• 16 Oktyabr 2025
logo
Akademik Mustafa Topçubaşovun 130 illiyi münasibətilə MEK-in nəşri işıq üzü görüb

Akademik Mustafa Topçubaşovun 130 illiyi münasibətilə MEK-in nəşri işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın 15 təsisçisindən biri və həqiqi üzvü Mustafa Topçubaşovun biblioqrafik göstəricisi çapdan çıxıb.

Kitabxananın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, vəsait ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən tərtib olunub.

Biblioqrafik göstəricinin elmi məsləhətçisi və Ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru və nəşrdə yer alan alimin həyatı, elmi-təşkilati, həkimlik, pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında qısa oçerkin müəllifi akademik İradə Hüseynovadır. Redaktorları MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və biologiya elmləri doktoru Tubuxanım Qasımzadə, tərtibçisi isə Biblioqrafiya şöbəsinin baş biblioqrafı Təranə Rüstəmovadır.

Göstərici Mustafa Ağabəy oğlu Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixlərini və elmi əsərlərinin biblioqrafiyasını, publisistik məqalələrini, konfrans materiallarını, məruzələrini, tezislərini əks etdirir. Nəşrdə, həmçinin Akademik M.Topçubaşov haqqında televiziya, radio verilişlərin, videofilmlərin və elektron resursların mənbələri də təqdim edilib.

Azərbaycan və ingilis dillərində olan biblioqrafik göstərici tibb sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.