• 27 İyun 2022
logo
“Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır”

“Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır” -Turan Rzayev

“Ermənistan hakimiyyəti yenə hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır. Sözün düzü, bu qətiyyən bizi təəccübləndirmir. Çünki erməni siyasəti hər zaman belə olub və təəssüf ki, dəyişmir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, Ermənistan bu gün özünü nə qədər müstəqil dövlət adlandırsa da reallıq ondan ibarətdir ki, Rusiyanın forpostu, koloniyası, de-fakto müstəmləkəsidir: “Hətta mən deyərdim Rusiyanın anklav ərazisi olan “Kalininqrad” belə Ermənistandan daha müstəqil və daha sərbəstdir.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan müstəqil xarici siyasət yeritməyə çox çalışır, ancaq real mənzərə və baş verən son hadisələr onu göstərir ki, bu hələ bu tezlikdə baş verməyəcək. Çünki Ermənistanın hərbi komandanlığında keçmiş xuntaya bağlı qruplar hələ də qalmaqdadır və onların baş nazir Nikol Paşinyanın siyasətinə təsir imkanlarına malikdirlər. Onlar Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır və İrəvanı konstruktiv mövqe tutmaq xəttinə yaxınlaşmağa qoymur. Elə buna görədir ki, Ermənistan son günlər Kəlbəcər istiqamətində hərbi təxribatlar törədir və etimadı pozan digər addımlar atır.
Ermənistan faktiki olaraq 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir da möhkəmləndirilmiş öhdəlikləri açıqca pozur. Rəsmi İrəvan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını açıqca yubadır.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrup yaratmalı, müvafiq görüşlər keçirilməli və müvafiq fəaliyyətə başlanmalı idi.
Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir. Azərbaycan Prezidenti İlham Əliyev də mayın 18-da litvalı həmkarı Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında Ermənistanın son zamanlar tutduğu qeyri-müəyyən mövqe barədə məlumat verib. Ölkə başçısı qeyd etdi ki, Ermənistan sərhəd delimitasiyası ilə bağlı aprelin 29-da nəzərdə tutulan görüşü ləğv edib. Halbuki görüş təşəbbüsünü Ermənistan Xarici İşlər Nazirliyi özü irəli sürmüşdü. Digər tərəfdən 7-11 may tarixlərində sərhəddə Azərbaycan görüş keçirməyi təklif etsə də, Ermənistan bundan da imtina edib.
Hesab edirəm indiki məqamda Ermənistan həm Rusiyanın, həm də Qərbin əhəmiyyətli diplomatik-siyasi və hərbi dəstəyindən məhrum olub. Sadəcə ara-sıra Qərb də Rusiya da İrəvan üçün şirnikləndirici bəyanatlarla çıxış edir. Rəsmi İrəvan da buna aldanır”.

Əli Zülfüqaroğlu