• 3 Noyabr 2026
logo
İranda ana dilində təhsil hüququ: problemlər və həlli yolları

İranda ana dilində təhsil hüququ: problemlər və həlli yolları

Danılmaz faktdır ki, İranda yaşayan azərbaycanlılar tarix boyu bu ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynamış, onun inkişafına əhəmiyyətli töhfələr vermişlər. Azərbaycanlıların əsrlər boyu qoruyub yaşatdıqları zəngin ədəbi-tarixi irs, milli-mədəni dəyərlər və formalaşdırdıqları ənənələr təkcə İrannın deyil, bütövlükdə regionun ictimai və mədəni həyatında da özünəməxsus yer tutmuşdur.
Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, İranda yaşayan soydaşlarımızın öz doğma ana dilində təhsil almaq hüququ bu günədək təmin olunmamışdır. Zəngin tarixi və ədəbi ənənələrə malik Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi kimi məişət mühitindən kənara çıxa bilməmişdir. Bu isə soydaşlarımızın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə miras olaraq ötürmək imkanları ilə bağlı dərin təəssüf və haqlı narahatlığına səbəb olur. Çünki bir xalqın öz doğma ana dilində təhsil hüququnun təmin edilməsi yalnız dil və mədəniyyət məsələsi deyil, həm də o, xalqın fundamental hüquqlarının qorunması və milli-mədəni irsinin yaşadılması baxımından mühüm önəm kəsb edir. Bu hüquq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərində də öz əksini tapan fundamental insan hüquq və azadlıqlarından biri hesab olunur.
İranda Azərbaycan dilində təhsil verən məktəblərin açılması, eləcə də ali təhsil müəssisələrində soydaşlarımızın öz doğma ana dilində təhsil almaq imkanlarının yaradılması məsələsi kompleks siyasi-hüquqi yanaşma tələb edir. Belə ki, bu proses hüquqi baxımdan müəyyən konstitusion əsaslara söykənir. Doğrudur, İran İslam Respublikasının Konstitusiyasında ana dilinin məktəblərdə tədrisi üçün hüquqi əsas mövcuddur. Lakin təəssüf ki, konstitusion səviyyədə təsbit olunmuş bu hüquqi imkanlar kağız üzərində qalaraq, praktik cəhətdən tam və səmərəli şəkildə öz həllini gözləyir. Belə ki, İran İslam Respublikasının Konstitusiyasının I fəslinin (“Ümumi müddəalar”) 15-ci maddəsində (Rəsmi dil və yazı) qeyd olunur ki, İran xalqının rəsmi və ümumi dili və yazısı fars dilidir. Rəsmi sənədlər, yazışmalar və mətnlər, eləcə də dərsliklər bu dildə və yazıda olmalıdır. Bununla belə, fars dili ilə yanaşı, regional və etnik dillərdən mətbuatda və kütləvi informasiya vasitələrində istifadə edilməsinə, habelə həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisinə icazə verilir.
Göründüyü kimi, İranda təhsil sistemi farsdilli model üzərində qurulsa da, Azərbaycan dilinin tədrisi üçün konstitusion əsas mövcudur. Bunun üçün, ilk növbədə ümumtəhsil müəssisələrində Azərbaycan dilinin sistemli şəkildə tədris edilməsi məqsədilə, müvafiq tədris proqramları işlənilməli, dərsliklər nəşr olunmalı və ixtisaslı kadrlar hazırlanmalıdır.
Azərbaycan bu sahədə müəyyən təcrübəyə və əməkdaşlıq potensialına malikdir. Belə ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında, eləcə də Gürcüstan Respublikasında soydaşlarımızın kompakt və sıx yaşadıqları bölgələrdə Azərbaycan dilinin tədrisi sahəsində mövcud təcrübə bu istiqamətdə mühüm nümunə ola bilər. Məsələn, Dağıstan Respublikasının Dərbənd şəhərində və Dərbənd rayonunun kənd məktəblərində ibtidai siniflərdə tədris birbaşa Azərbaycan dilində aparılır. Yuxarı siniflərdə isə ümumi dərslər rus dilində keçirilsə də, Azərbaycan dili və ədəbiyyatı ayrıca müstəqil bir fənn kimi proqrama daxil edilərək tədris olunur. Eyni zamanda, dostluq və əməkdaşlığın rəmzi olaraq Dərbənd rayonunun Cəmikənd kəndində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərir. Bu məktəblərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ana dilində pulsuz dərslik və dərs vəsaitlərinin çatdırılması həyata keçirilir. Yerli məktəbləri ixtisaslı kadrlarla təmin etmək məqsədilə Dağıstan Dövlət Pedaqoji Universitetində (DDPU) və Dərbənddəki ali təhsil müəssisələrinin filologiya bölmələrində Azərbaycan dili müəllimləri hazırlanır.
Gürcüstan Respublikasında fəaliyyət göstərən azərbaycandilli məktəblərdə isə soydaşlarımızın öz doğma ana dilini, mədəniyyətini və milli kimliyini qoruyub saxlamasına xüsusi diqqət yetirilir. Hazırda bu ölkədə 116 azərbaycandilli və Azərbaycan bölməsi olan məktəb fəaliyyət göstərir. Bu məktəblərin böyük hissəsi soydaşlarımızın sıx məskunlaşdığı Kvemo Kartli (Borçalı) və Kaxetiya bölgəsindədir. Paytaxt Tbilisi şəhərində isə üç Azərbaycandilli məktəb və 150 ildən artıq yaşı olan M.F.Axundzadə adına 73 saylı tam orta məktəb fəaliyyətini davam etdirir. İki ölkənin Elm və Təhsil Nazirliklərinin əməkdaşlığı çərçivəsində Gürcüstandakı azərbaycandilli ibtidai sinif müəllimlərinin peşəkar inkişafı üçün mütəmadi olaraq ixtisasartırma kursları və təlim proqramları təşkil edilir, məktəblərin pulsuz dərslik və dərs vəsaitləri ilə təmin olunması həyata keçirilir.
