“Mən bu dəyişikliyi dəstəkləyirəm, amma hesab edirəm ki, dövlət müstəqilliyini əldə etməyimizdən artıq 34 il keçir və bu qanunun yenidən işlənməsinə ehtiyac var. Ona görə ki, bu qanun Nazirlər Kabinetinə etimad məsələsininin həll edilməsi hüququnun əlavə təminatları haqqındadır. Yəni bu o deməkdir ki, əgər biz, Nazirlər Kabinetinin hesabatını dinləyiriksə və burada o hesabat qeyri-qənaətbəxş sayılırsa, onda Nazirlər Kabinetinə etimad məsələsi gündəmə gəlməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Etimad məsələsi gündəmə gələndə, Nazirlər Kabinetinə etimadsızlıq göstəriləndə hansı qərarlar qəbul olunmalıdır, hansı müddətdə Nazirlər Kabineti istefaya göndərilməlidir, kim tərəfindən göndərilməlidir, yeni hökumət hansı müddətdə formalaşmalıdır? Bu kimi məsələlər açıq olaraq qalır. Yəni hesab edirəm ki, qanunda bu, öz mütləq əksini tapmalıdır. İkincisi, bu qanunda deputat sorğuları ilə bağlı məsələdə də qeyri-müəyyənlik var. Məsələn, qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının sorğularına cavab vermək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iş qaydaları ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər. Yəni bu qaydalarda müəyyən edilmiş hallarda. Belə çıxır ki, qaydalarda nəzərdə tutulmursa, o halda həmin şəxslər Milli Məclisin iclaslarına gəlməyə bilərlər, hətta dəvət olunmuş olsalar belə.
Bizim indi Konstitusiyanın 114-cü maddəsinə uyğun olaraq, Nazirlər Kabitenin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Biz bilirik ki, bir çox ölkələrdə, yəni beynəlxalq təcrübədə Nazirlər Kabinetinin fəaliyyətini tənzimləyən ya qanun olur, yaxud da Prezident tərəfindən təsdiq olunan əsasnamə olur. Məsələ burasındadır ki, bizdə Nazirlər Kabinetinin iş qaydalarını müəyyən edən hər hansı normativ hüquqi sənəd bu günədək qüvvədə deyil. Yəni bunu mən sizin diqqətinizə çatdırmaq istəyirdim.
İkinci bir məsələ həm mənim tərəfimdən, həm də bizim digər həmkarlarımız tərəfindən Milli Məclisdə qaldırılıb. Bu da onunla bağlıdır ki, hökumət birinci rübdə bizə hesabat verir, sonra da “Büdcə sistemi haqqında” qanunun 20-ci maddəsinə görə, Nazirlər Kabineti həm illik hesabat verir, həm də həm bizə, həm də Hesablama Palatasına rüblük hesabat təqdim edir. Belə olduğu halda Nazirlər Kabineti hesabat verəndə o cümlədən büdcənin icrası ilə də bağlı Milli Məclis qarşısında hesabat verir. Düşünürəm ki, “Büdcə sistemi haqqında” qanundan bu tələbi çıxarmaq lazımdır. Hökumət ildə bir dəfə hesabat verir. Bundan başqa da rüblük hesabatda misal üçün mən “Büdcə sistemi haqqında” qanuna təkrar baxdım, qeyd olunur ki, dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinin müvafiq komitələrində müzakirə edilir.
Belə çıxır ki, Milli Məclisə hesabat təqdim olunsa da, amma bu, Milli Məclisdə müzakirəyə çıxarılmayıb. Milli Məclis kollegial orqandır, burada 125 millət vəkili var. Əslində o, Milli Məclisə təqdim olunursa, Milli Məclisdə müzakirə olunmalıdır. İkincisi, onun o 20 faiz az olduğunu kim müəyyənləşdirməlidir? Bizim komitədə müzakirə olundu, tutaq ki, komitə hansı qərarı qəbul etməlidir? O qəbul olunmuş qərarın hüquqi nəticələri nədən ibarət olmalıdır? Yəni hansı nəticələri doğurmalıdır? Yəni bu məsələrin hamısı açıq qalır. Ona görə də istərdim ki, Milli Məclisin müvafiq komitəsi bunu qanunvericilik təşəbbüs subyekti ilə müzakirə etsin, bu məsələlərə yenidən baxaq və yeni, mükəmməl bir qanun layihəsi hazırlayaq”.