Son illər komediya filmi adıyla çəkilən filimlərin əksəriyyəti gülünc filmlərdir. Bu filmlərdə aktyor məharətinin yox, daha çox təlxəklərin bayağı ustalığının şahidi oluruq. Nədir komediya? İctimai həyatda və məişətdəki eybəcərliklərin, insan xarakterindəki mənfiliklərin lağa qoyulması. Güldürərək düşündürən bir janr. Bəli, gülüş, yumor və satira komediyanın əsasını təşkil etməlidir. Amma və lakin...
Bu dəfə sizə qısametrajlı komediya filmləri ərsəyə gətirib Youtube sosial şəbəkəsində paylaşan aktyor, rejissor, ssenari müəllifi və videobloqqer Taleh Yüzbəyov haqqında danışmaq istəyirəm. Əvvəlcə gəlin, onun ömür tarixinə səyahət edək. O, 1986-cı ilin dekabr ayının 6-da Bakı şəhərində dünyaya gəlib.Orta təhsilini 143 nömrəli məktəbdə başa vurandan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasına yiyələnib. Universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrında işləməyə başlayıb. Burada "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda obrazlar yaradıb. 2009-2010-cu illərdə N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2010-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında işini davam edərib. Bir il sonraisə teatrdan uzaqlaşaraq, “Azerfon” şikətində işə başlayıb. 2017-ci ildə "YÜZ production" şirkətini yaradaraq, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkib və baş rollarda özü oynayıb. Bundan əlavə o, “Oğlan evi: Azərbaycansayağı qarət”, “21 sual”, “Qız qaçırtma”adlı filmlərdə müxtəlif rollara çəkilib. 2016-cı ildənFacebook, Youtube, İnstagram sosial platformalarında videoblogger kimi fəaliyyət göstərir...
Müsahibələrinin birində deyir ki:- “Əvvəllərməqsədim “Oskar” almaq idisə, indi isə sadəcə olaraq yaxşı film çəkməkdir. Mən 2011-2012-ci illərdə televiziyada aparıcı kimi fəaliyyət göstərmişəm. Onda MAG verilişinin aparıcılarından biri idim. Bu işin məndə yaxşı alınmadığını düşündüm, çünki aparıcılıq ayrı bir bacarıq tələb edir. İnternet isə öz evim kimidir. Öz səhifələrimi nəzərdə tuturam. Orada rahatam, istədiyimi istədiyim vaxt, istədiyim formada edə bilirəm. Amma televiziyada belə bir şansın olmur...”
“Ölsəm bağışla”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “O olmasın, bu olsun”, “Ömrün səhifələri”, “Üzeyir ömrü” çox sevdiyi Azərbaycan filmləri sırasındadır. “Üzeyir ömrü” filmindəki həm sənədli, həm də bədii yanaşmanı çox bəyənir. Amma “Ölsəm bağışla” filmini hamısından çox sevir. Uşaq vaxtı həmin filmə baxanda filmin bədbin notlarla bitməsi ona çox təsir edib. Hətta, uşaq vaxtı filmdəki Gülzar xanıma aşiq də olub. Odur ki, o filmə xüsusi bir yanaşması var...
“İncəsənət azad olmalıdır. Yəni, heç kəslə hesablaşmamalıdır. Amma nəinki bizdə, dünyada da belədir ki, həmişə müəyyən bir qurum, ya qurumlar, yaxud bir qrup insan müəyyən qədər təsir etməyə çalışıb. Düzdür, bu, o demək deyil ki, sən incəsənətlə məşğulsansa kiminsə hisslərini ələ sala bilərsən. Amma bu bir növ iki tərəfin də heç vaxt qarşılıqlı razılığa gələ bilməyəcəyi bir məqamdır. Məsələn, dünyada yaxşı komediya çəkənlər artıq bunu edə bilmir. Bir çox mövzu artıq çox həssas olub. Demirəm bu pisdir və ya yaxşıdır. Sadəcə belədir. İndi artıq əvvəlki zarafatları etmək olmur. İrqi və cinsi ayrı-seçkiliklə bağlı zarafatlar əvvəl qəbul edilirdisə, indi qəbulolunmazdır. Ancaq vaxtı ilə bu qəbul olunurdu və hamımız gülürdük. Qəribə bir dəyişiklik baş verib, bizdə də həmçinin. Filmdə məqsəd lağlağı olmamalıdır, film düşündürməlidir.”- söyləyir.
Onun “Zəhər tuluğu”, “Ortastatistik Rasim”, “Karantinvari toy” filimləri Youtube platformasında yüksək tamaşaçı kütləsi tərəfindən izlənilib. O, kiçik məsrəflə elə gözəl komediya filimləri ərsəyə gətirir ki, adam heyran olur...
