"Qərbi Azərbaycana qayıdış” istiqamətində QHT-lərin fəallığı heç vaxt indiki miqyasda olmayıb.
APA xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Qərbi Azərbaycana qayıdış" istiqaməti üzrə icra edilən layihələrə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, artıq 3 ildir ki, “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir. Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar.
"Ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir", - o bildirib.
A.Əliyeva qeyd edib ki, agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. Artıq onların icrasına başlanılıb. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.
Brifinqdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlıqeyd edib ki, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək. Bundan əlavə, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.
"2023-cü ildə 25 QHT layihəsi təsdiqlənib. 30 QHT təşkilatının layihəsi qrant müsabiqə çərçivəsində dəstəklənib. 2 il ərzində15 kitab çap olunub, 200-dən artıq məqalə, 6 müxtəlif vebsayt, 24 televiziya verilişi, 6 elmi- praktik konfrans, 2 elmi-beynəlxalq konfrans, 2 fotosərgi təşkil olunub. Həmçinin 2 il ərzində 50 QHT Türkiyə, ABŞ, Hollandiya, Ruminya, Polşada tədbirlər təşkil edilərək Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb", - o bildirib.