• 25 İyun 2022
logo
Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb

Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, ortaq mədəni və mənəvi dəyərlərimizdən danışıb.
Bildirib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd edəcəyik.
Spiker parlamentlərimizin TürkPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edib. Sahibə Qafarova İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən və həmin tədbirdə iştirakından danışıb.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə də danışıb. Onun sözlərinə görə, İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluq duyduğunu qeyd edib. Balaim Kesebayeva xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.