipial mövqeyi və ardıcıl siyasəti nəticəsində bu cəhdlər iflasa uğradı, Laçın yolu və ətraf ərazilərdə tam suverenlik təmin edildi. Laçın görüşü həm də üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın ortaq maraqlar və təhlükəsizlik gündəliyi əsasında strateji əməkdaşlığını bir daha təsdiqlədi. Şuşa Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi, Pakistanın regional təhlükələrə qarşı çevik və qətiyyətli reaksiyası bu formatı real hərbi-siyasi güc mərkəzinə çevirir. Bu birlik mesaj verir ki, Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş hər hansı təhdid artıq təkcə bir ölkəyə qarşı deyil – bütöv bir ittifaqa qarşı yönəlmiş sayılacaq”.
Politoloq, həmçinin, qeyd edib ki, Laçın Sammiti bölgədə yaranmaqda olan yeni geosiyasi düzənin də bariz nümunəsidir.
“Ənənəvi təhlükəsizlik arxitekturası öz əhəmiyyətini itirərkən, Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələrin birliyi yeni güc balansı formalaşdırır. Bu üçtərəfli əməkdaşlıq yalnız hərbi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, diplomatik və mədəni inteqrasiyanı da təşviq edir. Laçın şəhərində keçirilən bu görüş həm regional sabitliyin, həm də beynəlxalq hüququn və ədalətin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, yalnız birgə foto çəkilişi deyil – bu, yeni dövrün siyasi bəyannaməsi və güc balansının dəqiqləşdirilmiş xəritəsidir”, - deyə Zaur Məmmədov vurğulayıb.
Güclü iqtisadiyyat, ortaq dəyərlər, birgə gələcək
Laçın Sammitinin əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan ortaq dəyərlərə, qarşılıqlı inama və güclü iqtisadi-siyasi potensiala əsaslanaraq strateji tərəfdaşlıqlarını regional sabitlik və inkişaf naminə daha da möhkəmləndirir.
“Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasında bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Üçtərəfli əməkdaşlığımızı daha da irəli aparmaq üçün bu gün əziz qardaşlarımla mühüm mövzularda fikir mübadiləsi aparırıq. Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün qarşıdakı dövrdə xarici işlər nazirlərimiz zəruri işləri həyata keçirəcəklər. Xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar. Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq”.
Türkiyəli siyasi ekspert İsmail Cingöz APA-ya açıqlamasında qeyd edib ki, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş bölgənin gələcəyi baxımından olduqca strateji addımdır: “Bu görüş təkcə Azərbaycan deyil, bütövlükdə Türk və İslam dünyası üçün siyasi, diplomatik və təhlükəsizlik baxımından önəmli mesaj daşıyır. Xüsusilə Laçın kimi simvolik və mübahisəli ərazidə belə bir Zirvə toplantısının təşkili Azərbaycanın ərazi bütövlüyünün artıq mübahisə mövzusu olmadığını göstərir. Bu, həm də regionda yeni güc balansının - Azərbaycan-Türkiyə-Pakistan ittifaqının formalaşdığını nümayiş etdirir. Bu format, gələcəkdə Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitlik, əməkdaşlıq və birgə təhlükəsizlik mexanizmlərinin qurulmasına ciddi töhfələr verəcək”.
Etibarlı tərəfdaşlıq, ortaq məqsədlər
Sammitdə çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif qeyd edib ki, mürəkkəb qlobal şəraitdə Türkiyə və Azərbaycan kimi etibarlı və qardaş ölkələrlə formalaşan üçtərəfli əməkdaşlıq, yalnız sarsılmaz dostluğun göstəricisi deyil, həm də regional sülhə, ədalətə və ortaq inkişaf məqsədlərinə xidmət edən mühüm strateji platformadır: “Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir.”
Pakistanlı geosiyasi analitik Malik Ayub Sumbal APA-ya açıqlmasında qeyd edib ki, liderlərin Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan görüşü təkcə xalqlar arasında mövcud qardaşlığın təntənəsi deyil, eyni zamanda bu üç ölkənin ortaq strateji maraqları əsasında formalaşan yeni geosiyasi ittifaqın təməlini qoyan mühüm siyasi hadisədir.
“Cənubi Qafqazda müharibənin əhatəli təhlili: Tovuzdan Qarabağa” kitabının müəllifi olan Malik Ayub Sumbalın fikrincə, Azərbaycan, Türkiyə və Pakistan arasında dərinləşən strateji əməkdaşlıq, xüsusilə Laçında keçirilən üçtərəfli görüş fonunda bölgədə kollektiv müdafiə və siyasi həmrəyliyə əsaslanan yeni bir geosiyasi ittifaqın formalaşmaqda olduğunu göstərir: “Azərbaycan, Pakistan və Türkiyə arasında yeni üçtərəfli ittifaqın formalaşdırılması istiqamətində atılan addımlar regional və beynəlxalq səviyyədə strateji dinamikanı dəyişdirə biləcək mühüm geosiyasi hadisədir. Genişlənən əməkdaşlıq yaxın gələcəkdə Birgə Müdafiə Paktının imzalanması ilə nəticələnə bilər ki, bu da üç ölkənin təhlükəsizlik arxitekturasını daha da möhkəmləndirəcək və bölgədə kollektiv müdafiə sisteminin əsaslarını formalaşdıracaq. Bu ittifaqın əsasında yalnız dövlətlərarası münasibətlər deyil, xalqlar arasında mövcud olan sarsılmaz qardaşlıq və qarşılıqlı inam dayanır. Azərbaycan, Türkiyə və Pakistan xalqları arasında tarixi, mədəni və mənəvi bağlar dövlət sərhədlərini aşan həmrəylik nümunəsi ortaya qoyur. Bu münasibətlər sabit şəkildə davam edir və qarşılıqlı dəstəyə əsaslanır. Laçında keçirilən üçtərəfli konfrans bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Qarabağın işğaldan azad edilməsinin rəmzi olan Laçın şəhəri bu cür yüksək səviyyəli görüşün keçirilməsi üçün təsadüfən seçilməyib. Laçın həm də gələcəkdə regional ticarət və kommunikasiya arteriyası olan qovşaqda yerləşir. Məhz bu səbəbdən konfransın məkanı təkcə simvolik deyil, eyni zamanda strateji baxımdan da böyük önəm daşıyır və bu bölgənin geosiyasi statusunun dəyişdiyini dünyaya göstərir. Bu formatda əməkdaşlığın institusional əsasda davam etdirilməsi regional təhlükəsizliyin və sabitliyin təmin olunmasına, eyni zamanda yeni geosiyasi bloklaşmanın təməlini qoymağa yönəlmiş ciddi strateji təşəbbüs kimi qiymətləndirilə bilər”.
