• 27 Yanvar 2023
logo
“QHT-lərimiz bir daha sübut etdi ki, ekstremal şəraitlərdə nə qədər önəmli bir qüvvədirlər”

“QHT-lərimiz bir daha sübut etdi ki, ekstremal şəraitlərdə nə qədər önəmli bir qüvvədirlər”

Anar Turan: “Bu bir xalqın mücadiləsidir”

“Biz Vətən müharibəsində onların başınız elə əzdik ki, bir də çətin ki, özlərində gələrlər. Lakin biz buna da arxayın olmamalıyıq. Hər zaman əli tətikdə olmalı, özümüzü inkişaf etdirməli, elmi-texniki yeniliklərdən geri qalmamalı, hərb sahəsində bütün mümkün uğurlara doğru irəliləməliyik”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Milli Fikir və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Anar Turan səsləndirib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
–Anar bəy, illərdir ictimai sektorda fəallığınızla seçilirsiniz. İctimai sektorun, vətəndaş cəmiyyətinin inkişafında QHT-lər nə dərəcədə rol oynayır ?
–Azərbaycanda cəmiyyətinin aktiv kəsimi, ictimaiyyət nümayəndələri bu gün ölkəmizin taleyüklü məsələlələrinin həllində, problemlərin qoyulmasında, çıxış yolu üçün təkliflərin irəli sürülməsində xüsusi fəallıq göstərir. Bunun faydalarını iki istiqamətdə dəyərləndirmək olar. Həm cəmiyyətimizin aktivliyi inkişaf edir, ictimai-siyasi proseslərə reaksiyası adekvatlaşır, milli dövlətçilik prinsipləri ətrafında təşkilatlanma şüuru güclənir, eyni zamanda dövlətimizin ölkəmizin bütün regionlarında, dünya azərbaycanlılarının təsəvvüründə mövqeyi güclənir. İctimai sektorun, QHT – instutlarının güclənməsi, sistemli fəaliyyəti həm də xalq-dövlət, cəmiyyət-hakimiyyət arasında körpülərin qurulmasında və möhkəmlənməsində, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında əvəzolunmaz əhəmiyyət daşıyır.
–Laçın dəhlizində, Xankəndiyə gedən yolda Azərbaycan QHT-ləri mücadilə aparır. QHT-lərin burada rolu nədən ibarətdir ?
–Bəli, bu aksiyanın əsas qəhrəmanları QHT-lərdir. Məhz müxtəlif təşkilat və ictimai birliklərin üzvlərinin fədakarlığı, əzmkarlığı ilə bu günədək aksiya davam edir. QHT sistemi bir daha sübut etdi ki, ekstremal şəraitlərdə nə qədər önəmli bir qüvvədir. Sevindirici haldrı ki, Azərbaycan QHT-ləri dövlətə bağlılığı, vətənpərvərliyi və zamanında göstərmiş olduqları vətəndaş mövqelərinin olması ilə fərqlənirlər. İştirakçılar Rusiya sülhməramlılarından beynəlxalq hüquq baxımından qanuni torpaqlarımız olan Qarabağın dağlıq ərazilərində ətraf mühitin monitorinqi üçün ekoloqlarımıza şərait yaradılmasını tələb edirlər. Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun aksiyaların keçirildiyi əraziyə gəlib cəmiyyətimizi narahat edən haqlı suallara cavab verməli olduğunu düşünürlər. Biz də öz təşkilatımızın üzvləri ilə Şuşaya getdik və Laçın dəhlizində keçirilən ekoloji tələblərlər üzərində qurulan həmin aksiyalarda iştirak etdik. Əlbəttə, biz düşünürük ki, etiraz aksiyaları tələblər yerinə yetirilənədək səngiməməlidir. Biz tələblərimizdə israrlı olmalıyıq. Qarşı tərəf anlamalıdır ki, zarafat etmirik, tələblərimiz də kifayət qədər ciddidir. Əgər onlar etirazlarımıza məhəl qoymasalar, biz də etirazları davam etdirməliyik. Sülhməramlılar da yaxşı olar ki, birtərəfli deyil, bitərəf missiya daşıyıcısı olduğunu unutmasınlar. Bu bir xalqın mücadiləsidir desək yanılmarıq. Orada iştirak edənlərin mütləq əksəriyyəti vətəndaş cəmiyyətinin aparıcı hissələridir. Bu etiraz aksiyaları gördüyünüz kimi, Ermənistanı və dəstək verdiyi bir qrup Qarabağ separatçısının işini də iflic edib.
–Etiraz aksiyasında daha nələr sizin diqqətinizi cəlb etdi ?
