• 26 May 2022
logo
Ukraynanın müdafiə naziri: “Müharibənin uzunmüddətli mərhələsinə daxil oluruq”

Ukraynanın müdafiə naziri: “Müharibənin uzunmüddətli mərhələsinə daxil oluruq”

Ukrayna müharibənin uzunmüddətli mərhələsinə daxil olub, onun nə qədər davam edəcəyini təxmin etmək çətindir.
“Ukraynews.com” saytının xəbərinə görə, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“9 may tarixinədək Ukrayna dövlətinin hərbi müdaxilə yolu ilə məhv edilməsinə və hakimiyyətin Rusiya marionetlərinə ötürülməsinə nail olmayan Rusiya strateji məğlubiyyətə uğrayıb. Biz onları məcbur etdik ki, hədəflərinin miqyasını əməliyyat-taktiki səviyyəyə endirsinlər. Bu fonda, biz müharibənin yeni – uzunmüddətli mərhələsinə daxil oluruq. Burada qalib gəlmək üçün resursları ehtiyatla planlaşdırmalı, yanlışlardan qaçmalı və gücümüzü elə dizayn etməliyik ki, düşmən nəhayət buna tab gətirə bilməsin”, - Reznikov yazıb.
Müdafiə naziri əlavə edib ki, Ukrayna artıq tərəfdaşlarından ağır silahlar qəbul edir və ABŞ-ın göndərdiyi 155 millimetrlik M777 haubitsaları indi cəbhədə istifadə edilir.
Nazir Ukraynanın müdafiə potensialının artırılması prosesinin artıq başladıldığını, bunun həm satınalmalar, həm də istehsal yolu ilə aparıldığını qeyd edib.
Reznikov indi Ukraynanın xeyrinə strateji dönüm nöqtəsi olduğunu, bu prosesin bir müddət çəkəcəyini, uzun müddətdə bu proseslərin Rusiyanın qaçılmaz məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.
O əlavə edib ki, hazırda 1500-dən çox ukraynalı hərbçi tərəfdaş ölkələrdə onların hərbi avadanlıqlarının istifadəsini öyrənir və qarşıdakı günlərdə təlimçilər, artilleriya ustaları kimi geri qayıdaraq döyüşlərdə iştirak edəcəklər.