Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru İbrahim Cəfərov giriş sözü ilə açaraq bildirib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi. Fəaliyyət göstərdiyi cəmi iyirmi üç ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin diplomatik müstəvidə milli maraqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında əsaslı rol oynad. İbrahim Cəfərov XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyini, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübut etdiyini vurğulayıb.
Tədbirdə İnstitutun şöbə müdiri Qabil Bayramov “Müstəqilliyimizə gedən yol”, elmi katib Məryəm Bağırova “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, şöbə müdiri Gülcamal Ələsgərova “Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolu”, Xəyalə Abbasova “28 May -müstəqilliyimizin sarsılmaz təməlidir” mövzusunda məruzələri dinlənilib.
Çıxışlarda AXC-nin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərə nəzər salınıb, həmçinin cümhuriyyət qurucularının sonrakı taleyi haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır.