• 19 Oktyabr 2021
logo
Qarabağın azadlığına gedən yol-Tarixi Hadrut əməliyyatı

Qarabağın azadlığına gedən yol-Tarixi Hadrut əməliyyatı

Bu günlərdə Azərbaycan xalqı qələbə əhvalını bir daha yaşayır. Artıq İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfərdən-44 günlük Vətən müharibəsindən bir il ötür. Ötən ilin bu günlərində müzəffər Azərbaycan Ordusu inamla irəliləyərək torpaqlarımızı düşmən tapdağından azad edirdi. Belə xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyatlardan biri də Hadrutda baş tutmuşdu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu mövzu haqqında xüsusi olaraq danışmışdı.
Həqiqətən də Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıması ilə seçilirdi. Həm hərbi, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük önəmi var idi. Hadrut əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Ali Baş Komandan vurğulamışdı ki, Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında olan təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Bu səbəbdən də Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir desək yanılmarıq.
Prezident xüsusi olaraq qeyd edib ki, bizim hərbçilər sözügedən ərazidə uğurlu hərbi manevrlər ediblər.
“Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik”.
Həqiqətən də 44 günlük Vətən savaşında ordumuzun qüdrəti, yalnız fiziki və texniki cəhətdən deyil, intellektual, savadlılıq baxımından da güclü olması öz sözünü demiş oldu. Prezidentin də dediyi kimi biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarımıza qayıtdıq. Azərbaycan xalqı öz tarixi torpaqlarını ağır döyüşlərlə azad etdi. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq.
Bu gün hərbçilərlə yanaşı həkimlərin də fədakarlığı unudulmur. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Cənab Prezidentin bu həssa məsələni qeyd etməsi isə təqdir edilməlidir. Onun sözlərinə görə, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər. “Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi”-Prezident deyib.
Maraqlı nüanslardan biri də budur ki, Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu bu qəsəbəni heç vaxt azad edə bilməz.
“Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq”-Ali Baş Komandan Xocavənd ictimaiyyəti nümayəndələri ilə çıxışında deyib.
Bu gün nəinki uğurlu Hadrut əməliyyatı, ümumilikdə torpaqların azad olunması istiqamətində atılmış hər bir addım Ermənistanda qıcıq doğurur. Erməni cəmiyyəti reallıqlarla barışmaq istəmir, kapitulyasiyaya uğramalarına baxmayaraq zəfər çalmağımıza ləkə yaxmağa çalışırlar. Təbii ki, öz xalqına döyüşlər ilə bağlı yalan məlumat verən Ermənistan rəhbərliyi sonda məğlub olmalı idi. Şuşa və digər ərazilərdə olduğu kimi Hadrut əməliyyatı ilə bağlı da Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edirmiş. Biz isə az itkilərlə qəsəbəni götürməyə nail olduq. Amma Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi anormal şəkildə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına beləcə son qoyuldu.
Bu bir faktdır ki, istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə Ermənistan təbliğatı yalan üzərində qurulub. Azərbaycan liderinin də dediyi kimi ümumiyyətlə bu ölkənin tarixi, keçmişi, dövlətçiliyi, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Cənab Prezident haqlı olaraq tarixə istinad edərək vurğulayıb ki, Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırmış.
Başqa bir maraqlı məqama da toxunmaq istərdim. Ermənilərin “Hayastan” adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini isə “Armenia” yox, Hayastan çağırırlar. Bu Hayastan fondu isə bəlkə də bir neçə milyard pul yığmışdı. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını, öz ailə üzvlərinə aid fondlar yaradıblar. İlham Əliyev bu məsələyə də toxunaraq deyib ki, otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıb ki, o maliyyənin də taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur.
Yeri gəlmişkən bir məsələni də qeyd edək ki, ermənilər hər zaman ekoterror, soyqırımı ilə yanaşı mədəni terror da törədiblər. Onlar Azıx mağarasını da erməniləşdirmək istədilər. İşğalçılar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Prezident isə haqlı olaraq xatırlatma edib ki, Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olublar və onlar böyük tədqiqat işləri aparıblar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya isə böyük ziyan vurdular...
Bu gün artıq müharibə çoxdan bitib. Azərbaycan qısa müddətdə işğaldan azad etdiyi ərazilərdə quruculuq və bərpa işləri apardı. Hadrut isə əvvəlki gözəlliyini bərpa edir, yaxın gələcəkdə beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaq. Ali Baş Komandan da bu məsələ ilə bağlı xüsusi olaraq qeyd edib ki, Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaq. Hadrutun baş planının ilk layihəsi də artıq hazırlanıb. Yaxın 1 ay ərzində memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaq. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcək.
Artıq ölkəmizdə məcburi köçkün anlayışı yoxdur. Bu isə nəinki biz gəncləri, ümumilikdə bütün xalqımızı sevindirir. 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri təşkil olunurdu. Ötən illər ərzində 100-dən çox şəhərcik inşa edilib. Ancaq bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. Azərbaycan bu vəzifəyə nail oldu. Məcburi köçkünlərin əzablarına və onların iztirablarına son qoyuldu. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Azərbaycan öz Müzəffər Ali Baş Komandanı ilə fəxr edir, gələcəkdə işğaldan azad olunan ərazilərdə aparılan digər bərpa işlərində də xalq olaraq aktiv iştirak edəcəyik!

Azilə İsgəndərli
Xəzər rayon Gənclər və İdman İdarəsinin fəal gənci