• 2 Sentyabr 2026
logo
ABŞ Ukrayna vasitəsilə Rusiyanı çökdürmək istəyir

ABŞ Ukrayna vasitəsilə Rusiyanı çökdürmək istəyir

Bayden Ukraynaya 61 milyardlıq hərbi yardımı təsdiqləyib

ABŞ Rusiyanı tamamilə çökdürmək məqsədilə Ukraynanı müasir silahlarl təmin etməkdə davam edir. ABŞ Konqresindən verilən hesabatda bildirilib ki, Ukrayna üçün əlavə maliyyə yardımı ən çox bu ilin sonuna qədər kifayət edəcək.
Bildirilib ki, sentyabrda Ukraynaya maliyyə yardımı üçün növbəti sorğu formalaşdırılmağa başlanacaq.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Co Bayden Ukraynaya 61 milyardlıq hərbi yardımı təsdiqləyib.
“Röyters” yazır ki, ABŞ-dan 61 milyard dollarlıq yardım almasına baxmayaraq, Rusiyanın hücumuna qarşı dayanmaq üçün Ukraynanın hələ də orta müddətli maliyyə planına ehtiyacı var və bu planın da əsasını Rusiyanın dondurulmuş aktivləri təşkil etməlidir.
Agentlik bildirib ki, ABŞ-ın son yardım paketi təxminən gələn ilin sonuna qədər bəs edəcək, 2025-ci ilin sonunda Ukraynanın silahı yenə bitə bilər: “Çoxillik maliyyələşdirmə planı isə bir sıra üstünlüklərə malikdir. İlk növbədə ABŞ-ın siyasi dalğalanmalarından müəyyən sığortalanmanı təmin edəcək. Bu, həm də ukraynalıların ruh yüksəkliyini artıracaq və Qərb silah istehsalçılarına istehsalı artırmaq üçün daha çox inam verəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın daha uzun illər tab gətirə biləcəyinə qərar verərsə, onun hesablamaları da dəyişə bilər. Ukraynanın daha çox pul əldə etməsinin əsas yolu Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollardan çox aktivlərini səfərbər etməkdir. Bu, ən azı 2028-ci ilin sonuna qədər müharibəni maliyyələşdirə biləcək”.
Onu da qeyd edək ki, “Politiko” ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayıb və yaxın günlərdə elan edə bilər.
“Paket Ukrayna üçün yeni silah və sursatların istehsalı üçün Amerika şirkətləri ilə müqavilələri əks etdirir. Bu baxımdan sözügedən yardım partiyaları gecikə, hətta proses bir neçə il çəkə bilər. Vaşinqton Kiyev üçün “Patriot” raketləri, PUA-lar, dronlarla mübarizə vasitələri, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir. Sifarişlərə ödəniləcək 6 milyard dollar Ukrayna üçün təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketindən götürüləcək. Sadalanan silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək”, - mənbə bildirib.
Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, Ukrayna artıq ABŞ-ın yenilənmiş hərbi yardım proqramının bir hissəsi kimi elan etdiyi silahları alır.
"Yardım Ukraynaya gəlir. Onlar hazırda bu dəstəyi təhlükəsiz şəkildə alırlar", - Pyer jurnalistlərə deyib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə hələ də narazı qalıb. O, Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqlə görüşdə deyib ki, NATO Ukrayna ordusuna dəstək verməklə bağlı iki vacib məqamı yerinə yetirməyib.
"Cəbhədə sabitlik, ordumuzun qüdrəti, təşəbbüsü ələ almaq, əks-hücum əməliyyatlarını həyata keçirmək - bütün bunlar üç əsas məqamdan asılıdır. Birinci məqam maliyyədir ki, buna həm ikitərəfli səviyyədə tərəfdaşlar, həm də ABŞ müsbət səs verib. İkinci məqam - silahların vaxtında çatdırılmasıdır. Üçüncü məqam isə Ukraynaya dəqiq nəyin çatdırılması məsələsidir.
Alyans maliyyənin ayrılmasına səs verərək göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib, lakin digər məsələlərdə müsbət cəhətlər görünmür", - Zelenski qeyd edib.
Digər bir tərəfdən isə ABŞ Ukrayna münaqişəsini beynəlxalq prinsiplərə uyğun müzakirə etməyin zəruriliyini qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Ukrayna münaqişəsini beynəlxalq prinsiplərə uyğun müzakirə etməyin zəruriliyi ilə bağlı bəyanatına cavab olaraq deyib ki, Rusiya 2022-ci ildə danışıqlar təklifinə konstruktiv cavab verməyə hazır idi.
Zaxarova qeyd edib ki, Rusiya Minsk razılaşmaları və onların BMT Təhlükəsizlik Şurasının qətnaməsi şəklində konsolidasiyası təşəbbüsü ilə artıq beynəlxalq hüquqa hörmət nümayiş etdirib.
Zaxarovanın sözlərinə görə, Vladimir Zelenskini Moskva ilə danışıqlara qadağa qoymağa məcbur edən ABŞ olub.
Politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə bildirib ki, ABŞ-ın Ukraynaya 61 milyard dollar həcmində hərbi yardımını qanunvericilik səviyəsində təsdiq edilməsi sözsüz ki, Ukraynanın müharibədə Rusiyaya qarşı müqavimətinin güclənməsi üçün vacib olsa da, müharibənin yekun nəticəsinə təsiri çox zəif olacaq. İndiki vəziyyətdə Ukraynanın Rusiyaya qarşı uğurlu hərbi əməliyyatlarını keçirmək üçün, Qərbin hərbi yardımı ilə paralel olaraq ən azı 250 min əsgərin səfərbərliyinə ehtiyacı var. Artıq Ukrayna prezidenti Zelenski dəfələrlə Ukraynanın Rusiyaya qarşı zəif durumda olduğunu açıq səsləndirib, Qərbin bu müharibədə əsl məqsədləri barədə eyham vurub və nəhayət Rusiya ilə danışıqlara hazır olduğunu dilə gətirib. Zelenskinin açıqlamalarından qənaət budur ki, artıq Ukrayna Qərbə arxalanmır: “Təbii ki, Rusiya Ukrayna müharibəsi bütün dünyanın siyasi mənzərəsinə və xüsusən də keçmiş SSRİ respublikalarına əhəmiyyətli dərəcədə təsir edir. Ermənistan baş naziri Nikol Paşinyanın qərbyönümlü siyasi kursunda əsas mane kimi Rusiya hədəfə götürülsə də, son dövr Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ritorikasında yumuşalma hiss olunur. Əlbəttə ki, reallıqlar və Rusiyanın mümkün davranışları Ermənistanın Rusiya orbitindən çıxma imkanını sıfıra bərabər edir”.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Bakının ev sahibliyi etdiyi, bu ilin noyabrın 11-də Bakıda keçiriləcək COP-29 beynəlxalq Konfransda iştirak etməyə Ukrayna prezidenti Zelenskini də dəvət edib. Konfransda Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyini də istisna etmək olmaz.
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması qərarı, ardınca da Ermənistanın dörd kəndi Azərbaycana qaytarılması və Tavuş-Qazax istiqamətində Ermənistan Azərbaycan sərhəddinin bir hissəsinin müəyyən edilməsi əlbəttə ki, ABŞ, Fransa, İran və ümumən Qərbin planlarına uyğun gəlmir. Cənubi Qafqazda daimi gərginlik, münaqişə ocağının qorunub saxlanılması bir sıra dövlətlərin və o cümlədən Qərbin maraqlarını təmin etməyə imkan verir. Ermənistan baş naziri Paşinyanın Qərbin istək və təhriklərinə baxmayaraq Azərbaycanla razılaşmaya getməsi, sözsüz ki, onun təhrikçi havadarlarına inamsızlığının göstəricisidir. Əlbəttə ki, Paşinyanın son qərarlarına Ukraynadakı müharibənin gedişi və ona edilən hərbi yardımla bağlı problemlər də təsir edib: “Azərbaycan nəinki regional söz sahibi kimi, eləcə beynəlxalq siyasi proseslərə əhəmiyyətli təsir imkanları qazandığından və ən əsası Azərbaycan prezidenti İlham Əliyevin böyük nüfuzu Rusiya və Ukrayna arasında vasitəçi kimi, müharibənin dayandırılması və münasibətlərinin danışıqlar masasında həll etmək imkanı yaradır. Xüsusən də Bakıda keçiriləcək COP-29 beynəlxalq konfransı danışıqlar üçün əlverişli bir vasitə, səbəb kimi, başlanğıc ola bilər.
Azərbaycana qardaş və müttəfiq Türkiyənnin prezidenti Ərdoğanın Rusiya - Ukrayna müharibəsinin əvvəldən müharibəni dayandırmaq üçün çox böyük səylər göstərib və müəyyən nəticələr də əldə edib.
Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir. Artıq NATO öz mütləqlərinin, xüsusən də Polşanın müdafiəsini düşünür, qüvvə toplayır və hətta nüvə silahının Polşada yerləşdirilməsi də müzakirə olunur. Putin hakimiyyəti dövründə Qərb Rusiya qarşıdurmasından Rusiyanın qalib çıxcağı artıq şübhə doğurmur. Makronun da Ukraynada Rusiyaya qarşı müharibə ilə bağlı aqressiv bəyanat və çıxışlarının səngiməsi vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyinin göstəricisidir hərçənd ki, Fransa prezidentinin çıxışları daha çox populist xarakterli idi. Ancaq Ukrayna müharibəsində Rusiyanın əldə etdiyi hərbi qələbə belə, Rusiyanın gələcək taleyi ilə bağlı acı nəticələr doğuracaq. Bunu isə Qərbin strateji qələbəsi hesab etmək olar”.
Onu da qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev və Vaşinqton nümayəndələri yaxın on il üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin həcmi ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, Ukrayna və ABŞ ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyir.
"Biz bu il və növbəti on il üçün xüsusi dəstək səviyyələrini təyin etmək üçün çalışırıq", - deyə Zelenski qeyd edib.
Dövlət başçısı qeyd edib ki, söhbət hərbi, maliyyə və siyasi dəstəkdən, eləcə də birgə silah istehsalından gedir.

Cavid