Noyabrın 7-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib.
İclasda təşkilati işlər, respublikada və dünyada baş verən ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Zəfər Günü manasibətilə təbriklərini çatdırıb, qələbənin tarixi əhəmiyyətinə diqqət çəkib, ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və digər məsələlərlə bağlı məruzə edib.
Sədr eyni zamanda iqtisadi və məhkəmə-hüquq sistemində islahatların zəruriliyini vurğulayıb, Türkiyə-Azərbaycan münasibətləri, ABŞ-də baş tutan aralıq seçkilərin nəticələrinin Azərbaycana təsir ehtimalları, Türk Dövlətləri Təşkilatı ilə bağlı perspektivlər, həmçinin regional siyasətlə bağlı fikirlərini bölüşüb.
İclasda təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.