Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
Xalqcəbhəsi.az açıqlamanı təqdim edir:
- Qüdrət bəy, iyunun 29-da Azərbaycan Respublikası Birinci vitse-prezidentinin sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Yəqin ki, izləmisiniz. Ölkəmizdə bu istiqamətdə görülən işlər və gözləntiləriniz barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu günə qədər Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunan işlər böyük bacarıqla və yüksək səviyyədə həyata keçirilib. Bu dəfə də belə olacağına inanıram. Rəqəmsal inkişafın sürətləndirilməsi iqtisadiyyatın inkişafında, dövlət xidməti sektorunda şəffaflığın artırılması, süni intellektdən istifadə etməklə subyektiv qiymətləndirmənin minimuma endirilməsi yolu ilə insanların həyatının yüngülləşdirilməsində, rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayır. Bu istiqamətdə işlər sürətləndirilir, qanunvericilik təkmilləşdirilir. Görülən işlər sayəsində ölkəyə investisiya qoyuluşu artacaq, qeyri-neft sektoru inkişaf edəcək. Düşünürəm bu istiqamətdə əldə olunan uğurlar güclü məhkəmə hakimiyyəti ilə qorunmalıdır. Yeni istehsal və emal müəssisələri yaratmaqla, rəqabətədavamlı məhsul istehsal etməklə iqtisadiyyatımızın böyüməsinə nail ola bilərik. Biz süni intellektlə idarə olunan texnologiyadan istifadə etməklə kənd təsərrüfatını inkişaf etdirə, istehsal olunan məhsulun maya dəyərini aşağı salıb onu rəqabətədavamlı edə bilərik. Rəqəmsal inkişaf iqtisadiyyatın və həyatımızın bütün sahələrində islahatların genişləndirilməsini zəruri edəcək. İnanıram ki, Rəqəmsal İnkişaf Şurası 2026-2028-ci il Fəaliyyət planına uyğun olaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, iqtisadiyyatın böyümə tempinə görə Azərbaycan yenidən regionun lider dövlətinə çevriləcək.