• 12 Avqust 2022
logo
Zəngilanda bir günün on illərə bərabər təəssüratları

Zəngilanda bir günün on illərə bərabər təəssüratları - FOTO

Ölkədə fəaliyyət göstərən siyasi partiyaları bir araya gətirən bu səfər bir çox məqamları özündə ehtiva edərək belə bir reallığı da təsdiqlədi ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi vacib amillərdəndir

Artıq iki ilə yaxındır ki yaşadığımız Zəfər sevinci işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda daha da artır, düşmən tapdağından təmizlənmiş bu torpaqlarımızın tezliklə cənnət məkana çevriləcəyindən sonsuz qürur hissi keçiririk. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra 16 noyabrda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri sonrakı addımların aydın mənzərəsini yaratdı. Ölkə Prezidentinin və birinci xanımın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfərləri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışa doğru atılan mühüm addım kimi yadda qalır. Qarabağın və Şərqi Zəngəzurun yağı düşmən tapdağından azad edildiyi ilk günlərdə bu tarixi ərazilərimizin mənzərəsi belə idi ki, 30 ilə yaxın dövrdə ermənilər bu torpaqları tamamilə yerlə-yeksan edib, bütün evləri, tikililəri dağıdıb, bir daşı daş üstə belə qoymayıblar. Dağıntılar, törədilən vəhşiliklər elə ilk baxışdanca bu torpaqların əsl sahibinin kim olduğuna çağırışlar edirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş tarixi torpaqlarımıza hər səfəri zamanı dönə-dönə bəyan etdiyi kimi, dünya ictimaiyyəti bu vandalizm aktlarının qanlı izlərini görməklə neçə illərdir necə bir vəhşi toplumun barbarlıq əməlləri ilə üz-üzə olduğumuzu görməli, kimin təcavüzkar, kimin təcavüzə məruz qaldığını ayırd etməlidir.

Cənab Prezidentin ilk gündən tapşırıqları sırasında siyasi partiya, qeyri-hökumət təşkilatları rəhbərlərinin, siyasi şərhçilərin, ekspertlərin, jurnalistlərin bu ərazilərə mütəmadi səfərləri, erməni quldurlarının orada törətdikləri vəhşilikləri əyani surətdə görmələri, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları və təbliğ etmələri mühüm vəzifə kimi qarşıya qoyulub. Bir mühüm məqamı xüsusi vurğulamaq gərəkdir ki, son ilyarımdan artıq dövrdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici jurnalistlər, politoloqlar və beynəlxalq ictimaiyyətin digər təmsilçiləri bu ərazilərə bir neçə dəfə səfərlər edib, gördüklərindən dəhşətə gəldiklərini etiraf ediblər.

Bütün bunlarla yanaşı, iki ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərimizə hər bir Azərbaycan vətəndaşının səfərini təmin etmək üçün Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya və Ağdama müntəzəm avtobus reyslərinin açılmasını da xüsusi məmnuniyyət hissi ilə qeyd etmək istərdim. Onu da vurğulamaq istərdim ki, belə səfərlərin işğaldan azad edilmiş digər şəhərlərimizə, rayonlarımıza təşkil edilməsi prosesinə də start verilib. Artıq Füzuli rayonuna şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verilib. Bəli, obrazlı şəkildə ifadə etməli olsaq 30 ildən sonra tarixi sahiblərinə qovuşan bu ərazilərimiz, eyni zamanda, ötən hər gün yeni-yeni qonaqlarını qarşılamalarına, erməni vandalizmindən xilas olmalarına, yeni çal-çağırlı həyatın başlanmasına görə son dərəcə xoşbəxtdirlər. Erməni vəhşiliklərinə şahidlik edən hər daş, hər qaya, hər küçə bu gün sanki dil açıb tamamilə başqa mənzərədən, onlara göstərilən diqqət və qayğıdan ağızdolusu danışır.

İyunun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloqların və siyasi şərhçilərin, habelə media nümayəndələrinin Zəngilan rayonuna səfərləri də bir çox məqamların təqdimatı baxımından son dərəcə əhəmiyyətli və diqqətçəkən oldu.

