• 17 May 2025
logo
“Azərbaycanda bu sahədə vəziyyət tam nəzarətdədir”-Qüdrət Həsənquliyev

“Azərbaycanda bu sahədə vəziyyət tam nəzarətdədir”-Qüdrət Həsənquliyev

“Hörmətli qonaqlar, öncə istərdim ki, güclü yağışlar zamanı evlərini su basmış insanlara Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələri ilə birlikdə göstərdikləri yardıma görə öz dərin minnətdarlığımı bildirim. Bu gün ölkəmizdə cinayətkarlığın səviyyəsi artmır və cinayətkarlığa qarşı effektli mübarizə təşkil olunub. Bunu da qeyd etməyi özümə borc bilirəm”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Öncə həm Seyfulla müəllimə, həm də Milli Məclisin komitə sədrlərinə ətraflı və əhatəli çıxışlarına görə təşəkkürümü bildirirəm. Biz, milli koordinatorun təqdim etdiyi arayışla tanış olanda görürük ki, Daxili İşlər Nazirliyi tərəfindən diqqət daha çox maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldilib. Bunu mən xüsusi qeyd edirəm və buna görə xüsusilə təşəkkür edirəm. Daxili İşlər Nazirliyi tərəfindən həm dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, tələbələrlə geniş iş aparılır. O cümlədən xaricə iş dalınca gedən əmək miqrantları ilə bu iş düzgün qurulub.
Bu gün dünyada müşahidə olunur ki, xüsusilə müharibə bölgəsindən inkişaf etmiş ölkələrə gedən qadınlar cinsi istismara məruz qalır, insanların isə əməkləri istismar olunur. Az qala biz hər gün mətbuatda bu cür çoxsaylı faktlarla üzləşirik. Amma şükürlər olsun ki, Azərbaycanda bu sahədə vəziyyət tam nəzarətdədir və 2024-cü ildə də cinayətlərin sayında da hər hansı bir artım müşahidə olunmayıb. Mənim sadəcə Seyfulla müəllimə bir sualım var. Biz bilirik ki, narkotik maddələrin yayılması, o cümlədən insan alverinə qarşı mübarizədə bir çox hallarda mütəşəkkil cinayətkar qruplar, bu cür cinayətlərə qarşı mübarizə aparmalı olan dövlət orqanlarının əməkdaşlarını özlərinin çirkin cinayətkar işlərinə cəlb edirlər.
Ümumiyyətlə Azərbaycanda belə faktlar varmı? Və belə faktlara qarşı hansı profilaktik tədbirlər görülür? İstərdim ki, Seyfulla müəllim bu məsələlərə də münasibət bildirsin və bir daha Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm və fəaliyyətlərində uğurlar arzulayıram”.