• 13 Avqust 2022
logo
Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

Güneyli ziyalılar Əkbər Azad və Həsən Raşidi tanınmış dilçi, alim Hüseyn Məhəmmədzadə Sədiqi (Hüseyn Düzgün) ziyarət ediblər.
Onlar bir müddət öncə Tehranın “Şəriəti” xəstəxanasından evə buraxılan Hüseyn Düzgünlə onun Tehran, Təbriz, Kərəc, Urmu, Zəngan və İsfahan şəhərlərindəki türk dili kurslarının fəaliyyətindən danışıb, gələcək fəaliyyət planlarını müzakirə ediblər.
Bir müddət öncə Özbəkistan Respublikasının Tehrandakı səfiri Bahadur Abdullayev və Özbəkistan səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Eldar Əsgərov güneyli yazıçı, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiqin (Hüseyn Düzgün) evində olub və onun səhhəti ilə maraqlanmışdılar.
Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Dərya Örs Hüseyn də Düzgünə zəng edərək onun durumu ilə maraqlanıb.
İki ölkə səfirinin tədqiqatçının durumu ilə maraqlanmasına, ona tibbi dəstək təklif etmələrinə baxmayaraq, İran hökumətinin məsulları ölkə və dünya səviyyəsində tanınan alimlə heç bir əlaqə saxlamayıblar.
Hüseyn Düzgün iyunun 4-də Tehranın "Şəriəti" xəstəxanasına yerləşdirilib və iyunun 9-da xəstəxanadan evə buraxılıb.
1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.
O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.
İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
O, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.
Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.
Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib.
Gunaz.tv