• 30 Aprel 2024
logo
Teleqram Kremlin nəzarətindədir? - Durov açıqladı

Teleqram Kremlin nəzarətindədir? - Durov açıqladı

Teleqramın Rusiya hakimiyyətinin nəzarətində olması barədə məlumat onun yaranma tarixini bilməyən insanlar tərəfindən yayılır.

Baymedia.az xəbər verir ki, bunu Teleqramın baş direktoru Pavel Durov amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində deyib.

“Bunu Teleqramın necə yarandığı barədə çox məhdud məlumatı olan insanlar deyə bilər. Və bizi gözdən salmaq istəyən rəqiblərimiz bu məlumatı yayanları həvəsləndirə bilər, çünki Teleqram meşə yanğını kimi yayılır”, - o bildirib.

Durov ABŞ xüsusi xidmət orqanlarının nəzarəti barədə də danışıb:

“ABŞ-ın harasında olmağımızdan asılı olmayaraq, FTB və təhlükəsizlik xidmətləri bizə həddən artıq diqqət yetirir. Nə vaxt ABŞ-a getsəm, FTB agentləri məni hava limanında qarşılayır və suallar verirlər. Bir dəfə saat 9:00-da səhər yeməyi yeyirdim və FTB kirayə qaldığım evə gəldi. Onlar bilirdilər ki, mən Rusiyanı tərk etmişəm. Nə etdiyimizi bilirdilər, amma təfərrüatı istəyirdilər. Həm də San-Fransiskoda soyğunçuların hücumuna məruz qaldıqdan sonra ABŞ-da biznes qurmaqdan imtina etdim. Digər ölkələrdən Almaniya, İngiltərə və Sinqapurdan isə bürokratiyaya görə uzaqlaşdım. Ona görə də indi ofisimiz Dubaydadır”.

Durovun sözlərinə görə, Teleqrama əsas təzyiq hökumətlərdən deyil, Əpl və Ququldan gəlir:

“Bu iki platforma əslində smartfonunuzda oxuya biləcəyiniz hər şeyə senzura tətbiq edə bilər”.

Bu kontekstdə o, Ayfon və Androidlərin təhlükəsiz olmadığını vurğulayıb.