Ölkədə siyasi dialoq ənənəsinin və təcrübəsinin daha da dərinləşdirilməsinə xidmət edən addım

Günümüzün reallıqları fonunda bu mühüm məqamı xüsusi qeyd edə bilərik ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti daim müxtəlif təşəbbüslər vasitəsilə bu məsələnin aktuallığını diqqətə çatdırır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşləri, onlarla ölkənin aktual məsələləri, taleyüklü problemləri və gündəmin digər mövzuları ətrafında fikir mübadiləsi aparması bu prosesin daha da sürətli inkişafına müsbət təsir göstərir. Hesab edirəm ki, Zəngilan səfəri bu baxımdan son dərəcə əhəmiyyətli oldu. Çünki səfərin əsas iştirakçıları ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, tanınmış politoloqlar, siyasi şərhçilər, ekspertlər və media təmsilçiləri idilər. Şübhəsiz, müxtəlif siyasi baxışların, fərqli mövqelərin daşıyıcıları olan, başqa sözlə ifadə etməli olsaq, iqtidar və müxalifət düşərgələrində yer alan insanların işğaldan azad edilmiş ərazilərə birgə səfərləri, reallıqlara eyni yanaşmanı ortaya qoymaları təqdirəlayiq addım kimi qiymətləndirilməlidir. Reallıq budur ki, dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti durmadan inkişaf edir. 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın, necə deyərlər, bir yumruğa çevrilərək böyük Qələbə naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi oldu. Vətən müharibəsinin gedişində 50-dən artıq siyasi partiya Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasətə dəstəklərini birgə qəbul etdikləri bəyanatla təsdiqlədilər. Sonrakı dönəmdə bu addımlar davamlılığı ilə diqqət çəkdi. Eyni ab-hava, dəstək iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin müttəfiqliyinə şahidlik edən, hər iki dövlətin ali qanunverici orqanları tərəfindən rəsmən təsdiqlənən Şuşa Bəyannaməsinin imzalanmasından sonra da yaşandı.

Hazırda Azərbaycanda demokratik dəyərlərin, siyasi dialoq mühitinin təşviqinə xidmət edən təşəbbüslərin icrası uğurla davam etdirilir. Tarixi Zəfərimizdən sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində keçirilən "Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq" mövzusunda görüşün ardınca işğaldan azad edilmiş ərazilərimizə təşkil olunan belə səfərlər, şübhəsiz, hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır.

Ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri öncə ötən ilin 17 mart tarixində Ağdam şəhərinə təşkil olunmuşdu. İkinci səfər ötən ilin 7 oktyabr tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərinə edilmişdi. Belə tərkibli səfərin növbəti ünvanı yenə mədəniyyət paytaxtımız Şuşa oldu. Bu ilin iyun ayının 15-də Yeni Azərbaycan Partiyasının, və qardaş Türkiyənin Ədalət və və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə türk dünyasının mədəniyyət paytaxtı Şuşada Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin tədbirin iştirakçıları sırasında ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin də olması xüsusilə təqdir olunmalı addımdır.

Zəngilan səfəri belə tərkibdə gerçəkləşən sayca dördüncü səfər idi. Səfərdə 40-dan artıq siyasi partiyanın 50-yə yaxın nümayəndəsi təmsil olunurdu. Həmçinin 10-a yaxın politoloq, siyasi şərhçi və 20-dən artıq jurnalist də bu səfərin iştirakçısı olaraq həm ölkədə yaradılan siyasi dialoq mühitinin, həm də işğaldan azad edilən Zəngilanın qısa zamanda necə sürətlə bərpa edildiyinin, burada yaradılan şəraitin şahidi oldular. Onu da unutmayaq ki, Zəngilanın Ağalı kəndi işğaldan azad edilmiş ərazilərimizdə, ümumiyyətlə, Azərbaycanda ərsəyə gətirilən ilk “ağıllı kənd”dir.

Səfərin ilk ünvanı- Cəbrayıl rayonu

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürəti bu torpaqların minalardan təmizlənməsindən asılıdır. Minalardan təmizlənmə həm vaxt itkisidir, həm də böyük məbləğdə vəsait tələb edir. Azərbaycan dövləti tarixi Zəfərimizin ilk günündən Ermənistandan mina xəritələrinin verilməsini tələb etdi. Lakin işğalçı dövlət gah onlarda belə bir xəritənin olmamamasını bildirdi, gah da dəqiqliyi sual doğuran xəritələri təqdim etdi.

