• 6 Dekabr 2021
logo
El bir olsa...

El bir olsa...

Xalqımızın 30 ilə yaxın bir zaman kəsiyində həsrətlə gözlədiyi Böyük Zəfərin ildönümünə sayılı günlər qalıb. Hər gün müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qanları, canları bahasına yazdıqları tarixin heyrət doğuran anlarını təkrar-təkrar yaşayır, üçrəngli bayrağımızın işğaldan azad edilən yaşayış məntəqələrində, əlçatmaz, ünyetməz ucalıqlarda dalğalandığı günləri fərəhlə xatırlayırıq.
Böyük Zəfərdən keçən bir ilə yaxın müddət ərzində işğalçıların viran qoyduğu yürd yerlərimiz yenidən dirçəlir, ermənilərin insan ağlına sığmayan xüsusi amansızlıqla, vəhşicəsinə törətdikləri cinayətlərin izləri tarixin yaddaşına köçür, doğmalarının addım səslərinə, hənirtisinə qəribsəyən Vətən torpağı azadlığın bulaq suyu kimi saf havasında Böyük Qayıdışın yolunu gözləyir.
...Ötən 343 gündə çox şey dəyişib – düşüncəmizdən, həyata baxışımızdan yerişimizə, duruşumuza kimi. Başımız uca, alnımız açıq yolumuza, Böyük Hədəflərimizə doğru irəliləyir, bu yolda qarşımızda duran bütün maneələri aşa biləcək güclə, qan yaddaşı Xəzər kimi çağlayan bir Millət olaraq sarsılmaz birliyimizi, bütövlüyümüzü bütün dünyaya qürurla nümayiş etdiririk.
Çox böyük işlər görülür Qarabağda...
Bir yandan qələbəmizdən ən azı düşmən qədər məyus olan, sarsılan, içindəki kini, nifrəti, qəzəbi gizlədə bilməyərək aşkara püskürən “sapı” özümüzdən olan qonşularla, bir yandan torpaqlarımızın işğaldan azad edilməsi, münaqişəyə, savaşa son qoyulması nəticəsində illərdən bəri havamıza geosiyasi oyunlarının zəhərini qatanların bölgəyə “soxduqları burunları”nın ovulmasından doğan isterik reaksiyalarla, bir yandan terroprizmi, aqressiv etnik separatizmi, revanşizmi stimullaşdırmağa, yolumuzu bağlamağa, bizi hədəflərimizdən yayındırmağa çalışanlarla Millət və Dövlət olaraq mücadilə aparır, digər tərəfdən isə “Cənnətim Qarabağ” deyib vəsf etdiyimiz Böyük Bağımızı düşmənin viran qoyduğu xarabalıqdan adına, namına yaraşan bir hala gətirmək üçün yorulmadan, usanmadan çalışırıq.
Qarabağda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan quruculuq-abadlıq işlərindən, nəhəng infrastruktur layihələrindən başlamış tarixi, mədəni və dini abidələrimizin bərpasınadək, nə varsa dünyanın bizə, bizim isə dünyaya baxışımızın qaranlıqdan işığa açılan pəncərəsinə çevriləcək, yurda qayıdışımızın möhtəşəmliyini nümayiş etdirəcək...
Əziz həmvətənlər, “Dədə Qorqud” filminin sonluğunda Ulu Ozanımızın dilindən səsləndirilən sözlər, düşünürəm ki, bugünümüz üçün öz aktuallığını qoruyub saxlayır: “Torpağın yiyəsi olmaq üçün iki şərt var: Bir odur ki, bu torpağı gərək əkib becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib becərməyə dəyməz".
İndi biz uzun illər boyu çaqqal sürüsünün arxasından boy verən “üçbaşlı əşdaha”ların ağzından aldığımız torpağımızı yenidən əkib becərməli və QORUMALIYIQ! Asan olmayacaq, bilirəm, amma xalq və dövlət olaraq bunu da bacaracağımıza şübhə etmirəm.
...İndi yazacaqlarıma isə bəzi ağzıgöyçəklərin verəcəyi reaksiya, Türkiyəli qardaşlarımızın təbirincə desəm, heç umurumda deyil. Öncədən yazıram, çünki büzülmüş dodaqları görməzdən gələcəyəm.
30 il torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləmişik, hər imkanda bu yolda bütün məhrumiyyətlərə dözəcəyimizi bildirmişik.
Xalqımızın igid övladları savaşda sözdən əmələ keçməyin misilsiz nümunələrini göstərdilər və indi növbə bizimdir...
Vətənimizin az qala beşdə birini yenidən qururuq... Daha doğrusu, xarabalıqları cənnətə çevirmək istəyirik.
