• 19 Yanvar 2022
logo
Şotlandiyanın Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Şotlandiyanın Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Birləşmiş Krallığa səfəri çərçivəsində Şotlandiyanın Aberdin şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Komitədən xalqcəbhəsi.az-a verilən məlumata görə, tədbirdə ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinin I katibi Nicat Quliyev, Aberdin və ətraf şəhərlərdə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan həqiqətlərini Şotlandiya ictimaiyyətinə çatdıran, bu istiqamətdə birlik və həmrəylik göstərən icma üzvlərinə minnətdarlığını bildirib. Aberdindəki Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyada, elm, təhsil və sosial sahələrdə müəyyən uğurlar qazandığını təqdirəlayiq hal kimi qiymətləndirən Komitə sədri mütəşəkkil fəaliyyətin yolları barədə tövsiyələrini çatdırıb, Prezident İlham Əliyevin tapşırığı əsasında Komitənin həyata keçirdiyi layihələr və fəaliyyət istiqamətləri barədə müfəssəl məlumat verib.
Tədbirdə çıxış edən Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Nərgiz Morrison və digər icma üzvləri Aberdin şəhərində Azərbaycan icmasının üzvləri ilə ilk dəfə görüş keçirildiyini vurğulayaraq, diaspor fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar fikirlərini bölüşüb, gələn ilki fəaliyyət planı ilə bağlı təkliflərini səsləndiriblər.
Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.