• 29 Mart 2024
logo
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri İlə bağlı Azərbaycanın AİHM-nə şikayətləri icraat mərhələsindədir

Ermənistanın mülki əhaliyə qarşı cinayətləri İlə bağlı Azərbaycanın AİHM-nə şikayətləri icraat mərhələsindədir

"İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".
Bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayətlər verib: "Azərbaycan dövləti bu cür şikayətlərin göndərilməsini hər zaman təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".
Sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdir: "Azərbaycan tərəfindən mövqe gələn ay Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunacaq".