Ötən həftə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti təkcə Rusiyada deyil, İranda da etirazlar doğurub. Tehran bu tədbirdən məmnun görünmür, hətta bəzi hallarda özü üçün təhdid mənbəyi kimi yanaşdığını da qeyd edir. Məsələn, Azərbaycan əleyhinə sistemli olaraq kampaniya aparan və İran dövləti tərəfindən maliyyələşən “Səhər” TV kanalı bununla bağlı “Avropanın İrəvan addımı: Cənubi Qafqazda yeni siyasi siqnallar müşahidə olunur” başlıqlı məqalə ilə çıxış edib. (mənbə: Tia.az).
Telekanalın rəsmi səhifəsində yayınlanan məqalədə deyilir ki, Avropa siyasi dairələrinin Ermənistanda toplantı keçirməsi, Cənubi Qafqazda güc balansının dəyişməsi fonunda həm Bakıya, həm Moskvaya, həm də İrəvana yönəlik çoxqatlı mesajlar daşıyır: “İrəvanın Avropa üçün siyasi platforma kimi seçilməsi 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlarla birbaşa bağlıdır”.
TV qeyd edir ki, sammitdə Azərbaycan üçün də mesajlar var: “Azərbaycan üçün verilən əsas mesaj da budur ki, Avropa Bakı ilə yalnız enerji tərəfdaşı kimi deyil, sülh sazişi və sərhəd təhlükəsizliyi kimi mövzularda öz rolunu artırmağa çalışacaq. Avropanın İrəvan üzərindən aktivləşməsi həmçinin Bakıya "regiondakı proseslər yalnız sizinlə və Moskva ilə məhdud deyil" mesajını verir".
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə İran mediasının bu cür reaksiyası gözlənilməz deyil, amma burada diqqətçəkən məqam Tehranın narahatlığının açıq şəkildə mediaya ötürülməsidir. İranın dövlət telekanalının bu mövzunu qabartması göstərir ki, məsələ təkcə informasiya deyil, həm də siyasi siqnaldır.
Məqalədə Azərbaycanla bağlı verilən mesajlar Bakıya alternativ güc mərkəzlərinin artdığını xatırlatmaq məqsədi daşıyır. Amma Tehran unutmamalıdır ki, Azərbaycan artıq regionda müstəqil və balanslaşdırılmış siyasət yürüdən əsas oyunçulardan biridir, kənar mesajlarla istiqamətini dəyişən aktor deyil.
Ümumilikdə bu reaksiya bir daha göstərir ki, Tehran son müharibədən sonra Cənubi Qafqazda yeni təşəbbüslərə, məsələn, “Tramp yolu”na qarşı olduğunu təkcə reaksiya göstərmək niyyətində deyil, həm də bu proseslərə təsir etmək, hətta “ağalıq” istəyindədir.
Siyasi təhlilçi Sona Əliyeva bütün bunların təsadüf olmadığını vurğuladı: “İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti ətrafında yaranan reaksiyalar göstərdi ki, məsələ təkcə Ermənistanın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbir deyil. Xüsusilə İran mediasının buna verdiyi sərt və narahat reaksiyalar onu göstərir ki, Tehran regionda formalaşan yeni siyasi dinamikanı artıq açıq təhlükəsizlik məsələsi kimi qəbul etməyə başlayıb. "Səhər" TV kimi dövlətə yaxın media resurslarının sammiti xüsusi vurğulaması təsadüfi deyil. Burada əsas diqqətçəkən məqam Avropanın Ermənistanda görünən siyasi aktivliyindən daha çox, Cənubi Qafqazda yeni güc konfiqurasiyasının formalaşmasıdır. İran anlayır ki, 2020-ci ildən sonra bölgədə yaranan reallıq əvvəlki balansları ciddi şəkildə dəyişib. Ukrayna müharibəsi Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını zəiflədib. Bu boşluqda isə fərqli aktorlar daha görünən olmağa çalışır. Türkiyə hərbi-siyasi təsirini artırır, Avropa siyasi iştirakını genişləndirmək istəyir, Azərbaycan isə artıq regional proseslərin mərkəzində qərar verən əsas oyunçulardan biri kimi çıxış edir. Məhz bu dəyişiklik Tehranı narahat edən əsas faktorlardan biridir. İran mediasında Azərbaycana yönələn mesajların mahiyyəti də buradan qaynaqlanır. Bakıya dolayısı yolla mesaj göndərilir ki, regionda alternativ siyasi mərkəzlər formalaşır və yeni oyun qaydaları yaranır. Ancaq görünən odur ki, Azərbaycan artıq xarici təsir mərkəzlərinin diktəsi ilə hərəkət edən ölkə deyil. Bakı son illərdə həm regional təhlükəsizlik, həm enerji siyasəti, həm də diplomatik münasibətlər baxımından daha balanslı və müstəqil xətt formalaşdırmağa çalışır. Tehranın əsas narahatlığı isə düşündüyümüzdən daha dərindir. Burada söhbət yalnız Avropa sammitindən getmir. İran regionda öz təsir imkanlarının zəifləməsini və sərhədləri yaxınlığında yeni geosiyasi xəttin qurulmasını risk kimi görür. Xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr, Türkiyənin artan rolu və Qərbin bölgəyə daha açıq maraq göstərməsi Tehran üçün strateji həssaslıq yaradıb. Amma reallıq budur ki, İranın Cənubi Qafqazda əvvəlki dövrlərlə müqayisədə daha məhdud təsir imkanları var. Sanksiyalar iqtisadi potensialını zəiflədib, region ölkələri daha çoxşaxəli siyasət yürütməyə başlayıb, Ermənistan belə artıq yalnız bir mərkəzə bağlı qalmaq istəmir. Buna görə Tehran daha çox siyasi mesajlar, psixoloji təzyiq, media vasitəsilə mövqeyini qorumağa çalışır. İrəvandakı sammit bir daha göstərdi ki, Cənubi Qafqaz artıq yalnız lokal münaqişə zonası deyil. Bölgə artıq qlobal rəqabətin yeni siyasi meydanlarından birinə çevrilir. Belə bir şəraitdə ən böyük üstünlük emosional reaksiyalar verən dövlətlərin yox, çoxvektorlu və çevik siyasət qura bilən aktorların əlində olacaq".
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının İranın qərəzli münasibətinə mövqeyi olduqca sərt oldu: “İran ötən həftə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə kəskin etirazını bildirir. Ancaq təəssüf doğuran odur ki, İran molla rejimi öz modundadır. Yenə də Azərbaycan dövlətini hədəfə götürür. Sammitin keçirildiyi Ermənistana heç bir etiraz etmir. Bunun adı nədir? Bilirsiniz ki, Azərbaycan bu tədbirdə yalnız video bağlantı ilə qoşulub və cənab prezident həm Avropa Şurasının, həm də Avropa İttifaqının Azərbaycana qarşı qərəzli formada beynəlxalq normaları, beynəlxalq hüququ kobud şəkildə pozduğunu onların diqqətinə çatdırıb. Bundan İran niyə narahat olur ki? Digər tərəfdən, İranın ”Səhər" kanalı uzun illərdir ki, Azərbaycanı hədəfə götürüb, bütün fəaliyyətini Azərbaycana qarşı hədələmə, gözdən salma, qərəzli, böhtan, əsası olmayan verilişlərə yönəldib. Ən maraqlısı da odur ki, kanalın hazırladığı verilişləri bütün İran əhalisinə göstərmirlər. Yalnız Azərbaycanla sərhəd rayonlarda, bölgələrdə yayırlar. Bütün bunlar ölkəmizə təzyiq xarakter daşıyır. Biz bilmirik ki, Azərbaycanı hədəfə alan Avropa təsissatlarının əsassız ittihamlarına cavab verək, yoxsa İran molla rejiminin şantajına, hədəsinə. “Səhər” kanalının ağ yalanına baxın. Avropanı Bakı ilə enerji tərəfdaşı kimi təqdim edir. Ancaq nədənsə Avropa deputatlarının Bakı neftini, qazını almamağa çağırışını qeyd etmir. Tehran əsassız yerə yenə də Azərbaycana qarşı qərəzli mövqeyini rəsmi media orqanlarında yaymağa başlayıb. Azərbaycan artıq uzun illərdir ki, dünyaya sübut edib ki, regionda müstəqil, heç bir dövlət və ya təşkilatdan asılı olmayan və balanslaşdırılmış siyasət yürüdür. Kiminsə marağından və ya hansısa təşkilatın diktəsi ilə çıxış etmir. Tehranın narahatlığının əsasında Cənubi Qafqazda “Tramp yolu” nun reallaşması da durur. Molla rejimi ilk gündən buna qarşı olub. Amerikanın Ermənistana nəzarət etmək istəyini və bunu özləri üçün ciddi təhlükə mənbəyi kimi görürlər. Ancaq unudurlar ki, Amerikanın dünyada ən çox səfirlik işçilərinin sayı, təxminən 1500 nəfər yaxın şəxs məhz Ermənistanda fəaliyyət göstərir. O, Ermənistan ki, Rusiyadan sonra ona ən çox enerji, neft, qaz, hərbi texnika, raket və s. dəstək verən İran dövlətidir. İran Ermənistana hansı səbəbdən böyük dəstək verir? Əlbəttə ki, bunun səbəbi Azərbaycana olan mənfi münasibətidir. Bütün bunları xalqımız çox yaxşı bilir. Ona görə də İran boş yerə Azərbaycanı hədəfə almasın".