İndi İkinci Dünya müharibəsində dağıntılara məruz qalmış yaşayış məntəqələrinin görüntüsü ilə hər kəs asanlıqla internet resurslarında tanış ola bilər. Şübhə etmirəm ki, həmin dövrlə bağlı foto və videogörüntüləri izləyənlər erməni faşizminin alman faşizmindən daha dəhşətli, daha amansız, daha qəddar olduğuna bir daha əmin olacaqlar. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri, bəlkə də yalnız Xatın faciəsi ilə müqayisə etmək olar. Amma işğaldan azad edilmiş torpaqlarımızda minlərlə “Xatın” var – yer üzündən silinmiş, yerlə bir edilmiş kəndlər, qəsəbələr, şəhərlər... Və biz ucsuz-bucağsız xarabalıqlar üzərindən tamamilə yeni və müasir yaşayış məntəqələri salmalıyıq. Müqayisə üçün demirəm, İkinci Dünya Müharibəsindən sonra ən çox dağıntılara məruz qalmış böyük şəhərlərdən biri olan Stalinqradın (indiki Sankt-Peterburq – E.M.) yalnız mənzil fondunun bərpasına 10 ildən çox vaxt sərf olunmuşdu... İndi bəziləri SSRİ dövründə dövlətin tam nəzarəti altında olan və dünyadan təcrid olunmuş iqtisadiyyatın “inkişaf etdiyini”, qiymətlərin tez-tez aşağı salındığını vurğulayırlar. Belələrinə xatırlatmaq istəyirəm ki, bu müddət ərzində SSRİ-yə Almaniya, Yaponiya, Macarıstan və Finlandiya tərəfindən böyük təzminatlar ödənir, Şərqi Avropanın, xüsusilə də Şərqi Almaniyanın müəssisələri Sovet İttifaqının zavod və fabrikləri üçün avadanlıqlar istehsal edir, faşizmdən qurtuluşun və məğlubiyyətin “əvəzini” qarşılayırdılar...
Hazırda Ermənistan bizə bir qəpik də təzminat ödəməyib və bu istiqamətdə fəaliyyətin nəticəsi olaraq, işğalçının məsuliyyətə cəlb olunması vaxt aparacaq. Bizim isə gözləməyə vaxtımız yoxdur və işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesini mümkün qədər tez həyata keçirməliyik. Məhz bu baxımdan, əldə etdiyimiz qələbənin mahiyyətini dərk edə bilməyən, yaxud Azərbaycana düşmən kəsilənlərin muzdlu və “könüllü” nüfuz müvəkkili, “beşinci kolon”u, “beşinci təkəri”, “yedəyi”, “quyruğu” funksiyasını yerinə yetirənlərin sosial şəbəkələrə səpələdikləri ucuz, bayağı və populist təxribat kampaniyalarının cavabını artıqlaması ilə verməli, Vahid Vətənin, tamın bir parçası kimi özümüzü işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinin mərkəzində hiss etməliyik. 30 ilə yaxın zamanımızı alan, qanımızı sümürən işğldan sonra toparlanaraq əldə etdiyimiz Böyük Zəfərin yaratdığı reallıqları qorumaq, yeni milli hədəflərə doğru inamla, qətiyyətlə addımlamaq, bununla yanaşı, yerlə bir edilmiş yurd yerlərimizi yoxdan var etmək Vətən Müharibəsində verdiyimiz mücadilə qədər əhəmiyyətli, çətin və şərəfli bir işdir. Biz el olduğumuzu da, sel olduğumuzu da savaş meydanında nümayiş etdirmişik – birliyimiz dağları yerindən oynadıb, zərbimiz kərən sındırıb!
Hədəflərimizə doğru yürüdüyümüz zaman kəsiyində çətinliklərimiz də olacaq, çatışmazlıqlarımız da... Yetər ki, usanmayaq, yorulmayaq və öz doğmalarımızı, yaxınlarımızı anladığımız kimi, dövlətimizin üzərindəki yükün ağırlığını hiss edə, məsuliyyətini başa düşə bilək.
Təkrara yol verməyəcəyəm. Ümid edirəm, dövlətimizin, iqtisadiyyatımızın üzərində işğaldan azad edilmiş ərazilərimiz böyüklükdə ağır bir yükün olduğu, bununla yanaşı, bizdən daim daha güclü olmağı tələb edən reallıqlarla qarşı-qarşıya qaldığımız barədə fikirlərimi anlaşılan bir şəkildə izah edə bildim. Bu sıraya COVİD-19 pandemiyasının özü ilə gətirdiyi qlobal iqtisadi böhranı da əlavə edirəm və mənzərə tamamdır...
Amma bütün bunlarla yanaşı dövlət öz vətəndaşını unutmur. Gücü və imkanları daxilində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməməsinə, iqtisadi fəallığın artırılmasına, sosial problemlərin həllinə çalışır. Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladağı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının da təməlində məhz bu amil dayanır. Sərəncamda sosial ödənişlərdə ciddi artımlar təminin edilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması məqsədini güdür.
Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Bu məqsədlə Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb. Həmin təkliflərin hazırlanmasına isə artıq başlanılıb.
Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Azərbaycan Prezidenti üçün başlıca amil olduğunu bir daha təsdiqləyir.
Bu qədər...
Əyər-əskiyimiz və təbii ki, mövcud potensialımızdan daha səmərəli istifadə etmək üçün imkanlarımız var. Bütün bunlar isə ölkədə həyata keçirilən islahatların davamlılığını, intenisvliyini və bu prosesə münasibətdə fəal vətəndaş mövqeyinin, ictimai nəzarətin olmasını tələb edir.
Biz birlikdə güclüyük!
Bu reallıq isə heç vaxt dəyişməyəcək!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” media qrupunun rəhbəri