• 28 Mart 2024
logo
İranın “Azərbaycan masası”

İranın “Azərbaycan masası”

Molla rejiminin cəsus şəbəkəsi necə yaradılıb?

İranın xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasında və faktiki olaraq ölkə həyatının bütün sahələrini əhatə edən istiqamətlərdə cəsus şəbəkəsi yaratdığı kimsəyə sirr deyil. İran cəsuslarının və nüfuz müvəkkillərinin ifşası ilə bağlı çoxsaylı cinayət işləri, məhkəmə qətnamələri, ayrı-ayrı sahələrdə çalışan şəxslərin, siyasət, mədəniyyət və ədəbiyyat adamlarının, media təmsilçilərinin İranın xüsusi xüsusi xidmət orqanları tərəfindən ələ alınması ilə bağlı faktlar, ayrı-ayrı ölkələrin hesabatlarında, araşdırma yazılarında yer alan və kəşfiyyat məlumatlarına söykənən məlunatlar da bunu sübuta yetirir.
İranın cəsus və şaiyə şəbəkəsi, ideoloji təxribat qrupları, biznes dairələrinə və ictimai rəyin formalaşmasında iştirak edən ən müxtəlif sahələrə sızdırılmış missionerləri ilə bağlı son 20 il ərzində apardığım araşdırmalar, Azərbaycan Respublikasının konstitusion quruluşunun dəyişdirilməsinin, müstəqilliyinin itirilməsinin, dövlətin və milli dövlətçilik ənənələrinin, ordunun, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının, hətta milli valyutanın vətəndaşların gözündən salınmasının, dövlət institutlarına olan etimadın sarsılmasının rəsmi Tehranın başlıca məqsədlərindən biri olduğu qənətinə gəlməyə əsas verir. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, ölkənin radikal qrupların, dini ekstrimizm və separatizmin girovuna çevrilməsi, xalqımıza məxsus milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin, sekulyar dünyagörüşümüzün ekspansiyaya məruz qalması, assimilyasiyaya uğradılması molla rejiminin strateji hədəfi olub. Bu hədəfə doğru irəliləmək üçün isə rejim 30 il ərzində milyardlarla vəsait xərcləyib. Və bu baxımdan, əgər kimsə hesab edirsə ki, ölkəni molla rejiminin ideoloji, siyasi, mədəni və biznes missionerlərindən təmizləmək asan olacaq, yanılır.
Son terror aksiyasından sonra İranın cəsus şəbəkəsi ilə bağlı məqamlar, təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin, o cümlədən qardaş Türkiyənin də media resurslarının diqqət mərkəzindədir. Bu xüsusda, Türkiyənin “Diriliş postası” nəşrinin İranın 1996-cı ildə yaratdığı “Azerbaijan Desk” (Azərbaycan masası) xüsusi cəsus qrupu haqqında, kəşfiyyat məlumatlarına istinadən hazırladığı araşdırma yazısı da maraq doğurur. Nəşrin iddiasına görə, İran 1996-cı ildə “Şaziman-i-İttilat” və SEPAH-ın zabitləri arasından 4 min nəfəri seçərək onlara Azərbaycan dili, mədəniyyəti, coğrafiyası ilə bağlı təlimlər keçib. Sözügedən şəxslər din, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, hərbi və mülki idarəçilik sahəsində fəaliyyət göstərmək üçün ixtisaslaşıblar. Sonra bu şəxslərdən 3500 nəfəri Azərbaycana göndərilib. Onlar verilən təlimatlara uyğun olaraq, vətəndaşlıq almaq üçün azərbaycanlı qadınlarla ailə həyatı qurublar. Vətəndaşlıq alanların bir qismi müxtəlif bölgələrdə biznes fəaliyyəti ilə məşğul olub, daha “fərasətliləri” isə mülki və hərbi diplomatiya, siyasət, incəsənət, QHT, media, din və digər sahələrə nüfuz ediblər. Azərbaycan kəşfiyyatı 1997-2011-ci illər ərzində ölkəmizdə SEPAH və “İttilat”ın həyata keçirdiyi xüsusi proqram əsasında fəaliyyət göstərən cəsus şəbəkəsini ifşa etdikdən sonra, onlardan 700 nəfəri ölkəni tərk etməyi bacarıb. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan səfirliyində qanlı terror aksiyasını törədən Yasin Hüseynzadə həmin cəsus şəbəkəsinin üzvü olub və onun qardaşı, Urmiyədə kitab ticarəti ilə məşğul olan Rəhman Hüseynzadə hələ də SEPAH-ın xüsusi missiyasını həyata keçirir. Təbii ki, bu missiyaya azərbaycanlı şairlərin əsərlərinin İranda nəşr edilməsi adı altında onların ələ alınmaları da daxildir. Rəhman Hüseynzadə Təbriz, Urmiyə, Zəncan və digər şəhərlərdə, guya Azərbaycan ədəbiyyatının təbliğatı ilə məşğul olan, əslində isə SEPAH-ın kəşfiyyat planlarını icra edən qrupun əsas əlaqələndiricilərindən biridir.
