• 25 Oktyabr 2026
logo
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq


Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı əlaqələr yeni müstəviyə qədəm qoyur. Belə ki, Vatikanda Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriyası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında Anlaşma Memorandumu imzalanacaq. Bu məqsədlə oktyabrın 25-də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Romaya səfər gəlib.

Sənəd oktyabrın 26-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriyasında 4 fevral 2019-cu il tarixli «Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi»nə istinadən bağlanacaq. Memorandum dinlərarası dialoqun təşviq edilməsi istiqamətində Azərbaycanın tolerant mövqeyini bir daha aydın şəkildə ifadə etmiş olacaq.

Eyni zamanda Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqə dəstək məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis ediləcək.

Qeyd edək ki, sözügedən Anlaşma Memorandumun Müqəddəs Taxt-Tacla dini mərkəz arasında imzalanması Vatikanın tarixində ilk hadisə olacaq. Çünki Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji Memorandumlar imzalayıb. Burada xüsusilə müsəlmanlar və xristianlar arasında dialoqun təşviq edilməsi daha çox diqqəti cəlb edir. Sənədi Müqəddəs Taxt-Tac tərəfindən Kardinal Corc Ceykob Kuvakad, Azərbaycan tərəfindən isə Bütün Qafqazın Şeyxi Allahşülkür Paşazadə imzalayacaqlar.

Xatırladaq ki,Anlaşma Memorandumu ilə bağlı razılaşma bu ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilib.