Zeynal Əmrəliyev: “Ona gələcək prezident gözü ilə baxmaq hələ ki, tezdir”
Rusiya prezident Vladimir Putin Aleksey Dyumini Dövlət Şurasının katibi vəzifəsinə təyin edib. Dövlət Şurası Rusiya prezidentin yanında dövlətin idarəetməsində mühüm rol oynayan orqandır. Bir digər funksiyası da dövlət orqanının fəaliyyətinə nəzarət etməkdir. Bu qədər önəmli vəzifəyə Dyumin təyinatı Rusiya elitası daxilində ciddi narahatlıq yaradıb. Kremlə yaxın olan media qurumları belə yeni təyinatı geniş şəkildə təhlil ediblər ki, bu Rusiya üçün çox nadir görünən hadisədir. Çünki Rusiyada dövlət başçısının əmrləri, xüsusilə də təyinatları geniş şəkildə müzakirə edilmir. Hətta Baş nazir təyinatları belə bu qədər əks-səda doğurmur. Bəs Aleksey Dyumi bu qədər maraqlı edən nədir və o, bu yerlərə necə gəlib?
Politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə deyib ki, Aleksey Dyumin 1972-ci ildə Kurskda hərbi həkim ailəsində anadan olub, yüksək səviyyədə hərbi təhsil alıb. Hərbi sahədə və Federal Mühafizə Xidmətində çalışdıqdan sonra 1999-cu ildə Putin hələ Baş nazir olduğu dönəmdə onun şəxsi mühafizəçisi olub. Putin Kremlə keçdikdən sonra Dyumində onun yanından ayrılmayıb, hətta Böyük Səkkizlərin, Böyük İyirmilərin toplantıları, Şanxay Əməkdaşlıq Təşkilatının və APEC sammitlərində prezidentin yanında o da iştirak edib. 2013-cü ildə isə Putin onu Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Baş İdarəsinə rəis təyin edib. Bu o zaman idi ki, artıq Rusiya Ukraynaya müdaxiləyə hazırlaşırdı. İddialara görə Kiyevdəki Maydan olaylarının əsas təşkilatçılarından biri məhz Dyumin olub: “Hadisələr zamanı xüsusi qrupun rəhbəri kimi Kiyevdə olub, Ukrayna prezindenti Viktor Yanukoviçin Kiyevdən çıxarılaraq Rusiyaya ekstradisiya edilməsi əməliyyatına şəxsən rəhbərlik edib. Krımın Rusiya tərəfindən tutulması zamanı dövlət binalarının ələ keçirilməsi əməliyyatına şəxsən rəhbərlik edib. Bu xidmətlərinə görə Putin tərəfindən 2015-ci ildə Rusiya Quru Qoşunların Baş Komandanın 1-ci müavini - Baş Qərargah rəisi təyin edilib. Qısa müddətdə ordu içində mühüm postlara öz adamlarını təyin etdirə bilib. Eyni zamanda Quru Qoşunlara daxil olan korpuslarda korrupsiya faktlarının aşkara çıxarılmasında mühüm rol oynayır. Rusiya ordusunda həmən dövrdə hərbi hissələrdə ciddi korrupsiya faktları hökm sürürdü. Quru Qoşunlarına daxil olan ordu birliklərində qısa müddətdə bu işi uğurla icra edən Aleksey Dyumin 2015-ci ilin dekabrında Rusiya Müdafiə nazirinin müavini təyin edilir. Rusiya ordusunun maddi-texniki təminatı ilə bağlı bütün məsələlər ona həva edilmişdi. Putinin məqsədi Dyumin vasitəsi ilə orduya ayrılan maliyyəni ciddi nəzarətdə saxlamaq idi. Lakin yeni nazir müavini başında nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun durduğu qrupun ciddi müqaviməti ilə üzləşir. Qeyd edək ki, Rusiya ordusu daxilində çox ciddi şəkildə qruplaşma və korrupsiya faktları mövcud olub. Getdikcə böyük təhlükəyə çevrilən bu məsələ 2023-cü ildə Yevgeni Piqojin üsyanı ilə partladı. Piqojin üsyan zaman ordu rəhbərliyinin korrupsiyada ittiham edir və istefasını istəyirdi. Məhz Putin illər əvvəl Dyumini bu faktlara görə nazir müavini təyin etmişdi. Lakin bu təhlükəli qrupun ona olan hücumunu görərək 3 ay sonra, 2016-cı fevralında Dyumini Tula vilayətinə qubernator təyin edərək paytaxtdan uzaqlaşdırdı. Bu həm də onun dövlət idarəetmə təcrübəsi qazanmasında kömək edecek amil idi”.
