• 29 Mart 2024
logo
Sosial şəbəkələr və cəzasızlıq sindromu

Sosial şəbəkələr və cəzasızlıq sindromu

“Cinayətin ən böyük mükafatı cəzasızlıqdır”

Mark Tulli Siseron

Qəribə vəziyyət yaranıb. Sosial şəbəkələrdə, internet resurslarında, Azərbaycan və ingilis dillərində olan bütün sözlərdən, söz birləşmələrindən, abreviaturlardan istifadə olunmaqla yaradılan xirda-para saytlarda ayrı-ayrı vətəndaşların, tanınmış şəxslərin, ictimai-siyasi xadimlərin, dövlət adamlarının və qurumlarının ünvanına min bir hədyan, təhqir, söyüş yağdırılır, doğmaları, yaxınları, şəxsiyyətləri müzakirəyə çıxarılır, amma bunun qarşılığında hüquqi müstəvidə addım atılanda olur söz və ifadə azadlığının pozulması... “Beşinci kolon”unun bəhanə generatorları, qrant ovçuları, marıqda yatan “vurulmuşlar”, tükənmişlər, yorulmuşlar, ağıllı-ağıllı poz verməkdən başqa əlindən bir iş gəlməyən və şəklinə baxıb özünü dünyanın ən mükəmməl varlığı sayan, bəzi təkəbbürünə YENİlənlər və daha kimlər, birbaşa, yaxud muzdlu sosial şəbəkə “terminatorları” vasitəsilə yalan üzərindən yalan, böhtan üzərindən böhtan yağdırmaqla hərəkətə geçir, təhqir olunanı, aşağılananı, qüruru, heysiyyatı çeynəniləni ölkənin ən suçlu adamına çevirirlər. Və hər dəfə sükut və susqunluqla müşaiyət olunan bu kimi hallar yeni-yeni presidentlərin yaranmasına səbəb olur. Dəyərlər, ölçülər itir, sərhədlər tapdanır, insan şəxsiyyətinin aşağılanması, şər, böhtan, şəbədə, yalan adiləşir və toplumu bir arada saxlayan bütün birləşdirici kriteriyaları, əxlaq normalarını sıradan çıxarır. Mənəvi dəyərlərini, əxlaq kriteriyalarını itirən cəmiyyətin isə onurğası olmur. Belə cəmiyyət üçün nəinki müstəqil dövlət, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı anlayışları, hətta ən adi insani münasibətlər belə ritorika və söz yığınından başqa heç nə ifadə etmir. İnformasiya mühitimizi özbaşınalıq və xaos platformasına sürükləyənlər bizi buna doğru aparırlar və məqsədləri də min bir əziyyətlə qurduğumuz, qoruduğumuz, yüksəltdiyimiz dövləti onurğasızların ümidinə qoymaqdan ibarətdir.

Həvəsdi, bəsdi...

Mənə görə, sosial şəbəkələrdə məsiliyyətsizliyə, özbaşınalığa, vətəndaşların şərəf və layaqətinin tapdanılmasına, yalana, böhtana, feyk xəbərlərə rəvac verən ən əsas amil cəzasızlıq mühiti və təbii ki, bir qrup sosial şəbəkə “terminatoru”nun, “terrorçu”sunun ictimai və dövlət maraqlarına, vətəndaşların fundamental hüquq və azadlıqlarına zidd bir şəkildə, həm də məntiqi izahı olmadan himayə olunmaları, qorunmalarıdır. Biri var, humanitar sahə üzrə Harvard məzunudur. Tətbiqi riyaziyyatdan və kibernetikadan ictimai siyasətə qəfil və qafil keçid edib. Keçid o qədər sərt, proses o qədər sürətli olub ki, adam son nəticədə ictimai-siyasi kiberterrorçuya çevrilib. Və ona, həm də elə gəlir ki, ayrı-ayrı dövlət qurumlarının, güc strukturlarının rəhbərləri bütün işlərini-güclərini bir kənara buraxıb, psixoloji pozğunluğu hər kəlməsindən sezilən, şizofreniyanın “təqib sərsəmləməsi” mərhələsini geninə-boluna yaşayan bu ictimai faydasız adamın izinə düşüblər. Eyni adam artıq xeyli müddətdir ki, güc strukturlarından birinin rəhbərini hədəfə alıb, ünvanına davamlı olaraq, aşağılayıcı ifadələr, ağlasığmaz ittihamlar səsləndirir və bu sosial şəbəkə “terminator”u ilə bağlı heç bir tədbir həyata keçirilmir. Sözügedən strukturun rəhbəri məhkəməyə müraciət edə bilmir. Çünki cəzasızlıq sindromunun həzzini yaşayan “terminator”u himayə edənlərin məqsədi də “Harvard məzunu”nun personası ətrafında ajiotaj yaratmaq, marıqda hazır dayanan “hüquq-müdafiə təşkilatları”nın mətni hazır bəyanatlarının yayılmasına nail olmaq və sonra da baş verənlərdə hüquqları kobud şəkildə pozulan, aşağılanan güc strukturunun rəhbərini suçlu çıxarmaqdan ibarətdir... Bu adamlar anlaya bilmirlər ki, güc strukturlarının nüfuzdan salınması, onların rəhbərlərinin, səbəbindən asılı olmayaraq, öz hüquqlarını müdafiə edə bilməyən bir şəxs kimi ictimai rəyə təqdim edilməsi dövlətin cinayətkarlarla, təxribatçılarla, oğru, quldur və soyğunçularla, terrorçularla mücadilə aparan sərt üzünə vurulan zərbədir. Ədalərin gücü və gücün ədaləti bir-birini tamamlayan amillərdir, biri yoxdursa digəri də yoxdur...

Bütün hüquqi dövlətlərdə cəza siyasətinin əsasını onun çəkindiricilik funksiyası təşkil edir. Azərbaycanda da həmçinin. Bunun əksi isə cəzasızlıqdır ki, bu da son nəticədə, indiki halda informasiya mühitinin və onun cəmiyyətdə formalaşdırdığı atmosferin yaşanmaz hala düşməsinə gətirib çıxarır. Necə deyərlər, “pis davranış yoluxucu olur”.

ABŞ-ın Stenford Universitetinin professoru, insanın psixi və fiziki vəziyyəti arasındakı əlaqənin öyrənilməsi sahəsi üzrə dünyanın ən yaxşı ekspertlərindən sayılan Kelli Makgonikal (Kelly McGonigal) özünün “İradənin gücü elmi” (“The Science of Willpower”) adlı kitabında yazır:

“Başqalarının normaları pozduğunu və impulsiv davrandıqlarını fərq etdikdə, biz də impulslara daha çox təslim oluruq. Yəni hər dəfə pis davranışa rast gələndə özümüzə nəzarətimiz azalır.

Nümunə: Elm adamları eksperiment məqsədilə velisopedlərini “Burada velosiped saxlamayın” yazılan löhvənin önünə bağlayır, ərzaq arabalarının mağazalara qaytarılması zəruri olduğu halda isə, onları dayanacaqda buraxıb gedirlər. Və bu eksperimentin nəticəsində qaydaları pozmağın yoluxucu olduğu bir daha təsdiqlənir. İnsanlar velosipedlərini “Burada velosiped saxlamayın” yazılan lövhənin önündəki hasara bağlayır, ərzaq arabalarını mağazalara qaytarmırıar”. Amerikalı psixoloqdan iqtibas gətirməyimin əsas səbəbi, istisnasız olaraq, Azərbaycanda başqalarına münasibətdə Amerikalı kimi düşünən və çalışan bəzilərinin vəziyyəti daha yaxşı anlaya bilmələri üçündür. Ona qalarsa, pis vərdişlərin yoluxucu olduğunu ağlı başında olan hər kəs bilir...

...Durum hər kəsə bəllidir. Aprel və Tovuz döyüşlərinin, eləcə də 44 günlük Vətən müharibəsinin dərslərindən hələ də nəticə çıxarmayanların olduğunu, mina partlayışı ilə bağlı yayılan məlumatlar və Respublika Baş Prokurorluğunun bu xüsusda həyata keçirdiyi tədbirlər barədə açıqlaması bir daha təsdiqlədi. Baş verənlərin səbəbini yuxarıda izah etsəm də, bir daha təkrarlamağı özümə borc bilirəm: Cəzasızlıq bu və ya digər şəxsin yol verdiyi inzibati xətadan, yaxud törətdiyi cinayətdən daha təhlükəlidir. Çünki inzibati qayda pozmalarının, cinayət əməllərinin adiləşməsinə və kütləvi hal almasına zəmin yaradır.

Bu baxımdan, hər hansı bir şəxsə qarşı həyata keçirilən mənəvi terror aksiyasını bütün cəmiyyətə qarşı gerçəkləşdirilən inzibati xəta, yaxud cinayət əməli kimi qiymətləndirmək və qəbul etmək lazımdır. Belə məsələlərdə, “məndən ötdü, qardaşıma dəydi” prinsipsizliyi keçərli deyil.

Biz birlikdə güclüyük!

Elçin Mirzəbəyli