XX əsrədək Azərbaycanın qadın şairləri olsa da, nədənsə yazıçıları olmayıb. Məsələn, o dövrün qadın şairlərdən- XII əsrdə yaşayan farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi Məshəti Gəncəvini, XII-XIII əsrlərdə yaşadığı güman edilən Rəziyyə Gəncəvini, XIV əsrdə yaşayan Sahib Sultan Dünbülini, XVII əsrin şairi Gülgəzi, XIX əsrdə yazıb yaradan Güllər Pərisini, eləcə də Xurşudbanu Natəvanı nümunə göstərmək olar. Fəqət qadın yazıçılarımızın nəsr meydanda görünməsi XX əsrdən başlayır. Güman edirəm ki, həmin yazıçı qadınların yaradıcılığından çoxunuzun məlumatı var. Bu dəfə sizə qadın nasirlərimizdən biri- Narıngül Nadir, Narıngül Babayeva imzası ilə tanınan bir yazıçı xanım barəsində söhbət açmaq istəyirəm. Gəlin əvvəlcə onun ömür tarixçəsinə, bədii yaradıcılıq yoluna işıq tutaq. Narıngül xanım Oğuz rayonunda anadan olub. Təfəkkür Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsilə yiyələnib. İlk olaraq “İşıqda adiləşmək qorxusu” şeirlər kitabı 2007-ci ildə işıq üzü görüb. Sonradan onun “Qadın da ağac kimidir” şeirlər və “Güzgüdəki qadın”, “Qar çiçəyi”, “Günəş üzlü qadın” adlı nəsr kitabları nəşr olunub. Yaradıcılığı haqqında Fikrət Qoca, Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, Seyran Səxavət, Vaqif Yusifli, Oqtay Rza, Günel Natiq, Mina Rəşid, Vəfa Mürsəlqızı, Vahid Məhərrəmli və s. yazarlar müxtəlif mətbu orqanlarında məqalələrlə öz fikirlərini bildiriblər. O, Türk ədəbiyyatından bəzi ədəbi nümunələri, o cümlədən professor doktor Mustafa İsenin “Tezkireden Biyoqrafiye” kitabını Azərbaycan türkcəsinə çevirib.
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən “2005-ci ilin tərcüməçi-şairi”, “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”, “Rəsul Rza Mükafatı”, “Cəsarətli qələm” və s. mükafatlara layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvüdür. 2010-cu ildə Prezident təqaüdü alıb. Hazırda AYB-nin “Qobustan” jurnalında çalışır...
Deyir ki- “Qadın olduğum üçün hər halda qadın psixologiyasını yaxşı bilirəm. Yazdığım hekayələr də mənim daxili dünyamın məhsuludur. Mənə elə gəlir ki, elə mövzular var, onları ancaq qadınlar yaza bilər. Çünki bu hislər qadınlara tanışdır. Aldatmalar, xəyanətlər, əzablar, məğlubiyyətlər, peşmançılıq və s.. Bu hisləri kişilər olduğu kimi təsvir edə bilməz. Qadın daha çox hiss edir. Bəzən sevgi də, xoşbəxtlik də insana əzab verə bilir. Xoşbəxtlikdə itirilmək, tənhalıq qorxusu var. Və bu qorxuları qadınlar öz içində keçirir. Bu hiss də mənə çox tanışdır. Ümumiyyətlə, mən bir az melanxolik insanam. Daha çox əzaba yıxılıram, pozitiv şeylərə meyllənmirəm. Melanxoliklərin öz dünyası olur. Mən yazaraq o melanxolik, qaranlıq dünyada özümü çözürəm və ordan çıxmağa çalışıram. Özümü o dünyada çox saxlamıram. Mən çox həssas biriyəm. Küçədə dilənən kimsəyə dəhşətli yazığım gəlir. Cəmiyyətdə kiminsə təhqir olunmağına dözə bilmirəm. İndi də alçaldılmış və təhqir olunmuş insanlar çoxdur. Bunlar mənə ağır gəlir...”
Mətbuata 90-cı illərdə gəlib. Bədii yaradıcılığa isə şeirlə başlayıb. Bir müddət şeir yazıb, şair kimi tanınıb...