Azərbaycanda müxtəlif xalqların ana dilində təhsil almaq imkanlarının təmin edilməsinə, onların dilinin və ədəbi-mədəni irslərinin qorunub saxlanılmasına xüsusi önəm verilir. Bu yanaşma milli azlıqların hüquqlarına yüksək hörmətin və bu sahədə qarşılıqlı əməkdaşlığın bariz nümunəsidir. Belə ki, hazırda ölkəmizdə tədrisin rus dilində aparıldığı iki yüzdən çox məktəb fəaliyyət göstərir. Bundan əlavə, 10 məktəbdə tədris gürcü dilində həyata keçirilir. Bütün bu müsbət göstəricilər qonşu ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı etimadın möhkəm təməllər üzərində qurulduğundan xəbər verir.
Bu baxımdan, Azərbaycan qarşılıqlı razılıq və mövcud hüquqi çərçivə əsasında bu sahədə qazandığı təcrübəni və elmi-pedaqoji potensialı İran İslam Respublikası ilə də bölüşərək, bu prosesə öz real töhfəsini verə bilər.
Siyasi baxımdan yanaşdıqda isə, İran hökuməti ölkədə vahid dövlət dilinin qorunması ilə yanaşı, digər xalqların ana dilində təhsil hüquqlarının təmin edilməsi ilə bağlı tarazlığı qoruması vacibdir. Belə ki, digər etnik kökənli ölkə vətəndaşlarının öz ana dillərinin tədrisi ilə bağlı tələblərini avtomatik olaraq separatçılıq və ya dövlətin ərazi bütövlüyünə ciddi təhdid kimi qiymətləndirmək düzgün yanaşma deyildir. Əksinə, bu ölkədə ədalətə və bərabərliyə sadiqliyin tərənnümü milli-mədəni müxtəlifliyə verilən ən yüksək qiymətdir.
Bu prosesin uzun dövrü əhatə edəcəyini nəzərə alaraq, mərhələli şəkildə yanaşsaq, ilk addım kimi məktəblərdə Azərbaycan dili və ədəbiyyatının ayrıca fənn kimi sistemli şəkildə tədrisinin təşkili nəzərdən keçirilə bilər. Növbəti mərhələdə rəsmi dövlət dili ilə yanaşı, Azərbaycan dilinin də tədris prosesində daha geniş tətbiqini nəzərdə tutan ikidilli təhsil modelinin tətbiqi məqsədəuyğun olardı. Uzunmüddətli perspektivdə isə müvafiq hüquqi və institusional əsaslar formalaşdırılmaqla, Azərbaycan dilində təhsil verən ümumtəhsil məktəblərinin yaradılması və ali təhsil müəssisələrində Azərbaycan dilində tədris imkanlarının genişləndirilməsi məsələsi nəzərdən keçirilə bilər.
Bununla yanaşı, Azərbaycan dilində qəzet və jurnalların çapı, elmi və bədii əsərlərin nəşri, habelə Azərbaycan dilinin elmi, mədəni və ictimai həyatda istifadəsinə dəstək verilməsi də bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkianın Azərbaycan xalqına, onun milli adət-ənənələrinə, milli dəyərlərinə, ədəbiyyatına olan xüsusi həssas münasibəti, ehtiram və məhəbbəti, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə səmimi dostluq münasibətləri bu problemin tezliklə həll olunacağına böyük inam yaradır.
Bu məqamda İran Prezidenti Məsud Pezeşkianın seçki kampaniyası zamanı İran İslam Respublikası Konstitusiyasının etnik qrupların ana dilində təhsil hüququnu nəzərdə tutan müvafiq müddəalarının praktikada həyata keçirilməsi ilə bağlı verdiyi vədləri də xatırlatmaq yerinə düşər. Belə ki, 2024-cü il prezident seçkiləri kampaniyası zamanı o, Azərbaycan türkləri də daxil olmaqla, qeyri-fars xalqların (kürd, ərəb, bəluç və s.) dili və mədəni hüquqlarının təmin olunmasını, bu xalqların ədəbiyyatının məktəblərdə fars dili ilə yanaşı tədrisi üçün Konstitusiyanın 15-ci maddəsinin icrasına nail olunmasını müdafiə etmişdir. Bu məqsədlə hətta ilkin təşkilati addım kimi xüsusi komitə də yaradılmışdır. 2025-ci il fevral ayının 26-da isə İran parlamentində məktəblərdə qeyri-fars dillərin və ədəbiyyatının seçmə qaydada tədrisini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarıldı. Təəssüf ki, Qanun layihəsi 104 lehinə, 130 əleyhinə səs olmaqla qəbul edilmədi.
Lakin bütün bu maneələrə və mövcud çətinliklərə rəğmən, inanırıq ki, cənab Məsud Pezeşkianın rəhbərliyi ilə İran hökuməti ali siyasi iradə nümayiş etdirərək, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atacaq, İranda yaşayan azərbaycanlıların milli kimliiklərinin, zəngin ədəbi-tarixi irsinin və milli mənsubiyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan dili İran İslam Respublikasında layiq olduğu hüquqi statusa qovuşacaqdır.
Bu tarixi həqiqət və milli varlıq fəlsəfəsi şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirində özünün dolğun poetik ifadəsini tapmışdır:

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim,
Doğransa da dilim-dilim,
Başqa dilə çönən deyil.

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm,
Ana dilim ölən deyil.

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyətinin elmi katibi,
iqtisad üzrə fəlsəfə doktoru