Türkiyə mediasında haqqında söz açılan “Azərbaycan masası”nın mövcud durumunun hazırda nədən ibarət olduğunu deyə bilmərəm. Azərbaycandan qaçanlar, Azərbaycan əleyhinə fəaliyyətlərini, vaxtilə ələ aldıqları xainlərin vasitəsilə, çox güman ki, indi də davam etdirirlər. Həmçinin bu şəbəkənin təmsilçilərinin Gürcüstanda, azərbaycanlıların sıx yaşadıqları ərazilərdə, Rusiyada, Orta Asiyada və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sıra digər ölkələrdə Ermənistanın xüsusi xidmət orqanları və diasporu ilə sıx əlaqədə olduqları barədə əsaslı məlumatlar da var. Bu qrupların əsas missiyası icrimai rəyi Azərbaycanın əleyhinə yönəltmək, sağlam biznes, sosial və mədəni əlaqələri sabotaj etmək, ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdan ibarətdir. Yəni əgər biz, məsələn Rusiya mediasında Azərbaycan əleyhinə təbliğat aparan, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışan şəxslərdən söz açanda, İran xüsusi xidmət orqanlarının, SEPAH-ın, “İttilat”ın cəsis şəbəkəsinin fəaliyyətini də nəzərə almalıyıq. İranın Azərbaycanın media sektorundakı və artıq ifşa olunmuş cəsuslarının SEPAH-ın Rusiyadakı şəbəkəsi tərəfindən idarə edilməsi, şimal qonşumuzun ərazisində birbaşa molla rejiminin təbliğatı ilə məşğul olan çoxlu sayda media resursunun fəaliyyət göstərməsi də bunu sübuta yetirir.
Müşahidələrim onu deməyə əsas verir ki, İranın xüsusi xidmət orqanlarının Azərbaycana göndərdiyi və yaxud ələ aldığı şəxslərdən ibarət şəbəkənin ölkəmizdəki fəaliyyəti iki istiqamət üzrə həyata keçirilib. Birinci istiqamət, əsasən müxtəlif sahələrdə, o cümlədən dini-siyasi müstəvidə, vətəndaş cəmiyyəti institutlarında, media sektorunda fəliyyət göstərən və radikal mövqedən çıxış edən fərd və qrupları əhatə edib. Məqsəd isə diqqəti İrana meylli olduqları açıq şəkildə nəzərə çarpan şəxs və qruplara yönəltməklə, daha dərində olan missionerləri qorumaqdan ibarət olub. İkinci istiqamətdə yer alan şəxs və qruplar isə “yumşaq güc” missiyasını yerinə yetiriblər. Məscidlərdə, ziyarətgahlarda, dəfn və yas mərasimlərində İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, Azərbaycanın dostlarının və müttəfiqlərinin, eləcə də ölkəmizin konstitusion quruluşunun, dövlətçiliyimizin ideoloji əsaslarının dolayısıyla gözdən salınmasına və bəzən məsxərə obyektinə çevrilməsinə xidmət edən təbliğat aparıblar. Yeri gəldi-gəlmədi, imkan düşən kimi azərbaycanlıların SSRİ-nin tərkibində daha firavan, daha təhlükəsiz yaşadıqlarını önə çəkiblər, rus dilinin və mədəniyyətinin “üstünlüyünü” qabardıblar. Siyasi müstəvidə İranın “Azərbaycan masası”nın cəsus şəbəkəsinin təmsilçiləri, faktiki olaraq, bütün qütblərdə yer alıblar. Yəni hansı istiqamətdən Azərbaycana qarşı daha qabarıq təbliğat aparamaq və İran cəsusu, əlaltısı, nüfuz müvəkkili olduğunu gizlətmək mümkündürsə, həmin istiqamətdən də fəaliyyətlərini davam etdiriblər. İstisnasız olaraq yazıram, hazırda özünü “qərbyönümülü”, yaxud “Rusiyaya meylli” kimi göstərən qrupların ön sıralarında İranın cəsus şəbəkəsinin təmsilçilərinin sayı Rusiya və qərbyönümlülərdən daha çoxdur. Səbəb isə çox sadədir: Maskalanmaq, təbliğat aparmaq və narazı insanlara xitab etmək daha asandır.
