Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-a açıqlama verib.
Aktual.az sözügedən açıqlamanı təqdim edir:
-Qüdrət bəy, bəzi xarici siyasi ekspertlər, tədqiqat mərkəzləri ABŞ - İran münaqişəsinin nəticəsi olaraq İran rəhbərliyinin daha da güclənməsini, İranın regional (orta) gücə çevrilməsi və münaqişədən sonra İranın regionda daha aqressiv siyasət yürüdəcəyini söyləyirlər. Bu qiymətləndirmə ilə razısınızmı və Azərbaycanı hansısa təhlükələr gözləyirmi?
-Biz İranın azad, demokratik, güclü iqtisadiyyata sahib rifah dövləti olmasını arzulayırıq. Çünki qonşumuz olması ilə yanaşı, orada soydaşlarımız yaşayır. Güclü İran həm də bizim inkişafımıza töhfə verə bilər. Amma hazırda İranla bağlı başqa bir acı reallıq var. Müharibənin nəticəsi olaraq İranın blokadası daha da gücləndirilib, ölkənin hərbi - sənaye kompleksinə ciddi ziyan vurulub, milli valyuta dayanmadan dəyər itirir. Neft gəlirlərindən asılı olan ölkə neft sata bilmir. Ölkə daxilində alternativ fikrə dözümsüz münasibət ölkənin güclənməsi kimi təqdim oluna bilməz. Müasir siyasi ədəbiyyatda, müxtəlif akademik təsnifatlarda İran orta (regional) güc hesab olunmur və indiki siyasətlə yaxın gələcəkdə də onun belə bir imkanı olmayacaq. Dövlətlər iqtisadi gücünə - ÜDM, adambaşına düşən gəlirə, sənaye, ixrac,maliyyə imkanlarına, hərbi gücünə - müdafiə büdcəsinə, ordunun imkanlarına, texnologiya, raket/ nüvə potensialına, xaricdə hərbi fəaliyyətinə, əhali və ərazisinə - əhali sayına, ərazi ölçüsünə, strateji coğrafi müvqeyinə, diplomatik gücünə - doplomatik şəbəkəsinə, beynəlxalq təşkilatlarda təsir imkanlarına, vasitəçilik qabiliyyətinə, regional təsiir imkanlarına - öz regionunda təhlükəsizlik, iqtisadiyyat və siyasətə təsir etmək qabiliyyətinə, texnlogiya və sənaye imkanlarına - yüksək texnologiyalara sahib olmağa, müdafiə sənayesi, enerji və strateji sektorla malik olmalarına, yumşaq güc (soft power) imkanlarına - mədəniyyət, təhsil, brendlər, beynəlxalq reputasiya və cəlbedicilik gücünə, beynəlxalq təşəbbüskarlıq imkanlarına - koalisiya yaratmaq, müəyyən məsələlərdə beynəlxalq gündəmə təsir göstərmək imkanlarına görə regional güc hesab olunurlar. 300 milyard ÜDM -i və 7.4 milyard dollar hərbi xərcləri olan İran bu göstəricilərdən neçəsinə sahibdir? ÜDM-i 720.7 milyard dollara çatan, hərbi büdcəsi 48.3 milyard dollar olan (regional güc sayılan Türkiyənin hərbi xərcləri 30 milyard dollardı), nüvə silahına, ən yeni texnologiyaya sahib olan İsrail belə regional (orta ) güc hesab olunmur. Hindistan, Viyetnam, Səduyyə Ərəbisyanı, Sinqapur, Cənubi Afrika, İndoneziya kimi ölkələr "yüksələn orta (regional ) güc" hesab olunur.
İrandan bizi hansı təhlükə gözləyir sualına gəldikdə isə onu deyim ki, İran əhalisinin az qala yarısı Azərbaycan türküdür, bunu heç kim yaddan çıxarmamalıdır. İran rəhbərliyi sülh və ölkəni yenidən qurmaq barədə düşünməlidir. Bundan başqa, Azərbaycanın istənilən təhdidlərə anında cavab vermək imkanı var. Türkiyə və Rusiya da belə bir vəziyyət yaranarsa, Azərbaycanın yanında olar. İran da bunu bilməmiş deyil və ona görə də İrandan heç bir təhlükə gözləmirəm. Əksinə, düşünürəm ki, biz İranla 3+3 formatında, Mərkəzi Asiya respublikalarının da qoşulacağı iqtisadi inteqrasiyaya, bununla da təhlükəsizliyə və inkişafa yol açan iqtisadi birlik yaratmaq barədə düşünməliyik.