Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib. ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, iclasda respublikada və dünyada baş verən ictimai-siyasi məsələlər müzakirə edilib və Müstəqillik Günü ilə əlaqədar Bəyanat qəbul olunub.
Bəyanatda deyilir:
- 1917-ci ildə Rusiya imperiyasında monarxiyaya son qoyan inqilabdan istifadə edən xalqımız Rəsulzadənin liderliyi ilə müstəqil dövlətimizin yaradıldığını elan etdi. Mürəkkəb tarixi şəraitdə müsəlman Şərqində ilk dünyəvi, demokratik, qadınlara siyasi hüquqlar tanıyan respublikamız yaradıldı. Ana dilimiz dövlət dili elan olundu. Bakı türk qardaşlarımızın köməyi ilə azad olundu və paytaxt Gəncədən Bakıya köçürüldü. Dövlət atributlarımız yaradıldı.114 min kv.km-lik ərazisi ilə tarixə düşən dövlətimiz iki ildən sonra yenidən sovet Rusiyası tərəfindən hakimiyyətə susamış yerli xainlərin köməyi ilə işğal olundu. 28 min kv.km-dən artıq ərazilərimiz sovet hakimiyyəti illərində Moskva tərəfindən qədim və tarixi torpaqlarımızda yaradılmış Ermənistan Respublikasına verildi, həmin ərazilərdə yaşayan azərbaycanlılar ata-baba yurdlarından deportasiya olundular.1920-ci ilin aprelində müstəqilliyimizi itirsək də, məhz 1918-ci ildə müstəqil dövlət qurmaq kimi tarixi nailiyyətimizin nəticəsi olaraq, SSRİ Konstitusiyasında təsbit olunmaqla onun tərkibindən çıxmaq hüququmuzu saxlamaqla, Azərbaycan Sovet Sosialist Respublikası kimi Sovetlər İttifaqının tərkibinə daxil edildik. 1991-ci ildə Elçibəyin liderlik etdiyi Milli Azadlıq Hərəkatı və SSRİ-nin süqutu sayəsində dövlət müstəqilliyimizi bərpa etdik. Böyük dövlət adamı Heydər Əliyevin müstəsna xidmətləri sayəsində onu qoruduq, İlham Əliyevin liderliyi ilə erməni işğalına son qoyub ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün Rəsulzadə və tərəfdarlarının qaldırdığı üçrəngli bayrağımız Birləşmiş Millətlər Təşkilatının binası qarşısında, siyasi paytaxtlarda, böyük idman arenalarında dalğalanmaqdadır.
ƏHD Partiyası xalqımızın ən böyük tarixi nailiyyəti olan Müstəqillik Günü münasibətilə soydaşlarımızı təbrik edir, müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanılmasında xidmətləri olan hər kəsə öz dərin hörmət və ehtiramını bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir.
ƏHD partiyası inanır ki, xalqımız müstəqil dövlətə sahib olmanın qürurunu həmişə yaşayacaq, müstəqilliyimizi göz bəbəyi kimi qoruyacaq. Zamanla həllini tapacaq müvəqqəti çətinliklər ali insani dəyərləri, müstəqil dövlətimizi gözdən salmayacaq, sosial inkişaf səviyyəmizin (elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın inkişafı) yüksəlişi, insanlarımızın fədakarlığı sayəsində biz də inkişaf etmiş xalqlar kimi insan hüquq və azadlıqlarının ciddi qorunduğu, təhlükəsizliyin və firəvan həyatın təmin olunduğu güclü hüquqi dövlət, mülki cəmiyyət qura biləcəyik.