Deyir ki:- “Belə bir deyim var- komediya adətən sənin narazı olduğun məqamlardan doğur. Bu narazılıq nəinki Azərbaycan insanı, ümumi proseslə bağlıdır. Əgər sən müəyyən qədər satiraya üstünlük verirsənsə bu, istər-istəməz kiminsə xoşuna gəlməyəcək. Mən vaxtı ilə həkimlərin də, dini inancları olan insanların da, müəllimlərin də, qaz və işıq idarələrinin də, güman ki, aktyor və kino adamlarının da xətrinə dəymişəm. Bütün bunlar isə qəsdən deyil. Sadəcə, bir mövzu var ki, səni narahat edir və ona uyğun tənqidi nəsə çəkməlisən. Amma əvvəllər daha sərt yanaşırdımsa, indi daha incə yanaşa bilirəm.”
Xoşbəxt adamdır. Parlaq istedadı, kreativ düşünmə qabiliyyəti yüksəkdir. Heç vaxt narahatlıq keçirmir və həyəcanlanmır. Onda hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad, təxəyyül var. O, həmişə öz təbəssümünü qoruyub saxlaya bilir. Necə deyərlər, ideyalar dağarcığıdır. Xoşbəxtdir həm də ona görə ki, özündə ehtiva etdiyi bütün keyfiyyətlər böyük həcmdədir. Həddən artıq ürəyi yumşaqdır, hər şeylə maraqlanır. Heç ağlına gəlmir ki, bəzi şeyləri bilmək, üzə çıxarmaq, başqalarına danışmaq təhlükəli ola bilər. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur. Elə ona görə də hamıya ürək qızdırır, ideyalarını danışır. Bu da onun bir çox ideyalarının oğrulanmasına gətirib çıxarır...
“Sosial şəbəkələrin verdiyi statiskaya görə, tamaşaçılarımız 18-35 yaş arası insanlardır və əksəriyyəti də kişilərdir. "Zəhər tuluğu"ndan sonra qadın tamaşaçılarımın say artdı. Görünür, xarizmatik obraz qadınların xoşuna gəlib. Amma həyatda çox maraqlı məqamlarla rastlaşıram. Bir də görürsən kimsə deyir ki, mənim uşağım sənə baxıb yemək yeyir. Deyirəm ki, niyə baxır, axı nə başa düşür?! Birdən olur ki, kimsə deyir babam sənə baxır. Ona görə istənilən təbəqədən, istənilən yaş qrupundan izləyicilərimiz var.”-söyləyir.
Ona yaxından, xüsusilə də uzaqdan nə isə yeni olacaq bir şeyə bəslədiyi ümid rahatlıq vermir. Eyni tərzdə yaşamaqdan bezir. Səyahətlərin romantikası, dünyanı görmək arzusu onun ən böyük arzusudur. O, gözlənilməz məcaraları, qəfil sərgüzəştləri xoşlamır. Amma həmişə yeni-yeni insanları tanımağa can atır...
Deyir ki:- “Hər zaman demişəm, məşhurluq üstünlük deyil. Hamımız bu cəmiyyətdə bir-birimizə hansısa formada xidmət göstəririk. Mən də hamı kimi insanam. Mən yaxşı başa düşürəm ki, kirayə pulu nədir, kommunal xərcləri, tələbəlikdə cibində bir manat pulu olmayıb ac qalmaq nədir. Mən məşhur olub bunları dana bilmərəm, metroya minəndə təəccüblənə bilmərəm. Çünki mən o cür böyümüşəm və o dönəmdən keçmişəm. Bir dəfə metroya mindim. Doğrusu, çoxdan idi ki, metroya minmirdim. Açığı minərəm, sadəcə olaraq diqqət mərkəzində olmağı sevmirəm. Nəsə mindim metroya və çox nostalji hisslər yaşadım. Hamı mənə baxırdı, diqqət mərkəzində idim və bu məni çox sıxırdı. Razıyam, qoy tamaşada, filmdə rol oynayanda diqqət mərkəzində olum, amma avtobusda, metroda, toyda və ya küçədə bunu xoşlamıram.”
Çox heyf ki, onun ərsəyə gətirdiyi komediya filmlərinin reklamı zəifdir. Tamaşaçı auditoriyasının bir hissəsi bu filmlərdən xəbərsizdir. Amma inanıram ki, nə vaxtsa ən yaxşı komediya aktyoru, komediya ssenaristi kimi, onun adı dillər əzbəri olacaq...
Elman Eldaroğlu