• 16 Aprel 2024
logo
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qazaxıstanlı nazirlə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qazaxıstanlı nazirlə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasına səfəri çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

Fonddan Baymedia.az-a verilən məlumata görə, görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açılıb. Tərəflər Fondun Qazaxıstanın zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə cari və növbəti il üzrə fəaliyyətinin istiqamətlərinə dair müzakirələr ediblər.

Görüşdə, həmçinin “Türk Vizyonu 2040” strateji proqramı çərçivəsində “Türk dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fondun Şurasının yaradılmasından, eləcə də təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək Şura iclası üçün görülən hazırlıq işlərindən bəhs olunub.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Fond tərəfindən hazırlanan Konvensiyanın Türk dünyası üçün əhəmiyyətini qeyd edərək bu sahədə tərəfdaşlığa tam dəstək ifadə edib. O, həmçinin Fondun Şurasının yaradılması istiqamətində təşkilatın səylərini yüksək qiymətləndirərək Şuranın mart ayında keçiriləcək iclasında iştirakını təsdiqləyib.

Görüş Fond ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə davam edib.