Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Yunus Əmrə İnstitutunun başqanı professor Abdurrahman Aliyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-nın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, görüşdə çıxış edən akademik İsa Həbibbəyli “Bir millət, iki dövlət” prinsipinə söykənən Azərbaycan–Türkiyə münasibətlərinin son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən elm sahəsində yüksək əməkdaşlıq əlaqələri mövcuddur və münasibətlər bütövlükdə Türk dünyasının elmi birliyinə mühüm töhfə verir. AMEA rəhbəri vurğulayıb ki, iki ölkə arasında elm, ədəbiyyat, mədəniyyət və təhsil sahələrində ortaq layihələrin həyata keçirilməsi artıq davamlı xarakter alıb.
Akademik İsa Həbibbəyli görüş zamanı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı da məlumat verib. Bildirib ki, Qurultayın 100 illik yubileyi türk aləminin intellektual irsinin yenidən dəyərləndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşdə çıxış edən professor Abdurrahman Aliy Yunus Əmrə İnstitutunun fəaliyyəti, beynəlxalq mədəniyyət layihələri və Türkoloji Qurultayın 100 illiyi ilə bağlı görülən işlər barədə məlumat verib. O, AMEA ilə əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb.
Sonda qarşılıqlı olaraq xatirə kitabları təqdim olunub.
Görüşdə, həmçinin Yunus Əmrə İnstitutunun başqan müavini Ömər Yıldız və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan iştirak ediblər.