Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin ikinci kurs tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) praktik dərsdə iştirak ediblər. Praktik məşğələ Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni çərçivəsində keçirilib.
Tələbələri əvvəlcə kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qarşılayıb. O, kitabxananın fəaliyyəti, əsas iş prinsipləri və müasir kitabxana-informasiya xidmətləri barədə tələbələrə ətraflı məlumat verib.
Görüş zamanı direktor kitabxanada elektron xidmətlərin inkişafı, elektron kitabxananın formalaşdırılması, nəşrlərin rəqəmsallaşdırılması və skan edilməsi prosesi haqqında danışıb. MEK rəhbəri bildirib ki, kitabxananın saytında Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişləndirilmiş və təkmilləşdirilmiş “Səsli axtarış” funksiyası tətbiq edilib, həmçinin süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb.
H.Hüseynov qeyd edib ki, kitabxanada inklüziv xidmət resursları da hazırlanıb və bildirib ki, “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi bölmələr istifadəçilər üçün maraqlı və əlçatan imkanlar yaradır. Direktor gəncləri bu xidmətlərdən aktiv şəkildə yararlanmağa dəvət edib.
Daha sonra praktik məşğələ çərçivəsində tələbələr Mərkəzi Elmi Kitabxananın Reproqrafiya, eləcə də Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbələri ilə tanış olublar, informasiya resurslarının təşkili və idarə olunması sahəsində görülən işləri yaxından izləmək imkanı əldə ediblər.
Kitabxananın rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və müvafiq şöbələrin əməkdaşları tərəfindən aparılan işlər tələbələrə əyani şəkildə nümayiş etdirilib. Tələbələr proseslə tanış olmaqla yanaşı, bəzi mərhələlərdə birbaşa iştirak da ediblər.