Politoloq onu da vurğulayıb ki, Dyumin bu təcrübədən də üzü ağ çıxdı. Onun dövründə Tula vilayəti bütün iqtisadi göstəricilərdə ümumi Federasiya miqyasında ilk yerləri tutdurdu. Tulada kök salmış mafioz qruplar Dyuminin dövründə məhv edildi, vilayətin bazarları uğrunda savaşan ayrı - ayrı kriminal qrupları Tuladan uzaqlaşdırıldı. Putin onun hərbidə nüfuzunu qaldırmaq məqsədilə 2021-ci ildə Dyuminə general-polkovnik ali hərbi rütbəsini verdi. Son prezident seçkilərindən sonra Putin keçmiş mühafizəçisini Tuladan Moskvaya gətirərək özünün köməkçisi təyin etdi. O, burda hərbi-sənaye məsələlərini kurasiya edir. Eyni zamanda "Rostex"ın Müşahidə Şurasının sədri kimi quruma faktiki rəhbərliyi həyata keçirir. Dolayı yollarla hərbi məsələlər, orduda kadr təyinatları, silah alqı-satqısı, yeni silahların istehsalı faktiki olaraq onun nəzarətindədir. O, gücünü artıq bir çox məsələ də Kremlə təzyiq etməkdə özünü göstərdi: “Məsələn, Vladimir Putinin and içməsi və yeni hökumətin qurulması ərəfəsində Kremlin ən çox etibar etdiyi hərbiçilərdən olan Ukraynadakı qoşunların keçmiş komandanı Sergey Surovikin Moskvaya çağrılır. Rusiya mediyası ordu generalına Baş Qərargahda və ya Müdafiə Nazirliyində yüksək vəzifənin veriləcəyini və onun Valeri Gerasimovdan sonra yeni Baş Qərargah rəisi olacağından yazırdı. Lakin bu təyinat baş tutmur və Surovikin yenidən paytaxtdan xidmət yerinə yollanır. Mediyada yer alan xəbərlərə görə bu təyinatın baş tutmasının qarşını alan məhz Aleksey Dyumin olmuşdur. Dyumin hazırda 7 il əvvəl nazir müavini olaraq yarımçıq buraxdığı işi indi həyata keçirir - Rusiya ordusu daxilindəki korrupsionder qrupu dağıdır. Aleksey Dyuminin irəli çəkilməsi ilə Rusiya siyasətində yeni bir dövrün başlanğıcı sayıla bilər. Əgər əvvəl Kreml rəhbəri olmağa ən şanlı namizədlər kimi keçmiş prezident, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev və Nikolay Patruşevin oğlu, nazir Dmitri Patruşevin adı çəkilirdisə Aleksey Dyumin hazırda onlardan xeyli qabaqda görünür: “İlk növbədə ona görə ki, Medvedev məşvərətçi bir qurumda vurulmuş kadr təsiri bağışlayır. Kifayət qədər ziddiyətli açıqlamaları ilə diqqət çəkən Medvedev Rusiya siyasətində ən qeyri-ciddi şəxs kimi qəbul edilir. Rusiya mediası artıq keçmiş prezidentin Təhlükəsizlik Şurasından da uzaqlaşdırılacağını və Konstutusiya Məhkəməsinin sədri vəzifəsinə gətirilərək siyasi proseslərdən tamamilə təcrid ediləcəyindən yazır. Rusiya prezidentliyinə digər iddialı olan Dmitri Patruşevin isə Kənd Təsərrüfatı Nazirliyindən Baş nazirin müavinliyinə gətirilərək portfelsiz nazirə çevrilməsi onun bu mübarizədə şanslarını azaldan amildir. Görünən odur ki, Putin Aleksey Dyuminin Kremlə gedən yolunu açır. Hələ ki, Rusiya prezidentli üçün ən şanslı namizəd bu amillərə görə məhz Aleksey Dyumindir. Lakin unutmayaq ki, Rusiya qədimdən qəflətən hakimiyyət dəyişiklərinin müşahidə olunduğu bir ölkədir. Boris Yeltsin Putindən əvvəl 1998 - 2000-ci illərdə ard-arda 4 Baş nazir dəyişdirmiş, sonda Putinin üzərində dayanaraq Kremli ona təhvil vermişdir. Bu öz varisinin təhlükəsizliyini təmin etmək və onu hədəfdən yayındırmaq məqsədi daşıyırdı. Eyni zamanda Putin də sələfinin yolu ilə gedə bilər. Nə qədər şanslı olsa belə Aleksey Dyuminə gələcək prezident gözü ilə baxmaq üçün hələ ki, tezdir. Rusiya son anda saraydakı bütün oyunların dağılıb yenidən başladığı olduqca maraqlı siyasi ənənəyə malik ölkədir”.
Cavid