• 5 Dekabr 2022
logo
BDU-da görkəmli hüquqşünas-alim Məmməd Xələfovun 100 illik yubileyi qeyd olunub

BDU-da görkəmli hüquqşünas-alim Məmməd Xələfovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) görkəmli hüquqşünas-alim, hüquq elmləri doktoru, professor Məmməd Xələfovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Məmməd Xələfovun elmə, təhsilə verdiyi töhfələrdən danışıb, Hüquq fakültəsinin inkişafında alimin əvəzsiz xidmətlərini vurğulayıb. “BDU-da Məmməd Xələfov adına auditoriyanın təsis edilməsinin də vaxtı çatıb. Bu auditoriya BDU-nun ən nümunəvi auditoriyalarından biri olacaq və orada Məmməd Xələfovun ruhuna, əməllərinə layiq dərslər keçiriləcək”, - deyə rektor qeyd edib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov ölkəmizdə hüquq elminin inkişafında və hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığında professor Məmməd Xələfovun xidmətlərini xatırladıb. Prorektor bildirib ki, Məmməd Xələfov Hüquq fakültəsinə 18 il rəhbərlik edib. Bu müddətdə fakültədə 6 yeni kafedra açılıb, ölkədə hüquq təhsili keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, elmi ixtisaslaşma dərinləşib.

Məmməd Xələfov yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olub. Onun rəhbərliyi ilə 10-dan çox elmlər namizədi hazırlanıb.

Əmək və ekologiya hüququ kafedrasının müdiri professor Alış Qasımov “Professor Məmməd Xələfovun həyat və yaradıcılığı haqqında”, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva “Azərbaycan Respublikasında mülki hüquq elminin inkişafında professor Məmməd Xələfovun rolu” mövzularında məruzələr ediblər.

Sonra ədliyyə işçisi İkram Kərimov, hüquq üzrə fəlsəfə doktorları Səfa Mirzəyev, Yusif İldırımzadə, İsaxan Vəliyev, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, baş ədliyyə müşaviri Adil Əsgərov, müharibə veteranı Şəmsəddin Əliyev, mərhum alimin qardaşı oğlu, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov professor Məmməd Xələfovla bağlı xatirələrini bölüşüblər.