• 19 Mart 2024
logo
“Azərsu”da kütləvi ixtisar aparılır? – Rəsmi

“Azərsu”da kütləvi ixtisar aparılır? – Rəsmi

Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Azərsu ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib.
Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Baymedia.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Bizim.Media-ya açıqlamasında hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib.
“Bildiyiniz kimi, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu beş ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”, - qurumun rəsmisi vurğulayıb.
Azərsu ASC-dən isə deyilib ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:
“Qurumda hər kəs öz işinin başındadır. Çünki “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi, fərmana əsasən, hələlik yeni agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra Azərsu ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”.