Səfər zamanı iştirakçılara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verildi. Həmçinin bizə düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək fürsəti də yaradıldı. Səfərin iştirakçıları olaraq biz, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınlarının, minaaxtaran itlərin təmizləmə proseslərini də izləmək imkanı əldə etdik.

Mina xəritələrindən rəsmi İrəvanın siyasi spekulyasiya məqsədilə istifadə etdiyini qeyd edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu istiqamətdə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması prosesində bütün siyasi partiyaların fəal iştirakının vacibliyini bildirdi. Xüsusi vurğuladı ki, görünən budur ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsini istəmir, əksinə, sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Halbuki, üçtərəfli Bəyanatın imzalanmasından sonra mina xəritələrinin təhvil verilməsi Ermənistanın öhdəliyidir, yəni işğalçı dövlət bu xəritələri tam şəkildə təqdim etməlidir. Aparılan fikir mübadiləsi çərçivəsində bir daha qeyd edildi ki, mülki əhalinin ölümünə və insan faciəsinə səbəb olan Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə qarşı adekvat tədbirlər görməlidir.

Zəngilan Böyük Qayıdışın ilk ünvanı olacaq

Azad edilmiş ərazilərimiz hazırda nəhəng tikinti meydançasını xatırladır. Bu ərazilərə daxil olarkən biz bir daha bunun şahidi olduq. Hər tərəfdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Zəngilanda da bərpa-quruculuq işlərinin geniş vüsət alması səfərin hər bir iştirakçısının qəlbində xoş duyğular oyatdı. Burada sözün əsl mənasında həyat qaynayır, hər addımda obrazlı şəkildə ifadə etsək, Böyük Qayıdışın nəfəsi duyulurdu. Axı, Zəngilanın Ağalı kəndi yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə ilk “ağıllı kənd” olaraq sakinlərini qarşılamalıdır.

Ötən ilin aprelində işğaldan azad edilmiş Zəngilan rayonunda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyuldu. Ağalı kəndində icra olunan layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

Dövlət başçısı İlham Əliyev ilk gündən azad olunmuş ərazilərin bərpası ilə bağlı qarşıya qoyduğu vəzifələri açıqladı. Bəyan edildi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. 2021-ci il aprelin 26-da bu istiqamətdə ilk addım atıldı. Müzəffər Ali Baş Komandan bu mühüm hadisəni Böyük Qayıdışın başlandığı günü kimi dəyərləndirdi. “Ağıllı kənd” pilot layihəsi 5 komponent üzrə icra edilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq onlarla fərdi evlərin tikintisi reallaşdırılıb. Evlər əsasən bir və iki mərtəbədən ibarətdir. Evlər sahiblərinə təqdim olunarkən ailələrin say tərkibinə uyğun bölgü aparılacaq. Həmin evlərlə tanış olarkən bir daha şahid olduq ki, dövlətimiz öz doğma yurdlarına qayıdacaq insanlarımız üçün ən rahat və müasir şərait yaradıb. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri hesabına təmin ediləcək.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Hazırda Ağalı kəndləri sakinlərini qarşılamağa hazırlaşır.

Səfər çərçivəsində “ağıllı kənd” layihəsi ilə yaxından tanış olmaq imkanını qazandıq. Zəngilanda səfər iştirakçılarını qarşılayan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri layihə haqqında geniş məlumat verdilər. Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. Burada onlarla fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi həyata keçirilib.

