Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan Respublikası qanununun, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Hörmətli sədr, öncə sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstana uğurlu səfər münasibətilə təbrik edirəm.
Müzakirə olunan qanun layihəsi ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, bizə təqdim olunmuş arayışda qeyd olunur ki, “qanun layihəsi kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə məhsuldarlığın və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması, aqrar sahəyə vahid yanaşmanı təmin etmək məqsədi daşıyır”.
Son 10 ildə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatı və emal sənayesinin inkişafını təmin etmək məqsədilə dörd strateji sənəd imzalanıb. 6 dekabr 2016-cı ildə Prezident fərmanı ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair strateji yol xəritəsi qəbul olunub. 15 iyul 2021-ci illərdə aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair tədbirlər planı təsdiq olunub. Bundan başqa, 22 iyul 2022-ci ildə yenə də Prezidentin sərəncamı ilə sosial-iqtisadi inkişaf strategiyası barədə sərəncam imzalanıb və 25 may 2026-cı ildə yenə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair dövlət proqramı qəbul olunub”.
Millət vəkili əlavə edib: “Bunu onu göstərir ki, dövlət başçısı da, yəni ölkə rəhbərliyi də kənd təsərrüfatının inkişafında çox maraqlıdır, bu ölkənin ərzaq təhlükəsizliyi məsələsidir. Amma çox təəssüf ki, bu sahədə vəziyyət yaxşılığa doğru dəyişmir. Mən son üç ilin statistikasına baxdım. Məsələn, 2023-cü ildə biz xaricdən 2,16 milyard dollarlıq ərzaq məhsulları almışıq, 2024-də o rəqəm xeyli artıb, 2 milyard 475 milyon dollar olub, 2025-ci ildə isə biraz da artaraq 2 milyard 591 milyon manat olub. Son üç ildə 20% və 431 milyon dollarlıq ümumi artım olub.
Bundan başqa bu son üç ildə ərzaq məhsullarının qiymətində də 18,6%-lik bir artım müşahidə olunub. Mən bunu niyə xatırladıram? Ona görə ki, çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir. İndi yenə də iki qanun qəbul edəcəyik,
Hesab edirəm onun əsas səbəbi bu sahəyə qoyulan investisiyanın həcmi ilə bağlıdır. 2025-ci ilin rəqəmləri məndə yoxdur, amma 2024-cü ilin sənədləri ilə tanış oldum ki, əgər həmin il ölkədə 21 milyarddan artıq ümumi investisiya qoyuluşu olubsa, kənd təsərrüfatına, balıqçılığa və meşə təsərrüfatına birlikdə 563,4 milyon manat investisiya qoyulub. Niyə özəl sektor bu sahəyə investisiya qoymur? Onun səbəblərindən biri də odur ki, əlverişli biznes mühiti yoxdur. Məndən öncə çıxış edən həmkarlarım bu barədə müəyyən təkliflərlə çıxış etdilər və mən təkrara yol vermək istəmirəm”.
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, çoxsaylı emal müəssisələri yaradılmalıdır ki, həm həyətyanı təsərrüfatlarda yetişdirilən məhsulları həmin emal müəssisələri vətəndaşlardan qəbul eləsin, həm də onlar kiçik sahibkarlardan bu məhsulları toplaya bilsinlər: “Misal üçün deyirəm, tutaq ki, arıçılıqla kimsə məşğul olursa, 200 kiloqram bal istehsal eləyirsə, onu sata bilməlidir. Bunu asanlaşdırmaq üçün biz indi "məhsul şəhadətnamələri haqqında" qanun qəbul eləyəcəyik.
Kiçik sahibkarın, kəndlinin idtehsal etdiyi məhsulu satması üçün öncədən elan verməklə, məhsul şəhadətnamələri vasitəsilə onu satmaq cəhdi özünü sözsüz ki, doğrultmayacaq. Bunun üçün emal müəssisəsi olmalıdır ki, həmin balı vətəndaşlardan toplasın, onu yaxşı qablaşdırsın və daxili bazara və xaricə yönəltsin. Məsələn, biz xaricə bal sata bilmirik, ona görə ki, onun tərkibində antibiotik qalıqları, pestisidlər və digər zərərli maddələr var. Amma həmin balı qəbul edən emal müəssisələri vətəndaşları bununla bağlı məlumatlandıracaqlar, laboratoriyada o məhsullar yoxlanılacaq ki, insanlara deyiləcək arı ailələrini hansı ərazilərdə yerləşdirmək, onları necə qorumaq olar və s. Bunun üçün də kənd təsərrüfatının inkişafı üçün emal sənayesini inkişaf etdirmək lazımdır. Bu məqsədlə kiçik sahibkarlara uzunmüddətli və güzəştli şərtlərlə, aşağı faiz dərəcələri ilə kredit verilməlidir”.