–Məni bu aksiyada duyğulandıran, təsirləndirən məqamlar barədə hətta məqalə də yazdım. Rus sülhməramlıları ilə üzbə-üz dayandığımız, haqqlarımızı çılpaqlığı ilə onların üzünə vurduğumuz anda içimizdə zərrə qədər narahatlığın, qorxunun olmaması mühüm şərt idi. Çünki ərazidə ordumuzun xüsusi təyinatlılarının nəzarətini, müşahidəsini görürdük, bu mühafizəni hiss edirdik. Bu bizə rahatlıq verirdi. Bilirdik ki, bu aksiyalar ötən əsrin 80-ci illərinin sonunda Bakıdakı mitinqlərdən deyildi. Düzdür orada da böyük ruh var idi. Lakin insanlar başlarına nə gələcəyindən əmin deyildilər. Burada isə tam başqa ab-hava idi. Qalib azərbaycanlının Xankəndi separatçılarına və onların havadarlarına qulaqburması idi. Bu aksiyalar dünyanın bir sıra ölkələrinin media resurslarında yer aldı. Böyük Britaniya, Türkiyə, Pakistan, Moldova, Rusiya, Ukrayna, İsrail, Hindistan mediası aksiyaları ictimailəşdirdi. Hətta öz fotolarımızı xarici ölkə mətbuatının səhifələrində görəndə həm təəcübkəndik, həm də sevindik. Hələ aksiyada səslənən milliyyətçi-vətənpərvər musiqiləri demirəm. “Mənəm, mənəm Türk, önümə gələn hürk!” sözləri ilə yazılan cənginin sədaları düz Xankəndiyə– Vitali Balasanyanın, Ruben Vardanyanın qulağına çatırdı. Əminəm ki, bizim qəhrəmanlıq musiqilərimiz onları yatmağa qoymur. Hələ ictimai fəallarımızla əl-ələ tutub yallı getdiyimiz möhtəşəm anları demirəm. Bu birlik, həmrəylik yallısını görüntülərdən izləyən separatçıların, əminəm ki, olan-olmaz ağlı da başından çıxır, ürəyi yerindən qopur. Düşmən yaxşı bilir ki, Şuşada yallı gedən üçün Xankəndidə eynisini təkrarlamaq bir içimlik sudur. Rus-erməni teleqram kanallarını incələyirdik ki, bir də gördük ki, separatçıbaşı Arayik Arutyunyan İrəvandan Xankəndiyə onlayn toplantı keçirib. Biixtiyar gülmək bizi tutdu. Bəli, Arutyunyanın “Ekoloji terrora son” aksiyası başlanan gündən Xankəndiyə ayağı kəsilməsi, gələ bilməməsi, məcbur qalıb “zoom” iclas keçirməsi etiraz aksiyasının nəticəsi idi.
–Təşkilatınızın maraqlı adı var. Bəs məqsədləri və məramları nədir?
-İctimai Birliyimiz ötən il dövlət qeydiyyatından keçsə də, 3 ildən çox idi ki, fəaliyyət göstərir. Üzvlərimiz fəal və vətənpərvər gənclərdir. Hər biri dövlətimizi sevən, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət edən şəxslərdir. Təşkilatımızın əsas prinsiplərindən biri də budur ki, məhz belə insanlarımızı birləşdirmək, Vətənimizin üçün faydalı ola biləcək tədbilər, layihələr həyata keçirək. Bundan əlavə, Azərbaycanın dəyərlərini, siyasi və mədəni həqiqətlərini dünyada , həmçinin Azərbaycan cəmiyyətində milli düşüncənin, tariximizin, mədəniyyətimizin vacib hissələrini təbliğ etmək əsas vəzifələrimizdən biridir. Bir sözlə, milli qafalı, müasir düşüncəli Azərbaycan insanını hər yerdə görmək bizim əsas istəklərimizdən biridir. Çalışmalarımız, maarifləndirmə tədbilərimiz də əsasən buun üzərində qurulmasını istəyirik. Hazırda Vətən müharibəsinin təbliği və şüurlarımızda qələbə ruhunun möhkəmləndirilməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsini və sənədli video-süjetlərin çəkilməsini planlaşdırırıq. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də dəstəyini üzərimizdə hiss edirik. Əlbəttə, dövlətin dəstəyi olarsa milli və vətəndaş cəmiyyətinin inkişafına yönəlik təşəbbüslərin reallaşması daha sürətlənir və reallaşmasında heç bir əngəl qalmır. Bu çox vacib məsələdir. Dövlət QHT-lərin inkişafında maraqlı olmalıdır.
–Siz həm də tədqiqatçısınız. Erməni terroru ilə bağlı bir sıra kitabların müəllifisiniz. Sizcə, erməni revanşizminin, terror düşüncəsinin alt qatında nə dayanır?
