II yazı
İlk dəfə "Gülüstan" poemasını oxuyanda orta məktəbin 5-ci sinifində təhsil alırdım. "Gülüstan"ı böyük qardaşımın cib dəftərindən köçürmüşdüm, xəlvətcə...
Vaxtaşırı dayımla Bəxtiyar Vahabzadənin "Gülüstan"ı və Şəhriyarın "Heydərbaba"sı haqqında pıçıldaşır, ikiyə bölünmüş Azərbaycandan, Kərkükdən, Türkiyədən danışırdılar. Mən isə qapı arxasından onları pusur, eşitdiklərimin fərqinə varmağa çalışırdım. Qəribədir, bütün bunlar mənə qeyri-adi, daha dəqiq desəm, ilk dəfə eşitdiyim məlumat təsiri bağışlamırdı. Ustadın "Gülüstan" poemasından sonra isə bu ayrılıqla birlikdə doğulduğumun, qan yaddaşımda Bütöv Azərbaycan sevdası daşıdığımın fərqinə vardım.
Bəxtiyar Vahabzadənin sevə-sevə əzbərlədiyim misraları mənim gələcək taleyimi, gedəcəyim yolu müəyyənləşdirdi...
..Sonradan Vətən sevgisindən yoğrulmuş şeirlərilə məni ədəbiyyata gətirən Ustadla yollarımız bir neçə dəfə kəsişdi. Hələ tanışlığımızdan öncə müxtəlif ədəbi məclislərdə haqqımda xoş sözlər dediyini də bilirdim. 1989-cu ildə, meydanda Azərbaycanın ərazi bütövlüyü və istiqlalı uğrunda mücadiləyə qalxan yüzminlərin arasında "Heyratı" ritmik muğamı üzərində yazdığım "Azadlıq" marşı barədə Dövlət Televiziyasının efirindən söz açdığını və "bu gənc oğlan nə qədər böyük bir iş gördüyünün fərqində belə deyil" söylədiyini də izləmişdim. Bu qədər səmimi, qayğıkeş münasibətin qarşılığında nədənsə onunla üz-üzə gəlməkdən, təmasda olmaqdan çəkinirdim. O zaman bunun səbəbini bilməsəm də müəyyən vaxtan, daha doğrusu Böyük Ustadın mənə ünvanladığı ilk məktubdan sonra şüuruma hakim kəsilən bu ziddiyyətli yanaşmanın əsil mahiyyətini anladım: İllərdən bəri təxəyyülümdə formalaşdırdığım ucalığa yaxınlaşmaqdan, onunla təmasda olmaqdan qorxurdum...
Bu kompleks məni Ustadla qarşılaşdığım hər təsadüfdə izləyirdi.
Sadəcə bir yazı, Bəxtiyar Vahabzadə haqqında yazdığım "Yol ayrıcında görüş" adlı məqaləmdən sonra onun mənə ünvanladığı məktub nəinki içimdə kök atan "ucalıq qorxusunu", həmçinin ölkədə baş verən ictimai-siyasi proseslərin təsiri altında formalaşmış, zamanın bütləşdirdiyi toz basmış təsəvvürlərimi belə alt-üst etdi.
Bəxtiyar Vahabzadə bu məktubu yalnız mənə deyil, mənim timsalımda bütün Azərbaycan gənclərinə, onun onillər boyu apardığı İstiqlal mücadiləsini davam etdirəcək nəsillərə ünvanlamışdı:
"Əzizim Elçin,
İyulun 2-dək (2000-ci il) Şəkidə olduğuma görə Sənin "Üç nöqtə" qəzetində dərc olunan yazından xəbərim olmayıb. Qəzeti mənə bu gün göndəriblər. Sənin mənə verdiyin kitabındakı şerlərindən və bəzi yazılarından hansı fikir və duyğularla yaşadığını yaxşı bilir və bunları alqışlayıram. Əgər həmin dediyim duyğu və düşüncələrin olmasaydı sən sevilən qələm əhli ola bilməzdin. "Yol ayrıcında görüş" məqaləndə yazdıqlarının hamısı ilə şərikəm. Lakin necə bilirsən, bu gün mən həmin duyğu və fikirlərlə yaşamırammı? Həmən o üsyan, həmin o etiraz Sənin və Mənim yazılarımda (xüsusən son 5-6 ildə) öz əksini tapmırmı? Sən mənim son şeirlərimi, məqalələrimi və son 2 ildə çıxan "Bir ömür yuxu" və "Ağıl başqa, ürək başqa" kitablarımı oxumamısanmı? Son 2 ildə milli teatrımızda oynanılan "Özümüzü kəsən qılınc" və bir ay əvvəl premyerası olan "Cəzasız günah" pyeslərimə baxmamısansa günah kimdədir?
