• 6 İyun 2025
logo
Demokratik siyasi mədəniyyət nümunəsi

Demokratik siyasi mədəniyyət nümunəsi

Dünyanın ən mülayim sosial-mədəni davranış formalarından biri mehribançılıqdır. Mehriban münasibətlər sadəcə “növbətçi” etiketin, qarşılıqlı dözümlüyün və tolerantlığın təzahürü deyil, o, eyni zamanda hörmətin, habelə tərəf müqabilinin özünə layiq və bərabər hüquqlu şəxs kimi qəbul edilməsinin əlamətidir. Əlbəttə ki, sosial münasibətlər müstəvisində mehribançılıq şübhə və qalmaqallardan qaçmaq, habelə ictimai konsensusa nail olmaq üçün ən ideal mühit də sayıla bilər. Mehribançılıq konkret cəmiyyətdə yumşaq və komfort mühiti yaradan önəmli amillərdəndir. Beləliklə, ailələrdə sağlam münasibətləri qoruyan mehribançılıq cəmiyyət müstəvisində də etibarlı münasibətlərin zaminidir. Odur ki, mehriban mühit sosial xoşbəxtliyin əlamətlərindəndir.

Konkret cəmiyyətdə mehriban münasibətlərin mümkünlüyünü şərtləndirən əsas amil xalqın mədəniyyəti, onun mental keyfiyyətləri və ölkədə yaşanan ictimai-siyasi mühitdir. Məhz bu yerdə, yəni ictimai-siyasi münasibətlər müstəvisində biz mütləq olaraq ölkəmizdə təqribən son beş il ərzində müxtəlif layihələr vasitəsilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitini prinsipial olaraq yada salmalıyıq. Altından xətt çəkərək bildirməliyik ki, bu təşəbbüslərin müəllifi bilavasitə Prezident İlham Əliyevdir. Açıq dialoq çağırışları dövlət siyasətin əsas istiqamətərindəndir.

Bəli, artıq hər kəs etiraf edə bilər ki, görülmüş işlər sayəsində “siyasi dialoq” məfhumu Azərbaycanın siyasi leksikonunda ən çox rastlaşan ifadələrdəndir. Əslində, bu fakt özü-özlüyündə dövlət və cəmiyyətin böyük uğurudur. Ən azından ona görə ki, milli birlik və ictimai konsensus dayanıqlı inkişafının önəmli və əvəzolunmaz sütunlarındandır. Təsadüfi deyil ki, dövlət başçısının “biz birlikdə güclüyük” ifadəsi hər bir azərbaycanlının ürəyində yer tutub. Bu ifadə cəmiyyət və xalq olaraq gələcəyə ümidlə baxmağımızın əsas ideoloji səbəblərindəndir.

Siyasi dialoq haqqında artıq hər kəs danışır: bilavasitə siyasi partiya sədrləri, siyasilər, deputatlar, alimlər, politoloqlar, jurnalistlər. Dialoqa həsr olunmuş yazı və müsahibələr isə ölkənin bütün tanınmış informasiya resurslarının ön səhifələrini bəzəyir. Tam məsuliyyətlə qeyd edə bilərik ki, mövcud vəziyyət ilə heç də hər bir dövlət fərəhlənə bilməz. Müşahidə olunanlar olduqca sevindiricidir və ictimaiyyətin birlik potensialından xəbər verir. Bunları görməzlikdən gələn yalnız radikal təfəkkürlü siyasətbazlardır. Siyasi münasibətlərin uzaq tinində qalmış bu radikallar birlik uğrunda yox ixtilaf uğurunda mübarizə aparırlar. Əlbəttə ki, milli birlik bu cür xislət sahiblərinin marağında ola bilməz.

Zəngilan və Cəbrayıla səfər: Partiya sədri nələr danışdı...

Mövcud istiqamətdə icra olunan layihələrdən biri siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləridir. Demokratik ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Mətbuatda xəbər verildiyi kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci olan növbəti birgə səfəri baş tutub. Budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilan olmuşdur. Onu da bildirək ki, sözügedən səfərdə 24 siyasi partiyanın nümayəndəsi iştirak etmişdir. İştirak etməyənlər isə məhz o kəslərdir ki, cəmiyyətdə birlik uğrunda yox, ixtilaf uğrunda mübarizə aparırlar. Onların bu cür davranışlarının digər məntiqli izahı yoxdur.

Sözügedən səfərlər və ümumiyyətlə, siyasi dialoq çərçivəsində icra olunan layihələr və görülmüş işlər haqqında məlumatları hər kəs rahat şəkildə mətbuatdan əldə edə bilər. Yeri gəlmişkən qeyd edək ki, məlumatların açıqlığı iqtidarın siyasi dialoq məsələsində nə qədər səmimi və israrlı olduğundan xəbər verir. Odur ki, 3 iyun tarixində təşkil olunmuş növbəti səfərin təfərrüatlarıına toxunmadan (onlar ilə mətbuatdan rahat şəkildə tanış olmaq mümkündür) sözügedən səfər çərçivəsində yaşanmış maraqlı və olduqca əlamətdar bir epizoda diqqət çəkmək istərdik.

Siyasi partiyalar yenidən Zəngilan və Cəbrayıla gedir

Belə ki, qeyd olunan səfərdə iştirak edən ölkənin tanınmış informasiya resurslarının biri öz TikTok səhifəsində diqqət çəkən və olduqca səmimi bir video paylamışdır. Mətbuatdan onu da bilirik ki, təşkil olunan səfərlərdə siyasi partiya sədrləri ilə birgə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edir. Prezident Administrasiyasının rəsmisinin bu cür səfərlərdə iştirakı sadəcə yüksək mədəniyyətin göstəricisi deyil, bu amil Azərbaycan iqtidarının siyasi dialoqda səmimi olmasının növbəti əlamətidir. Obyektivlik naminə etiraf etməliyik ki, mövcud hal eyni zamanda birbaşa iqtidar-müxalifət dialoqunun da əlaməti kimi qəbul olunmalıdır.

Qayıdaq bilavasitə bəhs etdiyimiz epizoda. Səfər ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin birinin ad gününə təsadüf etmişdir və bu səbəbdən də səfər çərçivəsində kiçik tədbir təşkil olunmuşdur. Sosial şəbəkələrdə sözügedən ad günü mərasimi ilə bağlı yayılmış video hesabına könül açan və qəlbləri sevindirən mənzərəyə şahidlik etdik. Bütün siyasi partiyaların nümayəndələri bir masa ətrafında əyləşib, sözügedən tədbirdə iqtidarı təmsil edən Prezident Administrasiyasının rəsmisi isə müxalifətdə olan siyasi partiya sədrini ad günü münasibətilə təbrik edir. Budur demokratik siyasi mədəniyyətin nümunəsi. Demokratik mədəniyyət konkret əməllərdə və davranışda özünü bildirər, emosional və demaqoji boşboğazlığın əlaməti olan pafosda yox. Məhz bu cür mənzərələr milli birliyimizi və ictimai vahidliyimizi yaşadar və gələcək nəsillərə toxunulmaz sərvət kimi ötürər.

Təkrarlansaq da bir daha bildirməliyik ki, mehriban münasibətlər sadəcə növbətçi etiketin, qarşılıqlı dözümlüyün və tolerantlığın təzahürü deyil, o, eyni zamanda hörmətin, habelə tərəf müqabilinin özünə layiq və bərabər hüquqlu şəxs kimi qəbul edilməsinin əlamətidir. Budur təşviq olunan siyasi dialoqun gözəlliyi, əhəmiyyəti və perspektivi.

Politoloq Asif Adil