• 17 May 2025
logo
“Hamı üçün bərabər şərtlər müəyyən olunsun”

“Hamı üçün bərabər şərtlər müəyyən olunsun”

“Həqiqətən də qabaqcıl beynəlxalq təcrübənin bizim qanunvericiliyə daxil edilməsi çox böyük mütərəqqi haldır. Mən bu layihəni dəstəkləyirəm. Amma suallarım var”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Hörmətli Əhliman Əmiraslanov istəsə indi, ya ikinci oxunuşda onları cavablandırar. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 2.1-ci maddəsində də qeyd olunur ki, 5 il müddətində fasiləsiz olaraq, ixtisasları üzrə işləmiş tibb mütəxəssisləri 5 ildən sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verəndən sonra o, yenidən peşə fəaliyyəti ilə məşğul ola bilər. Mən hesab edirəm ki, yenidən təhsil müəssisələrində hazırlıq keçməsi nəyi nəzərdə tutur? Yəni biz həkimi işindən ayırıb, özü də 5 il işləyəndən sonra göndərəcəyik ki, sən get təhsil müəssisəsində hazırlıq keç və sonra yenidən sertifikasiya imtahanı ver, bir bu məsələ aydın olmur.
Həm də ona görə aydın olmur ki, biz 2.4.6-cı maddələrdə qeyd olunur ki, tibb və səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüququ aktlara uyğun olaraq müvafiq peşə ixtisas və ya elmi ixtisas dərəcələrinin verildiyi gündən 5 il müddətində şəhadətnamə tələb olunmur. Belə çıxır ki, rezidenturanı bitirir, gedir sertifikatsız 5 il işləyir, amma 5 ildən sonra biz onun biliklərini şübhə altına alırıq, yenidən göndəririk təhsil almağa. Deyirik ki, təhsil al və sertifikasiya imtahanı ver.
Sertifikasiya imtahanı mən hesab edirəm ki, verilməlidir, amma o təhsilə məcburi göndərilmə müəyyən mənada aydın olmur. Bir də söhbət bu 2.4.3-cü maddədəki məsələ də mənim diqqətimi cəlb elədi. Yəni, kredit balı toplamaqla, elmi və ya tədris tədbirlərində iştirak etməklə şəxs kredit balı toplayır və bu şəxs əgər peşəkar inkişafın qiymətləndirilməsi baxımından müəyyən olunmuş balı toplayırsa, sertifikasiya imtahanından azad olunur. Niyə azad olunsun? Əgər bunun biliyi varsa, qoy elə sonda imtahanı versin. Hamı üçün bərabər şərtlər müəyyən olunsun. Və bir də bu sertifikasiya imtahanı verə bilmirsə, 6 aydan sonra yenidən imtahan verə bilər. Bəzi hallarda həkimlər biz tədbirlərdə rastlaşırıq, bəzən 2-3 balları çatmır ki, o müəyyən olunmuş balı toplayıb sertifikat alsınlar. Belə olduğu halda 6 ay kifayət qədər böyük müddətdir. Özü də 6 ay müddətində də bu adam işləməyə-işləməyə dövlət, yaxud özəl müəssisə onun əməkhaqqını ödəməlidir.
6 ay müddətində tutaq ki, bu bir cərrahdırsa, həmin xəstəxana gərək yeni bir cərrah götürə. 6 ay həmin xəstəxanananın həkimsiz qalması da mümkün olmayan məsələdir. Ona görə bu müddətin çox aşağı endirlməsi lazımdır ki, yəni onlar 1 aydan da sonra imtahan verərlər, amma sonrakı imtahanlar pullu olsa hesab edirəm ki, daha yaxşı olar. Amma mən ümumən layihəni dəstəkləyirəm və səs verəcəyəm”.