Yazırsan: "Eh ustad, qələmə nə var ki, indi barmaqlarını şəhid qanına batırıb imza atanlar da var". Amma bilmək istərdim: Barmağını şəhid qanına batırıb imza atan kimlərdir? Mən beləsini hələ tanımıram. Lakin "qələmə nə var ki" deməklə Sən, yəni qələmlə döyüşməyi inkarmı edirsən? Bəs onda adlarını fəxrlə çəkdiyin Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər? Qələm əhlinin tüfəngi, silahı qələmdir. Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik.
Qul bazarlarından söhbət açırsan. Haqlısan. Bu, bizim milli faciəmizdir. Lakin mənim qul bazarlarından bəhs edən eyni adlı şerimi oxumamısanmı? İndi neçə yerə bölünməyimizdən yazırsan, yenə haqlısan. Bəs bu mövzuda ürək ağrısı ilə yazdığım "Yolki belə gedir", "Qapılar", "Küsüblər", "Yalan bazarı", "Yalan hakim olub", "Güman qalıb Allaha", "Söz güləşməsi", "Dünyamız dəyişsin", "Səngər-masa", və s... onlarla şerlərimi oxumamısansa mən nə etməliyəm?
Məktubun (məqalə nəzərdə tutulur - red.) mənə, mənim yazılarıma, ümumən şəxsiyyətimə çox böyük hörmətlə yazılıb. Buna görə sənə minnətdaram. Amma məktubunda giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır. Çünki hər kəs öz içindəki yanğını görür və elə güman edir ki, bu yanğı, bu üsyan ancaq özünün içindədir, başqasında yoxdur. Mən qəzetlərdə cavan jurnalistlərin çox güclü yazılarını oxuyur və buna çox sevinirəm. Amma gəlin Siz də etiraf edin ki, yaşlı nəsli oxumur və günahı yaşlı qələm əhlində axtarırsınız. Bu da təbiidir. Uman yerdən küsərlər. Amma siz yalnız bir-birinizi oxuyursunuz. Nədənsə yaşlıları oxumaq istəmirsiniz. Soruşuram: "Sən Elçin, Anarın "Otel odası" əsərini oxumusanmı? Bu balaca povestdə o, millətin bu günkü durumunu çox böyük ustalıqla qələmə alıb. Amma gənclər oxumur və qəzəbini yaşlıların üstünə tökür.
Mənim gənc dostum, gəlin qəzəbimizi bir-birimizin üstünə tökməkdənsə əl-ələ verək, qəzəbimizi bizi bu kökə salanların üstünə tökək. Axı biz hamımız - qocalı, cavanlı eyni dərdlərin daşıyıcılarıyıq. Qocalar başlarını aşağı tikib öz yaradıcılıqları ilə məşğuldur. Gənclərsə qocaları ittihamla... Görün heç bir nəfər yaşlı qələm əhli bir cavan yazıçıya hücum çəkibmi? Amma cavanlar emosiyaya qapılıb yaşlıları sancmaqla məşğuldur. Mən səni nəzərdə tutmuram. Mənim haqqımdakı sancmalardan yəqin ki, xəbərin var. Niyə? Gənc jurnalistlər yanıma tez-tez gəlir və ilk sualları bu olur: Niyə susursunuz? Onda mən soruşuram: Sən mənim filan, filan əsərlərimi oxumusanmı? Filan pyesimə baxmısanmı? Deyir: - Yox! Onda mən onun sualına nə cavab verməliyəm?