“Mən ədəbiyyata çox gec gəldim. Necə deyərlər, özüm üçün yazırdım, çapa vermirdim. Bəyənmirdim yazdıqlarımı. 90-cı illərə qədər bir kitab da hazırlamışdım. Hər şeyi yerindəydi. Aparıb verdim nəşriyyata. Sonra isə anladım ki, o kitab mənlik deyil. Və nə yaxşı ki o kitabı üzə çıxartmadım, yandırdım. Qəribədir ki, sonra peşman oldum. Dedim, gərək yandırmazdım, xatirə idi, qalardı mənimlə...”- söyləyir.
Dostoyevskini, daha doğrusu, onun həyatını yaradıcılığından çox sevir. Xəyanəti faciə kimi qəbul etmir. Düşünür ki, insanın ruhu, zövqü, fikirləri dəyişə bilər. Heç kim özünü kodlaşdıra bilməz. Zaman dəyişdikcə, hansısa kişinin başqa bir qadından xoşu gələr və fikri dəyişər, eləcə də qadının. Sadəcə, kişiləri xəyanətdə qadınlara nisbətən daha cəsarətli hesab edir.
Deyir ki:- “Qadınlar istəklərini cəsarətlə deyə bilmədiyi üçün anlaşılmazdırlar. Öz içlərində özlərini çözməyə çalışırlar. Qadınlar özlərini ifadə edə bilmirlər, içlərindəkiləri izah etmək onlar üçün çətindir. İzah etsələr, bəlkə də dünyanın sonu olar. Qadın maraqlı və çətin varlıqdır...”
Bütün əsərləri müşahidələri üzərində qurulub. O, sanki mətndə özünü öldürür, ölməyə çalışır. Xəyanəti təsvir edəndə neytral mövqedə durmağı bacarır. Heç zaman təbliğat aparmır ki, xəyanət edən alçaq adamdır. Necə deyərlər, tənqidə açıq xanımdır. Heç vaxt bundan incimir. İstəyir ki, əsərləri müzakirə obyektinə çevrilsin. Kimsə əsərlərini tərifləyəndə elə bilir ki, borclu qalır, azadlığı əlindən alınır. Özünə çox müxalifdir...
“Açığını deyim ki, yazıçı kimi öz yazdıqlarımı bəyənirəm. Ən azından nə yazdığımı bilirəm. Şair kimi isə özümü bəyənmirəm. Şeirlərim bütöv deyil, fraqmentaldır. Düzdür, modern şeiri bilirəm, istəsəm bir şeir yazıb dərhal oxucunu tuta bilərəm. O üsulu yaxşı bilirəm. Amma nəsrdəki qədər özümü rahat hiss etmirəm.”-söyləyir.
Xülasə, bu xanım təkcə yazıçı kimi əsərlər yaratmır, həm də əsl yazıçı həyatı yaşayır. Söhbətimin sonunda rusiyalı sovet yazıçısı, dramaturq, teatr rejissoru və aktyoru Mixail Bulqakovla bağlı bir hadisəni sizə xatırlatmaq istəyirəm: Bulqakov öz həyatını nizama salmaq üçün bir neçə dəfə cəhd edib, amma heç biri də baş tutmayıb. O, hər cür təzyiqlərə məruz qalan biri idi. Gah kitabları nəşr edilir, tamaşaları səhnələşdirilir, yaxşı para qazanırdı. Gah da teatrlardan, nəşriyyatlardan qovulur, gününü ehtiyac içində keçirirdi. O dövrün hər bir sənət adamı kimi onu da hər an sürgün, ölüm gözləyirdi. Nə isə, Moskvada yaşayan Bulqakovun da evinə telefon xətti çəkilmişdi. Bu telefon o dövrün çox qiymətli əşyası olaraq yazıçının iş otağında quraşdılmışdı. Həyat yoldaşı istədiyi vaxt bu otağa girib telefonda qohum-əqrabası, tanış-tunuşu ilə danışıb gülürdü. Bulqakov isə, masa arxasında oturub yorulmadan yazırdı. Bir gün başını qaldırıb arvadına yazıq-yazıq deyir: “Lena, mən belə işləyə bilmirəm, axı fikrim dağılır.” Lena isə əlini dəstəyin mikrafonuna qoyub kinayə ilə cavab verir: “Bir şey olmaz əzizim, sən ki Dostoyevski deyilsən...”
...Narıngül xanıma sevdiyi Dostoyevskinin həyatını yox, Dostoyevskinin şöhrətini arzulayıram...
Elman Eldaroğlu