• 27 İyul 2024
logo
Milli Parklarımız turizmin inkişafı üçün potensial iqtisadi imkanlar deməkdir

Milli Parklarımız turizmin inkişafı üçün potensial iqtisadi imkanlar deməkdir

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür

Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil.
Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.
Bu məqsədlə ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğudur.
Ölkəmizdə xüsusi mühaifəzi olunan ərazilərin yaradılması və onların vaxtaşırı genişləndiirlməsi problemi dövlətin diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar; dövlət təbiət yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət abidələri; zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar. Bunlar içərisində Dövlət Təbiət qoruqları, Milli Parkları və Dövlət təbiət yasaqlıqlarının xüsusi çəkisi daha böyükdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb.
Ötən il 44 gün davam edən Vətən müharibəsində Rəşadətli Ordumuz möhtəşəm Qələbə qazandı. 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımız erməni tapdağından azad olundu. Ermənilər bu illər ərzində həmin torpaqlarda vandalizm aktları törədib, bütün tarixi abidələri, məscidləri, yaşayış binalarının, evlərin əksəriyyətini dağıdıb, meşələri kəsib, qırıb, yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həmin torpaqlarda olan böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.
Ordumuzun işğaldan azad etdiyi ərazilərdə 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Təbii ki, onların yenidən bərpası nəzərdə tutulub. Hazırda həmin ərazilərdə təbiətin mövcud vəziyyəti ilə bağlı qiymətləndirmə işləri aparılır. Ümumiyyətlə isə ölkəmizdə 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı, 10 milli park fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri isə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir.
Yeri gəlmişkən, işğaldan əvvəl Qarabağda milli park olmayıb. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də Qarabağda yeni milli parklar yaradılacaq. Yaxın gələcəkdə oradakı yaşıl ormanlar - gözəl meşələrimiz göz oxşayacaq, istirahət guşələrinə çevriləcək.
İşğaldan azad olunmuş ərazilərdəki təbiət qoruğu və yasaqlıqların vəziyyəti heç də ürəkaçan deyil. Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini vacib edir.
Təbiət abidələri də xüsusi mühafizə olunan obyektlər hesab olunur. Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta 2000 il olan ağaclar var idi ki, onların əksəriyyəti vəhşi ermənilər tərəfindən kəsilib, daşınıb və məhv edilib. Gələcəkdə vandallardan müvafiq təzminatın tələbi üçün hazırda qiymətləndirmə işləri aparılır.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 6-da ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələyə də toxunaraq deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir. Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib. Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.
Ölkəmizdə yeni milli parkların yaradılması, mövcud qoruqlara milli park statusunun verilməsi nəzərdə tutulub. Həmin istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlərin görülməsinə başlanılıb. Burada əsas məqsəd uzun müddət qoruq statusu olmuş, qapalı ekosistemə sahib olan ərazilərə vətəndaşların, turistlərin səfərinin təşkil olunmasıdır. İlisu Dövlət Təbiət Qoruğunun milli parka çevrilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlər görülür. Həmçinin Göygöl Milli Parkının statusunun publik hüquqi şəxsə dəyişdirilməsi ilə bağlı təkliflərə baxılır. Bununla yanaşı, Qobustanda palçıq vulkanlarının olduğu ərazilərdə geoloji parkların yaradılması planlaşdırılıb və həmin istiqamətdə tədbirlər davam etdirilir.
2022-ci ildə milli parklara il ərzində ümumilikdə 276 min 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub. Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
Azərbaycanda Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan ərazilərdir. Dövlət təbiət qoruqlarından fərqli olaraq Milli parkların hüdudlarına ayrı-ayrı hallarda digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər.
Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar Milli Parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər. Milli Parklarımız turizmin inkişafı üçün də potensial iqtisadi imkanlar deməkdir.

Cavid