İranın cəsus şəbəkəsinin aktiv fəaliyyət göstərdiyi sahələrdən biri də dini turizm və səhiyyə sektorudur. Dini turizmlə bağlı bir müddət öncə ölkə mediasında geniş araşdırma yazıları yer aldığına görə, bu istiqamətə diqqət çəkməyəcəyəm.
Səhiyyəyə gəldikdə isə, pandemiyadan sonra bu sahədə də vəziyyət dəyişib. Amma daha əvvəllər müxtəlif bəhanələrlə, o cümlədən “narkomaniyadan müalicə” adı altında İrana aparılan və ödənişsiz əsaslarla “müalicə” alan çoxsaylı insanlar var ki, geriyə qayırdıqdan sonra SEPAH-ın şaiyə şəbəkəsinin xüsusi missiyasını yerinə yetirməklə məşğul olublar. Məsələn, onlardan biri – 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunaraq saxlanılan Bəxtiyar Ağazadə haqqında bəzi məqamlara 2007-2013-cü illərdə yazdığım yazılarda toxunmuşam. Lənkəranda hər kəsin çox yaxşı tanıdığı bu şəxs cahil və narkotik aludəçisi idi. “Narkomaniyadan müalicə” adı altında İrana aparıldıqdan və orada uzun müddət qaldıqdan sonra, Bəxtiyar bir neçə dildə sərbəst danışan, Azərbaycan tarixinin molla rejimi tərəfindən təhrif olunmuş “tarix”ini mükəmməl şəkildə mənimsəmiş və istənilən şəxslə polemikaya girə biləcək bacarıqlara sahiblənmiş cəsus-terminatora çevrilmişdi. Dəvət olundu və ya olunmadı bütün yas məclislərində, dini mərasimlərdə iştirak edir, daha çox insanın, həm də nisbətən ictimai nüfuzu olan şəxslərin bir arada olduğu məkanlarda müxtəlif bəhanələrlə polemikaya girir, İranın ideoloji zəhərini ətrafa səpələyirdi... Bəxtiyar Ağazadənin şübhəli missiyası ilə bağlı ilk dəfə 2007-ci ildə “Rosbalt”ın müxbir-missioneri Yana Amelinanın Lənkərandan hazırladığı “reportaj”dan sonra yazmışdım. İndi isə Bəxtiyarın Yana Amelinaya “açıqlama”sından bir neçə cümləni dəyərli oxuculara təqdim etməklə real mənzərəni göz önünə sərgiləmək istəyirəm: “Rusiya ilə İran arasında tam etimad yoxdur və bunun günahkarı ilk növbədə Rusiyadır...
...Dinə meylli olduqlarına görə talışlar ABŞ və sionizmə pis münasibət bəsləyirlər... və hesab edirlər ki, Rusiya və İran nəticədə əl-ələ verəcəklər”
... Bəxtiyar Ağazadənin “Rosbalt”a “açıqlama”sında yer alan separatçı mülahizələr, şübhəsiz ki, diqqəti İrana cəsusluq fəaliyyətindən yayındırmaq məqsədi daşıyırdı, amma təcrübəsizliyindən və beyninə yeridilən tezisləri tam mənimsəyə bilmədiyindən gerçək missiyasının mahiyyətini tam şəkildə pərdələyə bilmirdi...
Nə isə... Təfərrüatına varmayacağam. Sözügedən şəxslə bağlı 2007-ci ildə baş verənləri və yazdıqlarımı sadəcə, İranın “Azaərbaycan masası”nda yer alanların fəaliyyətindən bir nümunə kimi qəbul edin. Bir məqamı qeyd etməyi unutdum: Bəxtiyar Ağazadə, təxminən 20 il ərzində İranın xüsusi xidmət orqanlarının beyninə “yüklədiyi” ideoloji tezisləri sərbəst şəkildə sağa-sola səpələməklə məşğul olub, nə qədər insanın beynini zəhərləyib və onunla birlikdə İranda “hazırlıq keçənlər” eyni missiyanı bu gün də, ola bilsin ki, hələlik kölgəyə çəkilərək davam etdirirlər.
P.S. İl(r)anın zəhərini ölkənin ictimai-siyasi həyatından, mediasından, səhiyyəsindən... təmizləmək üçün, görünür hələ xeyli vaxt və əmək sərf etməli olacağıq. İndi gördüklərimizin bir hissəsi, daha öncə qeyd etdiyimi kimi, diqqəti yayındırmaq üçün bizə göstərilənlərdir. Görəsən, “demokrat”, “qərbmeylli”, “şimalmeylli”, “radikal” yaxud “mötədil” real və virtual müxalifət, bloqqer, jurnalist, siyasətçi maskası arxasında daha nə qədər cəsus gizlənib?
Ümid edirəm ki, tezliklə yırtılan maskaların arxasından Vətən xainlərinin gerçək və rəzil simalarını daha aydın görə biləcəyik.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist