“Biz bu gün oğurluğa görə cəzanı 2 ildən 3 ilə qədər artırırıq və bu da o deməkdir ki, məhkəməyədək sadələşdirilmiş icraatdan imtina edirik. Bundan sonra, yəni oğurluq hallarına görə, əgər 500 manatdan artıq oğurluq hadisəsi baş veribsə, o halda bu işin istintaqı aparılmalıdır. Hörmətli Bəhruz Məhərrəmov da qeyd etdi ki, artıq təhqiqat aparılmayacaq, yəni sadələşdirimiş icraat olmayacaq.
Hələ çox geniş yayılmamış bir supermartketlər şəbəkəsinin mühafizə xidmətində çalışan, çox inandığım, etibarlı bir adamın mənə verdiyi məlumata görə, kiçik supermarketlərdə gündə 5 oğurluq hadisəsi baş verir. Böyük supermartketlərdə isə bunların sayı 10-dan15-ə qədərdir. Bunu hər kəs dəqiqləşdirə bilər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, əgər 10 oğurluq hadisəsi baş verirsə, bunun 7-si qadınlar tərəfindən törədilir: “Ən dəhşətlisi də odur ki, qadınların oğurlayıqları bir qayda olaraq yağ və ət məhsullarıdır.
İclasımıza başlayanda hörmətli Zahid Oruc dedi ki, cinayətkarlıq həm də sosial fenomendir. Əslində sosial fenomen yox, sosial bəladır və bir çox hallarda bu, sosial vəziyyətlə birbaşa əlaqəlidir. Məndə olan məlumatlara görə, Daxili İşlər Nazirliyinin müstəntiqlərinin iş yükü, prokurorluğun müstəntiqlərinin iş yükündən dəfələrlə artıqdır. Hər kəs bunu araşdıra bilər. Mən say hesabı ilə demirəm. İndi siz nəzərə alın ki, onların iş yükü nə qədər artacaq. Ona görə mən hesab edirəm ki, bu tipli dəyişikliklər zamanı mütləq müvafiq dövlət orqanlarından arayışlar alınmalıdır. Həmin müstəntiqlər bu işin öhdəsindən gələ biləcəklərmi? Mən hesab edirəm ki, yox, gələ bilməyəcəklər. Ona görə də bu barədə düşünmək lazımdır ki, bunu böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarıb, az ağır cinayətlər kateqoriyasına daxil etməyimiz indiki mərhələdə bizə nə verəcək?
Yeri gəlmişkən deyim ki, bu il, keçən ay xüsusilə də inflyasiyanın miqdarı 6,3 faiz olub. Hökumətin proqnozlarından xeyli artıb. Ərzaq məhsulları üzrə isə 7,6 faiz olub. 2023-cü ildə əgər 4 nəfərlik bir ailənin ərzaq xərclərti 642 manat idisə, indi bu, 1010 manat təşkil edir. Hər birimiz qanunlara səs verəndə, bunu mütləq nəzərə almalıyıq.
Və onu da deyim ki, bunu da mən ədalət naminə söyləyirəm. Daxili İşlər Nazirliyinin müstəntiqləri prokurorluğun müstəntiqlərindən 2 dəfədən artıq az maaş alır. Baxmayarq ki, iş yükü 2-3 dəfə artıqdır. Bəlkə də hələ daha çox. Mən bunu ona görə söyləmirəm ki, niyə görə prokurorluq orqanlarında əməkhaqqı yüksəkdir, əslində hesab edirəm ki, onların da əmək haqlarının artıılmasına ehtiyac var, amma ədalət naminə bunu söyləyirəm ki, bu barədə ciddi düşünməliyik. Prokurorluğun adını çəkdim, yeri gəlmişkən, xalqımıza qarşı böyük, ağır insani cinayətlər törətmiş erməni separatçıları və erməni faşistləri üzərində məhkəmə prosesi gedir. Özüm zamanında prokurorluq orqanlarında işləmişəm və bilirəm ki, bu çoxepizodlu olan mürəkkəb bir cinayət işidir. Və minlərlə şahid ifadələri, zərərçəkənlər, maddi sübutlar, bunları ümumiləşdirmək, dövlət ittihamı elan etmək həqiqətən çox ağır, məsuliyyətli bir işdir. Bu işin öhdəsindən Respublika Prokurorluğu uğurla gəlib. Mən, buna görə, onlara da öz minnətdarlığımı bildirəm və hesab edirəm ki, bizim müvafiq komitə, müvafiq dövlət orqanları dediyim bu məsələni düşünməlidir. Digər bütün məsələlərə səs verəcəyəm, amma oğurluq məsələsində cəzanın artırılmasınınn əleyhinəyəm”.