Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin, o cümlədən poçt, rabitə və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin tədbirlərin davamı olaraq nazirliyin tabeli qurumu “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən Naxçıvan “ASAN xidmət” mərkəzində göstərilən poçt xidmətlərinin martın 4-dən nağdsız həyata keçirilməsinə başlanılıb. Yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə ödədikdən sonra bank tərəfindən verilmiş qəbzi oçt xidmətləri pəncərəsinə təqdim etməklə, mövcud bazada müvafiq ödənişlər qeydiyyata alınır.
Qeyd edək ki, bu ödənişlər “ASAN xidmət” mərkəzinin daxili qaydalarına uyğun olaraq nağdsız həyata keçirilir.