• 5 Noyabr 2024
logo
Rusiya ABŞ-ni Yaxın Şərqdəki münaqişənin həlli üzrə cəhdləri əngəlləməkdə ittiham edib

Rusiya ABŞ-ni Yaxın Şərqdəki münaqişənin həlli üzrə cəhdləri əngəlləməkdə ittiham edib

ABŞ-nin Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxarıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransının plenar iclasında deyib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir: “Avrasiyanın Yaxın Şərq hissəsində vəziyyət daha dramatik şəkildə inkişaf edir. ABŞ-nin İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi sazişlərdən birtərəfli qaydada çıxması və Vaşinqtonun israrlı istəyi ilə Ərəb-İsrail nizamlama prosesini monopoliyaya alması fəlakətli nəticələndi və bu strateji əhəmiyyətli regionu sabitliyin tam pozulması və böyük müharibənin astanasına gətirib çıxardı. Bayden administrasiyası Fələstin xalqının faciəsinin sona çatması üçün istənilən səyləri əngəlləyir”.

Lavrov vurğulayıb ki, Rusiya terrorizmi bütün təzahürlərində pisləyir, lakin eyni zamanda, “Qəzza və İordan çayının qərb sahili sakinlərinin kollektiv cəzalandırılmasını” qəti şəkildə qəbul etmir.

“Qərb bu barədə susmağa çalışır, lakin İsrailin əməliyyatının bir ilində Kiyevdəki çevrilişdən sonra 10 il ərzində hər iki tərəfdən mülki itkilərin sayından iki dəfə çox dinc fələstinli həlak olub. Bu rəqəmlər barədə düşünün”, - Rusiya XİN başçısı qeyd edib.