“Hazırda ölkənin bir çox kənd və qəsəbəsində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, söhbət qeyri-qanuni tikililərdən yox, illərdir yaşayış olan evlərdən gedir: “Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, “kupça”, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün “kupça” almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacam”.
Deputat qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün rüsumlardan azadolma və güzəştlər təklif edilir: “Kənd yerlərində yaşayan, illərdir, evində yaşayan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edir. Məhz bu nöqtədə qanunvericilik yanaşması tamamlanmalıdır. Əgər dövlət müəyyən ailələr üçün sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktı olan, lakin sənədsiz qalan evlərə minimum kommunal təminat məsələsində də tətbiq edilməlidir. Təklif edirəm ki, yaşayış faktı yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən fərdi yaşayış evlərinə, mülkiyyət sənədi olmadan da, minimum kommunal xidmətlər, xüsusən qaz və elektrik, müvəqqəti əsasla təmin edilsin və paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizmi tətbiq olunsun.
Qaz lüks deyil, istilik imtiyaz deyil, bu, insanın yaşamaq üçün ən elementar ehtiyacıdır. Əgər boru evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, burada problem vətəndaşda yox, sistemdədir. Biz qanunları insanlar üçün qəbul edirik, bu məsələ də məhz bu yanaşma ilə həll olunmalıdır”.