Əzizim Elçin, yuxarıda yazdığım kimi, Sənin Mənə ünvanladığın məktub çox böyük ehtiramla yazılıb. Buna görə də mənim bu məktubumdan elə çıxmasın ki, yazdıqlarından incimişəm. Əksinə, mən sənin gözəl şerlərini oxuyandan sonra sən görünmədin... Uzun fasilədən sonra səni təsadüfən görəndə mən təkidlə dedim ki, bizə gəl görüşək. Fikrim səninlə - düşünən və yanan gənc şairlə dərdləşmək idi. Amma Sən buna ehtiyac duymadın. Mən də üçüncü dəfə görüşəndə sənin etinasızlığını üzünə vurmadım.
Məqalənə görə Sənə təşəkkür edir və bu zavallı millət üçün yanan ürəyini öpürəm.
Hörmətlə, Bəxtiyar Vahabzadə
17.07.2000".
...Bu məktubdan sonra dəfələrlə Ustadın məqamında oldum, saatlarla dərdləşdik, gözümün önündə illər boyu qapalı sandığım qapılar taybatay açıldı...
İndi onun cismani yoxluğunda nəinki bir fərd kimi, hətta nəhəng bir coğrafiyada dünyanın ədalətsiz düzəniylə mücadilə aparan bir Millət kimi nə qədər böyük bir itkiyə məruz qaldığımızı təsəvvür etməyə belə çətinlik çəkirəm. Hər şeyin ucuzlaşdığı, ən uca və müqəddəs saydığımız dəyərlərin bir göz qırpında yerlə bərabər olduğu, total cılızlaşmaya, mənəvi cırlaşmaya məruz qaldığımız bir zamanda Bəxtiyar Vahabzadə itkisinin düşünən insanlar üçün nə demək olduğunu şərh etməyə ehtiyac duymuram. Bu şeir Bəxtiyar müəllimə 1991-ci ildə, Sankt-Peterburqdan yazdığımı birinci məktubdandır:
Bir əli saçında, biri dizində,
Gözü özgələrin qalıb gözündə.
İsmarış gözləyən, əmr gözləyən,
Ay satıb, il satıb...
Ömür gözləyən.
Başının içində dar ağacları,
Azadlıq acları...
Çörək acları...
Alnında göz yaşı - alın təri yox,
Başçısı, sahibi, peyğəmbəri yox.
Başdaşı dilənən, qəbir dilənən,
Diz üstə Tanrıdan səbr dilənən
Millətin ölümü göz qabağında.
Bir az susmaq dərdi, anlamaq dərdi,
Bir az öz dərdinə ağlamaq dərdi.
Bir az iblis rəngi, bir azca Mələk,
Bir az İlahi Eşq, bir azca kələk...
Bir az sinə döyən, bir az baş yaran,
Bir az dağ uçuran, bir az daş yaran.
Gözü qəm dəryası, əli oynağan,
Dodağı yas tutan, dili oynağan
Millətin ölümü göz qabağında.
Bir əli sədaqət, bir əli cəllad,
Niyyəti - ədalət, əməli - cəllad.
Aydını kölədi, köləsi - aydın,
Gözü - tor, gözünün giləsi aydın
Millətin ölümü göz qabağında...
Bəxtiyar Vahabzadənin birinci məktubuma və bu məktubda yer alan şeirə cavabını, təəssüf ki, sizə təqdim edə bilməyəcəyəm. Köhnə iş yerlərimdən birində arxivimdən “çırpışdırıdığı” üçün istinad edə biləcəyim yazılı mənbə yoxdur. Yaddaşımda qalanları isə, təhrif edə biləcəyim qorxusundan yazmaq istəmədim.
Bu yazıda xarakterimə, üslubuma, təfəkkürümə yad olan və Bəxtiyar Vahabzadə ucalığına kölgə salacaq ifadələrə qətiyyən yol vermək istəməzdim. Məni narahat edən onun ölümü deyil. Gec-tez hamımız bu dünyadan köçəcəyik.
Mən sadəcə bu günkü durumumuzda, yaşadığımız milli-mənəvi faicələrimizin, hər dəqiqə uçuruma, qaranlıqlara doğru geriləyən idrakımızın fonunda bir daha Bəxtiyar Vahabzadələrin doğulmayacağından qorxuram...
Elçin Mirzəbəyli
17 fevraı 2009-cu il