“İkinci oxunuşun tələbinə uyğun olaraq mən 8-ci maddə ilə bağlı danışmaq istəyirəm. Burada qeyd olunur ki, kimlər imtahansız vəkil ola bilər. Bildirilir ki, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fərxi ad verilmiş şəxslər, habelə, əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər, onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə cəlb olunurlar”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Azərbaycanda vəkillərin sayına görə biz, ümumi orta Avropa göstəricilərindən dəfələrlə geri qalırıq. Ona görə də, müəyyən mənada başa düşülməzdir ki, niyə tutaq ki, fəlsəfə doktorları imtahansız Vəkillər Kollegiyasının üzvü ola bilməzlər, yaxud da bütün hakimlər və prokurorluq əməkdaşları. Burada qeyd olunur ki, Apellyasiya və Kassasiya məhkəməsinin sədrləri. Sədrlər ümumiyyətlə, heç prosesi çox vaxt aparmırlar, işə çıxmırlar. Hakimlər onlardan daha çox təcrübəlidir, onlar daha çox təşkilatı işlərlə məşğul olurlar. Özü də bütün hakimlər də, prokurorluq işçiləri də imtahan verirlər, onlar da bir neçə mərhələdən keçirlər. Ona görə də istənilən hakim, istənilən prokurorluq işçisi müraciət etməklə Vəkillər Kollegiyasına üzv olmalıdır. Onlara belə bir şərait yaradılmalıdır.
Hörmətli Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvləri doğrudan da vəkillik institutunun nüfuzunun qaldırılması üçün son vaxtlar çox çalışırlar, o cümlədən də vəkillərin sayının artırılması istiqamətində. Amma biz mətbuatda tez-tez onunla rastlaşırıq ki, bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunur, vəkillik fəaliyyətlərinə xitam verilir və s.”.
Millət vəkili əlavə edib: “Bunların bəziləri müvafiq istintaq orqanının, yaxud məhkəmələrin qərarları əsasında baş verir. Amma, biz vəkillik institutunun nüfuzunun artırılması üçün ora qəbulu çətinləşdirməməliyik. Hesab edirəm ki, biz bu məsələlərə diqqət yetirməliyik ki, neçə vəkilin vəsatəti, ümumiyyətlə, təmin olunub, neçə vəkilin şikayəti əsasında hakim, yaxud prosessual qanunvericiliyi pozan istintaq orqanının əməkdaşı məsuliyyətə cəlb olunub, cəzalandırılıb. Biz, mətbuatda bunlara rast gəlmirik. Amma vəkillərin cəzalandırılmasına rast gəlirik. Bu o demək deyil ki, onlar əsassız cəzalandırılır, haqlı cəzalandırılır. Amma hesab edirəm ki, bu, qarşılıqlı olmalıdır.
2000-ci ildə mərhum prezident Heydər Əliyevin imzaladığı və Milli Məclisin qəbul etdiyi qanunla Cinayət Prosessual Məcəlləsinə andlı iclaslar insitutu daxil edilib. Amma o institut tətbiq olunmadan, 2009-cu ildə biz həmin insitutu ləğv etdik.
Heç olmasa 1 şəhərdə belə tətbiq olunsaydı bizi görərdik ki, bu, effektlidir, yaxud effektsizdir. Amma, məhkəmələrdə çəkişmə prinsipinin təmin olunması üçün, hansı ki, ora 12 nəfər andlı iclaslı seçilir, o müəyyənləşdirir kim təqsirlidir, kim haqlıdır yoxsa yox.
Bunlar namuslarına, şərəflərinə and içirlər və başa düşürlər ki, sabah kiminsə haqqını pozsalar onların da haqqı pozula bilər. Ədalət mühakiməsini həyata keçirmək üçün bu baxımdan hesab edirəm ki, həm də andlılar insitutunu bərpa etmək və məhkəmə hüquq islahatlarını genişləndirmək lazımdır. Biz ekspertiza haqqında qanun qəbul etdik, müstəqil ekspertizalar haqqında. Amma o qanun çox təəssüf olsun ki, tətbiq olunmur. O cümlədən xüsusi dedektivlər haqqında da biz qanun qəbul etməliyik ki, vətəndaşlar bəzən onların xidmətlərindən istifadə etsinlər, öz hüquqlarını qoruya bilsinlər”.