Səfər çərçivəsində Ağalı kəndində yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olduq. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Göründüyü kimi, müasir dövrün tələbləri səviyyəsində yenidən bərpa olunan Ağalı kəndləri yeniliyin ünvanı kimi diqqətdə olacaqlar. O da məlumdur ki, Ağalı ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk “ağıllı şəhər” olacaq. Konsepsiya, adından da göründüyü kimi, bütün proseslərin yeni texnologiyalar əsasında həyata keçirilməsinə yönəlib. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında soydaşlarımızın 30 ilə yaxın dövrdə bütün çətinliklərini önə çəkərək onlar üçün ən yüksək şəraitin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də yeniliyin tərkib hissəsidir. İdarəetmə sistemində təkmilləşmə, yeniləşmə hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev bu il mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir: “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.” Ölkə Prezidenti bu çağırışı da etmişdir ki, azad edilmiş bütün torpaqlarda görüləcək işlər ancaq Baş planlar əsasında olmalıdır: “Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq.” Zəngilan rayonuna səfər çərçivəsində Ağalı kəndində “Gillmed” tikiş fabriki, Ailə Sağlamlıq Mərkəzi (tibb məntəqəsi), uşaq bağçası, kənd orta məktəbi və bir sıra başqa obyektlərlə tanış olduq.

İşğaldan azad edilmiş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi prioritetdir

Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Hər iki dövlət sənədi işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanlardan səmərəli istifadəyə geniş imkanlar açacaq.

Zəngilan rayonuna səfərin gedişində Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolundan, həmçinin bu bölgədən keçən loqistik layihələrdən geniş bəhs olundu. Onu da qeyd edək ki, bu il Zəngilan Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi nəzərdə tutulur. Ötən il Qarabağın dünyaya açılan hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Həmin səfər zamanı diqqətçəkən və Zəngilanın gələcək inkişafına öz töhfəsini verəcək mühüm hadisəni də qeyd etmək vacibdir. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olduqdan sonra iki qardaş ölkənin birgə investisiya layihəsi olan “Dost Aqropark”ın təməlini qoydular. Qeyd edək ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

“Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır” bəyan edən dövlət başçısı İlham Əliyev bildirir ki, çünki burada təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.

Zəngilan səfəri çərçivəsində bu rayonda geniş miqyas alan bərpa-quruculuq işləri ilə tanışlıq hər birimizdə böyük qürur hissi yaradırdı. Zəngilan Beynəlxalq Hava Limanı, ümumi uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcə də Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında məlumat əldə etdik. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Turizm diyarı azad Zəngilanın həyatında yeni dövr başlayır

Şübhəsiz, Azərbaycanın hər bir bölgəsi malik olduğu imkanları ilə diqqətçəkəndir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın turizm imkanları hər kəsə məlumdur. Səfər çərçivəsində Zəngilanın turizm potensialı ilə də tanış olduq. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları burada yaxın gələcəkdə turizmin inkişafına böyük zəmin yaradır. Dövlət başçısı İlham Əliyev bu hədəfi qarşıya qoyub: “Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq.”

Zəngilanda istirahət zonaları yaradılacaq və kənd turizmi inkişaf etdiriləcək. Bir sözlə, yaradılacaq yeni infrastruktur Zəngilana qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Səfər zamanı Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət etdik, həmçinin Həkəri çayına balıq buraxılma mərasiminin iştirakçısı olduq.

Qeyd edək ki, cənab İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu hədəfi də qarşıya qoymuşdur: “ Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir.” Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Zəngilanın yeni dövrü başlayır.

Heç vaxt unudulmayacaq bir gün

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq mühiti çərçivəsində təşkil olunan belə səfərlər sağlam əməkdaşlıq münasibətlərinin və demokratik məzmunlu dayanaqlı dialoq ənənələrinin dərinləşməsinə xidmət edir.

Səfərin sonunda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirakçılara təşəkkürünü bildirərək Zəngilana səfərin əhəmiyyətindən bəhs etdi.

Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərimizə hər səfər 30 ilə yaxın düşmən tapdağı altında qalan bu ərazilərimizin illərdir yaşadıqlarının şahidi olmağımıza imkanlar yaradır. Otuz il çəkən işğal dövründə törədilən vəhşiliklər erməni vandalizminin eybəcər sifətini dünyaya çatdırır. Bu torpaqların onlara məxsusluğunu iddia edənlərə nə üçün dünya gücləri sual etmədi ki, əgər sizindirsə niyə 30 ildə bir daşı daş üstə qoymadınız? Əksinə 30 ildə bu torpaqları yerlə-yeksan edən, tarixi və dini abidələrimizi dağıdan, məscidlərimizdə donuz saxlamaqla bütövlükdə İslam dünyasını təhqir edən bir dövlət heç bir təzyiqlə üzləşmirsə, ona qarşı sanksiya tətbiq olunmursa, dünya ictimaiyyəti ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğuna necə inanacaq? Reallıq budur ki, bəzi dünya güclərinin özü beynəlxalq hüququn mövcudluğunu şübhə altına alır, zamana və məkana görə tətbiq etməklə bu məfhumdan öz maraqları üçün bəhrələndiklərini təsdiqləyirlər. 44 günlük Vətən müharibəsi dünya güclərinə düşüncələrinin yanlış olduğunu nümayiş etdirdi, ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi. Ədalətin bərpası dünyaya vacib olan mesajları çatdırdı.

Bəli, artıq iki ilə yaxındır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət alması, yeni həyatın başlanması ilə yanaşı, Ermənistanın və ona havadarlıq edən dövlətlərin yeni reallıqlarla barışıb regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini artırmalarından ibarətdir. Bunun üçün Vətən müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu daha da möhkəmləndirməli, birliyimiz, həmrəyliyimiz sayəsində bu hədəfə də yüksək səviyyədə nail olmalıyıq. Şübhə yoxdur ki, siyasi partiyaların və digər qurumların iştirakı ilə belə səfərlərin təşkili ümumi mövqe ortaya qoyaraq informasiya cəbhəsində üstünlüyümüzü daha da möhkəmləndirməyimizdə öz sözünü deyəcək. Siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan addımlar Azərbaycanın əksər siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Bu cür demokratik təcrübələri və Azərbaycanın siyasi reallığını nəzərə alaraq, deyə bilərik ki, siyasi dialoq vahidliyi, milli birliyi, həmrəyliyi, sabitliyi, təhlükəsizliyi və dayanıqlı inkişaf mühiti təmin edən əsas demokratik mexanizmlərdən biridir. Səfər iştirakçılarının təəssüratlarından da belə mühüm addımın xüsusi əhəmiyyət kəsb etdiyi aydın görünürdü.

Qələbə ruhunda qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsinə təsadüf edən bu səfərin birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsində rolunu bu şəkildə ifadə edə bilərik ki, milli qürurumuzu, kimliyimizi özünə qaytaran tarixi Zəfərimizin qazanılması üçün illərdir Azərbaycan dövləti böyük səylər göstərdi. Riyakarlığı, inkarı fəaliyyətlərinin əsası kimi qəbul edən daxilimizdəki antimilli ünsürlər görülən işlərin əhəmiyyətini azaltmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışdılar. Amma belə qərəzli, əsassız təbliğatlar heç zaman ictimai fikrə təsir imkanında ola bilməzdi. Azərbaycan gücləndi, ən yüksək tribunalardan səsləndirdiyi, düşmənin və ona havadarlıq edənlərin narahatlığına səbəb olan bəyanatlarını 44 gündə reallığa çevirdi. Bu gün böyük qürur hissi ilə dünyanın bir çox aparıcı dövlətlərinin Azərbaycanın hərb modelini öyrənməsindən bəhs edirik. O model ki, Zəfər tarixi modelidir və dərsliklərə salınmasının vacibliyi beynəlxalq səviyyədə etiraf edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun xilaskarı, Ali Baş Komandan kimi Azərbaycan dövlətini, Azərbaycan Ordusunu, Azərbaycan xalqını müzəffər edən tarixi şəxsiyyət olaraq öz adını çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazdı. Qalib ölkənin vətəndaşı olmaq kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs üçün böyük xoşbəxtlik, qürurdur. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan xalqı bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Yeni Prioritetlərin reallığa çevrilməsinə də nail olacaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın davamlı inkişafı dönməz xarakter alacaqdır. Birgünlük səfərdən aldığımız ən böyük təəssürat bax, budur! Biz iyunun 24-də Zəngilanı ziyarət etməklə əslində işğaldan azad edilmiş ərazilərimizi dirçəltmək üçün ölkəmizin böyük imkanlara malik olmasının şahidinə çevrildik və bu səfərin iştirakçısı olmaqdan ancaq fəxr, qürur hissi keçirə bilərik.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru