• 12 İyul 2024
logo
Putinin səfərindən tərəfdaşı Çin də narahat oldu

Putinin səfərindən tərəfdaşı Çin də narahat oldu

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O, ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putində başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməmişdilər. Putin isə bu ölkəyə ikinci dəfədir səfər edib. Putindən başqa dünya liderlərindən yalnız Çin lideri Si Szinpin 2019-cu ildə Pxenyana səfər edib.

Baymedia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar:

“Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Doğrudur, sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət dövriyyəsi ilə müqayisədə bu, çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət dövriyyəsi 15 milyard dollardan çoxdur. Yəni bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən də məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub”.

Politoloq vurğulayıb ki, Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır:

“Röyters” Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri mövcuddur. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər.

Vyetnam son illərdə xarici siyasətini və ticarət mübadiləsini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnama və digər qonşu ölkələrə köçürlər. O biri tərəfdən ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə Pekin özü də başqa bazarlara ixracatını artırıb. Misal üçün Çinin Meksika və Tailanda ixracı iki dəfədən çox artıb. Ancaq bütün hallarda Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir”.