• 29 Mart 2024
logo
Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci toplantısı keçirilib

Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci toplantısı keçirilib

TÜRKİYƏNİN KONYA ŞƏHƏRİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNUB

İyunun 24-dən 26-na qədər Türkiyənin Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib. Toplantı Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin təşkilatçılığı ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində baş tutub.

525.az xəbər verir ki, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs, Bosniya türklərini, İraq və Suriya türkmənlərini, həmçinin, Krım tatarlarını qurum və ya fərd olaraq təmsil edən 200-dən çox insanın iştirakçı olduğu toplantıya ölkəmizdən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlılar veteranı Elçin Fətullayev və başqalarından ibarət qrup qatılıb.

Azərbaycanı təmsil edən qrup bu səfərə Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin başqanı Mustafa İşığın dəvətiylə yollanıb. Böyük toplantıdan əvvəl Mustafa İşıq, Emin Həsənli və digər heyət rəhbərləri Konya valisi Vəhdəttin Özkan, Səlcuqlu Bələdiyyə başqanı Əhməd Pekyatırmacı və Qaratay Bələdiyyə başqanı Həsən Kılca ilə görüşərək önəmli mövzularla bağlı fikir mübadiləsi aparıblar. Görüşdə qarşılıqlı olaraq rəmzi hədiyyələr təqdim olunub.

İyunun 25-də toplantıya qatılacaq qonaqlar Konyada Mövlanə Cəlaləddin Rumi türbəsini və şəhərdəki digər görməli yerləri ziyarət ediblər.
Böyük toplantıya canlı bağlantı ilə qatılan Türkiyə Cümhuriyyəti Daxili İşlər naziri Süleyman Soylu ölkədəki yanğın fəlakəti səbəbindən işlərinin çoxluğunu və bu tədbirdə əyani iştirak edə bilməməsindən doğan dərin təəssüfünü bildirib, ancaq ruhən və fikrən hər an şəhid və qazi ailələrinin yanında olduğunu vurğulayıb. S.Soylu şəhid ailələri və qazilərə davamlı maddi və mənəvi dəstəyi müqəddəs borc bildiklərini, türk xalqı və başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövlətinin bu uca məramla əlindən gələni etməyə sonsuz əzmlə, məhəbbətlə çalışdığını qeyd edib. Daxili işlər Naziri Türk dünyasının şəhid ailələri və qazilərinin qardaş məmləkətlərimizi daha da sıx birləşdirərək canlı körpülər olduqlarını, onların da hamılıqla bir milli amal olan Türk birliyinə tövfələr verəcəklərinə ürəkdən inandığını dilə gətirib, toplantının işində, həmçinin, iştirakçıların bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra böyük toplantıda Konya valisi Vəhdəttin Özkan, Böyükşəhər Bələdiyyəsinin katibi Ərcan Uslu, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin başqanı Mustafa İşıq və başqaları çıxış ediblər. Toplantı boyunca Hərbi Orkestrin canlı ifasında Türk Dünyasının hərbi-vətənpərvərlik marş və mahnıları səslənib. Toplantıya qatılanlar bu cür görüşlərin davamlı şəkil almasının vacibliyini, Türk Dünyası şəhid ailələri və qazilərinin bir araya gələrək ən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmalarının daha səmərəli olacağına inandıqlarını qeyd ediblər.