• 24 İyul 2024
logo
Stoltenberq: Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var

Stoltenberq: Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var

Ukraynanın Rusiya ərazisindəki hərbi əhəmiyyətli hədəfləri vurmaq hüququ var.

Baymedia.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

NATO Baş katibi bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya verilən silahların istifadəsinə dair müxtəlif məhdudiyyətləri var. "Amma mən müttəfiqlərin Rusiya daxilindəki hərbi hədəflərə qarşı da silahdan istifadəsi ilə bağlı məhdudiyyətlərini azaltmasını və ya aradan qaldırmasını alqışlayıram. Çünki biz başa düşməliyik ki, bu, işğalçılıq müharibəsidir. Rusiya Ukraynaya hücum edib və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə hüququna təcavüzkar Rusiyanın ərazisinin qanuni hərbi hədəflərinə zərbələr endirmək də daxildir".

Baş katib Stoltenberq deyib ki, əgər Ukraynaya ona hücum edən hərbi hədəfləri vurmağa icazə verilmirsə, lakin eyni zamanda Ukraynadan özünü müdafiə etmək istənilirsə bu bir növ ölkənin "əllərini arxadan bağlamaqla " müqayisə oluna bilər.

"Özünümüdafiə eskalasiya deyil. Özünümüdafiə hüququ BMT nizamnaməsində təsbit olunub və bizim Ukraynaya özünümüdafiə etməkdə kömək etmək hüququmuz var və bununla da NATO müttəfiqləri münaqişənin tərəfinə çevrilmir".

NATO Baş katibi xatırladıb ki, indiyədək döyüşlərin böyük hissəsi Ukrayna ərazisinin dərinliklərində gedirdi, "lakin indi Rusiya şimalda yeni cəbhə açıb".

"Xarkov birbaşa Rusiya ərazisindən, sərhədin üzərindən bombardman edilir. Sərhəd və cəbhə demək olar ki, eynidir. Əgər Rusiya artilleriyası, raketləri ərazinin Rusiya tərəfində təhlükəsiz bir şəraitdə olarsa, Ukraynanın özünü müdafiə etməsi son dərəcə çətinləşər.
Ukraynanın Rusiya ərazisinin hərbi obyektlərinə zərbə endirmək hüququ var", - Stoltenberq vurğulayıb.