Yeni geosiyasi və geohərbi konfiqurasiya
Laçın Sammitində Pakistanla Hindistan arasında baş vermis sonuncu gərginlikdən söz açan Şahbaz Şərif rəsmi İslamabadın haqq mövqeyini dəstəklədiyi üçün Azərbaycan və Türkiyəyə təşəkkürünü bildirib. “Səmimi-qəlbdən Pakistana sonuncu münaqişədə göstərilən dəstəyə görə təşəkkür edirəm. Bu, açıq-aydın Hindistanın bizə qarşı hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda, əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənim tərəfimdən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik”.
Pakistanlı geosiyasi analitik Sumbal bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın strateji həmrəyliyi bölgədə ədalətə əsaslanan yeni geosiyasi güc mərkəzinin formalaşdığını göstərir: “Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan strateji ittifaq və qarşılıqlı etimada əsaslanan münasibətlər regional güc balansında mühüm rol oynayan sabit və ardıcıl siyasi xəttin təzahürüdür. Bu çərçivədə Hindistan və Pakistan arasında baş vermiş son hərbi-siyasi gərginlik fonunda Azərbaycan və Türkiyənin Pakistana göstərdiyi dəstək, sadəcə, diplomatik jest deyil, həm də ortaq maraqlara, təhlükəsizlik prioritetlərinə və beynəlxalq hüququn müdafiəsinə əsaslanan siyasi mövqedir. Üç ölkə arasında formalaşmış bu strateji həmrəylik, yalnız regional sabitliyin deyil, həm də beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin qorunmasının önəmli dayağı kimi çıxış edir. Azərbaycanın və Türkiyənin bu məsələdə nümayiş etdirdiyi mövqe, həm də geosiyasi baxımdan yeni güc mərkəzinin formalaşmaqda olduğunu göstərir”.
Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə görüşündə qeyd edib ki, rəsmi Bakı Pakistanla həmrəylik göstərir, Hindistanla gərginliyin sülh yolu və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir: “Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik”.
Politoloq Zaur Məmmədov Azərbaycanla Pakistan arasında münasibətlərin təkcə diplomatik müstəvidə deyil, həm də strateji və hərbi əməkdaşlıq səviyyəsində yüksək dinamikaya malik olduğunu vurğulayıb: “Hindistan tərəfindən edilən qəfil hücumlara, təxribatlara Pakistanın verdiyi adekvat cavab, Hindistan ordusuna vurduğu ciddi zərbə beynəlxalq ictimaiyyətin diqqətindən yayınmadı. Bu hadisələr bir daha göstərdi ki, Pakistan Silahlı Qüvvələri həm say, həm də texniki baxımdan regionun ən güclü ordularından biridir. Azərbaycan isə bu məsələdə qardaş Pakistana tam dəstək nümayiş etdirərək, beynəlxalq platformalarda da İslamabadın haqlı mövqeyini müdafiə edir. Azərbaycanın Kəşmir məsələsində Pakistana verdiyi siyasi və mənəvi dəstək, eyni zamanda Pakistanın Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etməsi bu iki ölkə arasında sarsılmaz qardaşlıq bağlarının təzahürüdür. Laçında keçirilən son üçtərəfli Zirvə görüşü isə, bölgədə artıq yeni geosiyasi və geohərbi konfiqurasiyanın formalaşdığını göstərir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zirvə görüşündə Pakistanla Hindistan arasında baş verən gərginliyə toxundu, qarşıdurmanın atəşkəslə nəticələnməsindən məmnunluğunu ifadə etdi: “Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. Türkiyə bu yolda üzərinə düşən hər cür töhfəni verməyə hazırdır”.
Türkiyəli siyasi ekspert İsmail Cingöz bildirib ki, Hindistan və Pakistan arasında son gərginlik fonunda Türkiyənin Pakistana verdiyi dəstək bir daha bu iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmliyini ortaya qoyur: “Hindistanın Ermənistanı silahlandırması və regionda aqressiv siyasət yürütməsi təkcə Pakistana deyil, onun strateji tərəfdaşlarına da təhdid kimi qiymətləndirilir. Bu baxımdan, Türkiyə açıq şəkildə Pakistana siyasi dəstək nümayiş etdirərək regionda balansın qorunmasına töhfə verib. Laçın görüşündə də bu həmrəylik bir daha təsdiqini əksini tapdı. Türkiyə, Pakistan və Azərbaycan birgə mesaj verərək, regional təhlükəsizlik üçün birlik və əməkdaşlığın vacibliyini dünyaya çatdırdı”.