–Biz Vətən müharibəsində onların başınız elə əzdik ki, bir də çətin ki, özlərində gələrlər. Lakin biz buna da arxayın olmamalıyıq. Hər zaman əli tətikdə olmalı, özümüzü inkişaf etdirməli, elmi-texniki yeniliklərdən geri qalmamalı, hərb sahəsində bütün mümkün uğurlara doğru irəliləməliyik. O ki qaldı ermənilərdə olan revanşizmin mənşəyinə. Bu xülyalardan irəli gəlir. Bu xülyaların da kökündə erməni Qriqorian kilsəsi dayanır. Erməni millətçi ideologiyasının təbliğat mexanizmi elə qurulub ki, burada heç kəsə güzəşt yoxdur. Hətta ermənilərin özlərinə də. Daşnakları qonşu xalqlara qarşı terror siyasətindən əl çəkməyə çağıran kim varsa, ya təqib olunub, ya mövqeyini dəyişməyə məcbur edilib, ya da qətlə yetirilib. Bu məsələdə hətta qriqorian kilsə xadimlərinin də haqlı iradlarına baxılmayıb. Halbuki erməni faşist ideologiyasının təşəkkül tapdığı və dəstək gördüyü əsas qurum da elə qriqorian kilsəsi olub.
Erməni dini mərkəzləri, tarixən həm də siyasi-ideoloji mahiyyət daşıyıb. Amerika tarixçisi Samuel Vims yazır ki, xristian ermənilərin və müsəlman türklərin arasında yaranan nifrətin təməlində erməni kilsəsinin qoyduğu daşlar durur. Lakin az da olsa, istisnalar var. Erməni keşişi Gevond Turyan (bəzi mənbələrdə Levon) kimi. O, əks düşüncələrinə görə daşnakların qəzəbinə tuş gələnlərdən olub. Bəs, ermənilər arasında böyük nüfuza malik olan baş keşiş nə deyirdi ? Anti–türk siyasət prinsiplərində heç zaman bir-birinin ayağını tapdalamayan erməni dini-ideoloji mərkəzləri üçün Gevond Turyan başağrısına çevrilmişdi.
Erməni dini icmalarını Allaha ibadət missiyasından kənara çıxmaqda ittiham edən baş keşiş öz çıxış və yazılarında onları ifşa edirdi. Hətta “Dadjar” jurnalı onun düşüncələrini çap etmişdi. Baş keşiş yazırdı: “Erməni dini icmaları uzun illərdən bəri millətçi partiyaların inqilab ocaqları olmuş və ən şeytani proqramlar burada hazırlanmışdır. Dini mərkəzlər, silah anbarı və sui-qəsd mərkəzi rolunu oynamışdır. Dini liderlər söz və yazı ilə, özlərinə inanmış xalqı üsyana (türklərə qarşı – A.Turan) sövq etmişlər. Artıq moizələrdə uca sözlər və İncilin doktrinaları zikr edilmirdi. Sədaqət və doğruluq yerinə üsyan, insanlıq yerinə kin və qisas, əxlaq yerinə alçaqlıq və rəzillik dilə gətirilirdi… Dini liderlər, erməni terror təşkilatlarının, partiyaların keçirdikləri bayram və toplantılara rəhbərlik edirdi. Baş keşinin türklər haqqında qərəzdən uzaq, həqiqəti ehtiva etdiyi fikirləri 1917-ci ildə İstanbulda nəşr edilir. Təqiblərdən yaxa qurtarmaq üçün 1922-ci ildə ABŞ-a köçən din xadimi orada da erməni diasporunun aqressiv kəsimi tərəfindən təhdid olunur. Fikirlərindən dönməyən və erməni dini mərkəzlərin din-mənəviyyat məsələlərini kənara qoyaraq, yalnız ideoloji mərkəz rolunu oynadığını dilə gətirən Gevond Turyan 1933-cü ilin dekabrın 24-də erməni ayinlərini idarə etmək üçün Nyu-Yorka gəlib. Elə həmin gün daşnak terrorçular tərəfindən qondarma erməni mübarizəsinə “xəyanət” etdiyi üçün qətlə yetirilib. Bax, budur erməni millətçi hərəkatının iç üzü. Terror, qonşu xalqlara qarşı soyqırımı törətmək, etnik təmizləmə və s. Bunlar insanlığın düşmənidilər. Ermənilərə düzgün yol göstərən, onları işıqlı sabaha çıxarmaq istəyən nüfuzlu din xadiminin aqibəti də belə acınacaqlı olub. Ən azı, 100 ildir ki, erməni xalqının taleyi həm bədnam “ziyalıları”nın, həm də kilsə xadimlərinin əlində oyuncağa çevrilib, erməni xalqı paranoyaya sürüklənib. Bu taleyi, bu qədəri dəyişdirmək istəyən, xülyalarla reallıqları ayıra bilən Gevond Turyan kimi mürtərəqqi düşüncəli insanlar isə bax belə aradan götürülüb. Ona görə də erməni cəmiyyəti ilk öncə qonşu xalqlara, xüsusilə türklərə qarşı revanşist tribunlardan, siyasətçilərdən, din xadimlərindən uzaq dayanmalı, onları ifaş etməlidirlər. Əks halda ermənilər üçün Qafqazda nicat heç zaman olmayacaq!
Əli Zülfüqaroğlu