• 21 Yanvar 2022
logo
“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

Qüdrət Həsənquliyev: “Rusiya Avrasiya məkənında xoş niyyətlə yeni təhlükəsizlik və iqtisadi məkan yaratmaq istəyirsə, SSRİ-nin bərpası kimi qeyri-real yeni ittifaq dövləti iddialarını dilinə gətirməməli, hüquqi dövlət quruculuğu istiqamətində islahatları genişləndirib daha cəlbedici dövlət qurmaq, daha real olan, Türkiyənin də qatıldığı Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları Birliyinin yaranması barədə düşünməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin www.xalqcebhesi.az saytına müsahibəsini dəyərli oxucularımıza təqdim edirik
- Qüdrət bəy, Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la apardığı danışıqlar müsbət nəticələr vermədi. Nücə düşünürsünüz, Rusiya Ukraynanı işğal edə bilərmi? Keçmiş sovet respublikalarının NATO-ya üzv qəbul edilməməsinə dair Rusiyanın tələbi BMT Nizamnaməsinə nə qədər uyğundur?
- BMT Nizamnaməsinə görə hər bir dövlət təhlükəsizliyini və xarici təcavüzə qarşı müdafiəsini təkbaşına və başqaları ilə birlikdə həyata keçirə bilər. Amma kimdir beynəlxalq hüquqa əhəmiyyət verən? Karib böhranı kimi tarixdə qalan, 1962-ci ilin oktyabırında ABŞ-la SSRİ arasında az qala nüvə müharibəsinə səbəb ola biləcək hadisələr nəyi özündə ehtiva edirdi? ABŞ təhlükəsizliyini əsas gətirərək Kubanı gəmilərlə mühasirəyə aldı və SSRİ-dən tələb etdi ki, Kubaya yerləşdirdiyi nüvə başlıqlı ballistik raketlərini oradan çıxarsın. Sonda razılaşdılar ki, SSRİ Kubadan, ABŞ isə Türkiyə və İtaliyadan nüvə silahlarını çıxarır, ABŞ Kubanı işğal etməyəcəyinə təminat verir. Beləliklə də bu razılaşma ilə dünya böyük bir fəlakətdən qurtuldu. Təqribən o vaxt ABŞ-ın etdiyini indi Rusiya edir. O zaman nüvə müharibəsi təhlükəsi yeni müharibənin qarşısını aldı. Onda da BMT var idi, amma o nəyi həll etdi?
Beynəlxalq hüquq, beynəlxalq öhdəliklər müasir dövrdə ciddi əhəmiyyət daşımır. Böyük nüvə dövlətləri utanıb çəkinmədən nə vaxt nəyi özləri üçün məqsədəuyğun hesab edirlərsə onu da edirlər. Beynəlxalq hüquq normalarını da öz maraqlarına uyğun tərtib edirlər. Məsələn, “Nüvə silahının yayılmaması haqqqında” 1968-ci ildə beynəlxalq müqavilə imzalandı, 1970 -ci ildə qüvvəyə mindi, 1995-ci ildə müddətsiz olaraq uzadıldı. 1994-cü ildə ABŞ,Böyük Britaniya və Rusiya bu müqaviləyə istinad edib Ukraynadan nüvə silahlarını təhvil verməyi tələb etdi. Onlar bunun qarşılığında Budapeştdə memorandum imzalayıb Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. İndi aldadılmış Ukraynanın vəziyyəti göz qabağındadır. Bu gün də digər dövlətlərlə istədikləri kimi davrana bilmələri üçün “Nüvə silahlarının qadağan olunmasına dair” 2017-ci il müqaviləsinə BMT TŞ-nın nüvə silahına sahib olan beş daimi üzvü qoşulmur. Amma başqa ölkələri nüvə silahı yaradacağı halda sanksiyalarla, hərbi güc tətbiq etməklə hədələyirlər. Niyə Fransanın nüvə silahı ola bilər, amma ondan böyük Türkiyənin ola bilməz?
Beynəlxalq hüquq hansısa böyük dövlətin marağına uyğun olanda yada düşür. Əks halda o heç bir dövlətə təhlükəsizlik təminatı vermir, Ukraynaya vermədiyi kimi.Müasir dünyada dövlətlər öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz orduları və müttəfiqləri ilə təmin edə bilərlər. Biz öz təcrübəmizdən bunu yaxşı bilirik. Ümid edirəm, yenə də ABŞ-la Rusiya arasında hansısa gizli razılaşma böyük müharibədən yayınmağa imkan verəcək. Çünki müharibə olacağı təqdirdə nüvə silahının tətbiq olunmayacağına heç kim təminat verə bilməz. Həm də iki slavyan xalqı arasında böyük müharibə nəticəsi proqnozlaşdırıla bilməyən böyük fəlakətlərə yol aça bilər.
- Qüdrət bəy, Prezidentin Ukraynaya səfərinə də münasibət bildirmənizi istərdim. Bu səfər Rusiyada qıcıq doğurmaz ki?
- Səfəri yüksək qiymətləndirirəm və düşünmürəm Rusiyada qıcıq doğursun. Rusiya rəsmiləri dəqiq bilirlər ki, Azərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hər hansı layihədə yer almaz. Bizim Ukrayna ilə 2000-ci ildə imzaladığımız “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqaviləmiz var. Bundan öncə Azərbaycan oxşar müqaviləni 1997-ci ildə Rusiya ilə də imzalayıb. Bizim Rusiya ilə münasibətlərimizə Ukrayna da qısqanmamalıdır və əminəm ki, qısqanmır da. Hər iki slavyan xalqı bizim üçün vaz keçilməsi mümkün olmayan dost xalqlardır və bir gün bugünkü qara səhifəni qapadıb, beynəlxalq hüquqa sayğı nümayiş etdirib, qarşılıqlı maraqlar qorunmaqla müharibəyə son qoyub barışacaqlar. Sülhə və barışa töhfə vermək imkanımız olsaydı bunu böyük həvəslə edərdik və yəqin ki, nələrsə edirik də. Bizim strateji maraqlar tələb edir ki, həmin Rusiya və Ukraynada kimin, hansı siyasi qüvvənin hakimiyytdə olmasından asılı olmayaraq, bu ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışaq və inkişaf etdirək.A zərbaycan onun ərazi bütövlüyünə və suverenliyinə hörmət edən istənilən ölkə ilə dostluq siyasəti yürüdür. Bizim hər hansı bir ölkə ilə əməkdaşlığımız üçüncü bir ölkəyə qarşı yönəlməyib. Məhz bu siyasətin nəticəsi olaraq 44 günlük savaşda işğalçı Ermənistanı məğlub etdik.
- Qüdrət bəy, Qərbdəki müəyyən dairələrə bağlı adamlar Azərbaycan Prezidentini Rusiyameyilli siyasət yürütməkdə ittiham edirlər. Məqsəd nədir?
- Onlara sığınacaq və maddi dəstək verən şeflərinin əsas məqsədi Azərbaycan - Rusiya münasibətlərinə ziyan vurmaq, Azərbaycanı Rusiya ilə əməkdaşlığı genişləndirməkdən çəkindirməkdir. Bu yolla onlar haqlı olaraq Ermənistana ciddi dəstək verdiklərini düşünürlər. Bəzi kütbeyin icraçılar sadəlövhcəsinə düşünürlər ki, şeflərinin tapşırıqların yerinə yetirsələr, Rusiya Azərbaycan münasibətləri korlansa, onlar Azərbaycanda hakimiyyət dəyişikliyi edə bilər. Bir az ağlı olanlar hər şeyi başa düşürlər, amma tapşırığı yerinə yetirməkdən başqa çarələri yoxdu. İlham Əliyev hər hansı başqa dövlətin yox, Azərbaycanın marağından çıxış edir, Azərbaycanın marağı nəyi tələb edirsə xarici siyasətdə onu da edir. Azərbaycan Fransayönümlümü siyasət yürütməlidir?
- Azərbaycan cəmiyyətində Rusiyaya yönələn tənqidləri ədalətli sayırsınızmı?
- Haqlı tənqidlər də var, ifrata varanlar da. Ehtiyac olanda mən də tənqid edirəm. Rusiyaya yönəlik bəzi tənqidlər isə qərəzlidir. Rusiya siyasi elitasında müxtəlif maraqlara, o cümlədən Qərbdəki ermənipərəst dairələrə xidmət edən, “SSRİ-ni bərpa etmək lazımdır” deməklə keçmiş ittifaq respublikaları ilə Rusiya arasında münasibətləri gərginləşdirmək istəyən adamlar mövcuddur. Rusiyanın Qazaxıstana qoşun göndərməsi ciddi səhv idi. Yaxşı ki, tez aradan qaldırdılar. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə mane olmamalıdır. Rusiya siyasi elitası düşünməlidir ki, niyə əksər Avropa ölkələri Avropa İttifaqına üzv olmaq üçün illərlə yalvarır, amma daha zəngin ölkə olan Rusiya ilə birlikdə olmaq istəmir? Rusiya Avrasiya məkənında xoş niyyətlə yeni təhlükəsizlik və iqtisadi məkan yaratmaq istəyirsə, SSRİ-nin bərpası kimi qeyri-real yeni ittifaq dövləti iddialarını dilinə gətirməməli, hüquqi dövlət quruculuğu istiqamətində islahatları genişləndirib daha cəlbedici dövlət qurmaq, daha real olan, Türkiyənin də qatıldığı Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları Birliyinin yaranması barədə düşünməlidir. Biz Rusiyanın Azərbaycana yönəlik siyasətində müsbətə doğru dəyişiklikləri də görüb qiymətləndirməyi bacarmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasında bu müsbət dəyişikliyin müstəsna rolu olmuşdur. Kimin nə deməsindən asılı olmayaraq, normal təfəkkür prosesinə malik hər kəs bunu başa düşür.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiyada da Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyən insanlar var. Bizdə Rusiya əleyhinə olanlardan daha çoxdur. Rusiya çoxmillətli, mürəkkəb bir ölkədir. Hamı fikirləşsin ki, biz rusların imkanlarına malik olsaydıq necə davranardıq. Mən bunu Rusiyanı müdafiə etmək üçün demirəm, sadəcə hansı böyük dövlət öz qonşuluğunda baş verən proseslərə biganədir? Bu gün qardaş Türkiyə öz sərhədlərində, İraqda, Suriyada, Liviyada, Aralıq dənizi hövzəsində baş verənlərə biganədirmi? Özü NATO üzvü olsa da gərgin münasibətlərdə olduğu qonşusu, digər NATO üzvü olan Yunanıstana ABŞ-ın silah yığmasından narahatçılığını ifadə etmirmi? Biz buna görə Türkiyəni qınayırıqmı, yox! Rusiyaya SSRİ-nin dağılmasından sonra təhlükəsizlik təminatı və bəzi məsələlərə yeni baxışın yaranması üçün zaman, müəyyən mənada nəsil dəyişməsi lazımdır. Biz bunu nəzərə alıb 90-cı illərdə olduğu kimi özümüzü “tankın altına” atmamalı, Rusiya ilə etimadlı münasibətlər qurmaqla əlaqələrimizi inkişaf etdirməkdə davam etməli, dövlətimizin təhlükəsizliyini təmin etməliyik. Rusiya əmin olmalıdır ki, biz Qarabağ üzərində suverenliyimizi bərpa edəndən beş il sonra siyasətimizi dəyişməyəcəyik. Bu təminatı isə hər hansı hökumət yox, xalqmız öz münasibəti ilə verə bilər. Ona görə Azərbaycanda Rusiya əleyhinə düşmənçilik siyasəti aparanları təqdir etmirəm. Bu cür davranış Azərbaycanın dövlət maraqlarına cavab vermir. Onu da nəzərə almalıyıq ki, saqqallı, “bəxtiyar” uşaqların prezident, hökumət üzvüləri, deputatlar haqqında nə deməsindən, hansı şantajlara əl atmasından asılı olmayaraq, Rusiya Azərbaycan kəndlisi, fermeri üçün böyük bazar, milyonlarla soydaşımız üçün həm də iş-dolanışıq yeridir. Ölkəmizdə iqtisadi islahatların gecikdirilməsini isə Rusiyaya bağlamağı haqlı saymıram.