• 21 May 2022
logo
Milli Məclisdə Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişaf perspektivlərindən danışılıb

Milli Məclisdə Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişaf perspektivlərindən danışılıb

Mayın 12-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə onlayn görüşü keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarını salamlayan Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva Azərbaycanla-Xorvatiya diplomatik münasibətlərinin tarixindən söz açıb, iki dövlət arasında siyasi dialoqun davamlılığı baxımından dövlət və hökumət rəhbərlərinin, rəsmi şəxslərin qarşılıqlı səfər və görüşlərinin əhəmiyyətindən danışıb.

Əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolunu vurğulayan deputat parlamentlərdəki dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs edib. Bildirilib ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Fəaliyyət Planı hazırlanıb.

Könül Nurullayeva 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini öz gücü ilə icra etdiyini diqqətə çatdırıb və müharibə başa çatandan dərhal sonra Azərbaycanın Ermənistana sülh təklif etdiyini bildirib. Sülh sazişinin bölgədə dayanıqlı inkişafın və əməkdaşlığın möhkəmlənməsi üçün vacib olduğu qeyd edilib.

Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç pandemiya dövründə Zaqrebdə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi köməyə görə təşəkkürünü bildirib. O, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub, parlamentlərarası qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu vurğulayıb, təqdim olunan Fəaliyyət Planını yüksək dəyərləndirib, bu işdə deputatları dəstəkləməyə hazır olduqlarını açıqlayıblar.

Görüşdə Milli Məclisin deputatları iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Deputatlar Vahid Əhmədov, Qüdrət Həsənquliyev, İltizam Yusifov, Vüqar İsgəndərov və Anar Məmmədov iki ölkə arasında turizm, əczaçılıq, kənd təsərrüfatı, sənaye, İKT, elm, mədəniyyət, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə danışıblar.

Xorvatiya tərəfdən görüşdə iştirak edən Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri İvan Çeliç, Erik Fabiyaniç, Barbara Antolik Vupora da Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişaf istiqamətləri ilə bağlı fikirlərini açıqlayıblar.